“CNN Türk”ün müxbiri: “Ermənistan əsgərlərinin cəsədini belə aparmır”

Ermənistanın Gəncədə törətdiyi terror hadisəsindən reportaj hazırlayan və “Ölü körpənin əli əlimə dəydi” sözləri ilə tanınan “CNN Türk” müxbiri Fulya Öztürk cəbhəboyu rayonlarda çəkilişlərə davam edir. O Azərbaycanda baş verənləri Türkiyə mediasında layiqli şəkildə işıqlandırır.

Həmkarımız  dünən düşmənin raket hücumuna məruz qalmış Bərdəyə yollanıb.

“Sherg.az” xəbər verir ki, F.Öztürk qadın hərbiçilərimizlə fotosunu İnstaqram səhifəsində paylaşaraq bu sözləri yazıb:

“Hər gün bu torpaqlarda körpələr ölür, məsum insanların başına bomba atılır. Sabah mən də, biz də ölə bilərik. Ölüm bir neçə dəfə yan keçdi.  Nə acı ki, dünya susur, göz yumur. Sözdə haqq və hüquq mübarizəsi aparan ölkələr çıxıb bir kəlmə demir. Sözdə atəşkəs istəyənlər Ermənistana silah göndərir. Onların raketlərini yağdırır. Ermənistan  öz əsgərlərinin cəsədini belə aparmır, veclərinə deyil.

Həm insanları torpağından, evindən qopar 30 il işğal et, həm də utanmadan o insanların başına bomba yağdır. Qarabağ Azərbaycanın öz torpağıdır. Ermənistan terror dövlətidir və onun yanında olan, qətliama susan hər kəs qatildir.”

Jurnalist  sonda bir qeyd də əlavə edib:

“Burada hər kəsin mənə söylədiyi bir şey var: İnşallah Şuşada çəkiliş edərsiniz. İnşallah.”