Vətənpərvərlik ruhlu kliplərə ciddi fikir vermək lazımdır

Hazırda mühüm məsələlərdən biri də vətənpərvərlik mövzusunu incəsənətdə düzgün əks etdirməkdir. Məsələn, son günlər çəkilən milli ruhlu kliplərdə, layihələrdə  hərbi qaydaların pozulması, həmin çəkilişlərdəki kobud səhvlər ciddi müzakirələrə səbəb olur. Hər kəsin iradı birdir: hərbi geyimlərdəki qüsurlar, döyüş səhnələrindəki nöqsanlar yolverilməzdir. Nəzərə almaq lazımdır ki, düşmən uydurmalar, yalanlar  yaymaq üçün hər məqamdan faydalanır. Ona görə daha diqqətli olmalı, düşmənin dəyirmanına su tökməməliyik. 

Lakin təəssüflə qeyd edirik ki, şou-biznes əhlinin layihələri, klipləri həmin hərbi səhvlərlə doludur. Ən çox da formalarda, geyimlərdə onların naşılıqları özünü büruzə verir. Bütün bunlar təbii olaraq ictimaiyyətdə tənqid hədəfinə çevrilir. 

Bəs, belə halların qarşısını almaq üçün nə etməli? Həmin məşhurların milli mövzuda iş görməzdən əvvəl məsləhət alması daha düzgün olmazmı?

Məsələni “Sherg.az”a şərh edən Milli Qəhrəman, ehtiyatda olan polkovnik-leytenant Vahid Quliyev deyib ki, vətənpərvərliklə bağlı çəkilən kliplər təqdirəlayiqdir:

“Lakin onlarda hansısa səhvə yol verilibsə, ortaya çıxarılmaması məsləhətlidir. Ona görə klipləri çəkməzdən əvvəl hərbi mütəxəssislərə müraciət etsinlər. Onların tövsiyələrindən faydalansınlar. Beləliklə ciddi  səhvlər yaranmasın. İstər hərbi geyimi,  istərsə də səhnələri nəzərə alaraq ekspertlərlə danışmalıdırlar. Ondan sonra çəkiliş olmalıdır.

Çox güman ki, birinci dəfədir. Çoxdandır belə işləri olmayıb, yeni başlayıblar. Ona görə səhvlərə yol verilib. Yəqin ki, gələcəkdə həmin nöqsanlar aradan qaldırılacaq. Vətənpərvərlik mövzusunda yenidən işləri olacaq. O cümlədən gələcək işlərində belə problemlər yaşamayacaqlar. Onu da qeyd edim ki, həmin  səhvlərə yol verən məşhurlara xəbərdarlıq edilməlidir.

Eyni zamanda Mədəniyyət Nazirliyi və bu məsələlərlə məşğul olan insanlar onları  məlumatlandırmalıdır. Hazırlanan layihələr indiki dövrə uyğun olmalıdır.