Elnarə Abdullayeva: "Prezidentimizə, əsgərlərimizə güvənimiz tamdır"

“Sevincimizin həddi-hüdudu yoxdur. Allah özü kömək olsun. Dövlət başçımıza, ordumuza qüvvət, güc versin. Bu haqq savaşıdır, başımıza nə isə gələ bilər. Amma birdəfəlik qurtarsın. Otuz illik həsrətimizə son qoyulsun”.
Bu sözləri “Sherg.az”a açıqlamasında sevilən xanəndə, Əməkdar artist Elnarə Abdullayeva deyib. Ordumuzun zəfərlərindən dolayı fərəhləndiyini söyləyən sənətkar fikirlərinə bunları da əlavə edib: “Dədə Qorqud dastanında deyir xeyirli, salamat tonqallarımız yansın. Toylarımız, düyünlərimiz başlasın. Allah sevincimizi yarımçıq qoymasın. Hər gün bir yaxşı xəbər eşitməyə öyrənmişik. Ancaq müjdə gözləyirik. Bir tərəfdən də kədərimiz var. Əvvəllər iki gözümüz ağlayırdı. İndi biri ağlayır, biri gülür. Şəhidlərimizə görə üzülürük, torpaqlarımız işğaldan azad olunur deyə sevinirik. Allah o günü qismət eləsin, hər iki gözümüz gülsün. Hər şey yaxşı olacaq. Səmimi deyirəm Prezidentimizə, əsgərlərimizə güvənimiz tamdır.