İran “oyundan kənardır” ! – “Vasitəçiliyə haqqı çatmır, çünki..”

"...Rəsmi Tehran Ermənistana təbii qaz, ərzaq, yanacaq, hərbi texnika və başqa vasitələrlə yardımlar edib”

“Bütün bunları etməklə, təcavüzkarın yanında dayanmaqla etimadını itirib”  


İran xarici işlər nazirinin müavini Abbas Əraqçi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Bakı, Moskva, İrəvan və Ankaraya səfər edəcək. Bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə məlumat verib. O deyib ki, nazir müavinin səfəri İranın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təşəbbüsünü təbliğ etmək məqsədi daşıyır.

İranın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər zaman zidiyyətli mövqeyinin şahidi olmuşuq. Senytabrın 27-dən başlayan əməliyyatlar zamanı İran düşmən ölkəyə hərbi yardımlar edib. Bununla bağlı əsaslı faktlar, foto və videolar da yayılıb. İndiki məqamda isə İran münaqişənin həllində vasitəçilik niyyətini ifadə edir. 
Maraqlıdır, 30 ilə yaxındır, həlli düyünə düşən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair bir bəyanat verib, işğalçıya təzyiq göstərməyən rəsmi Tehran indi niyə canfəşanlıq edir?  

Sualmızı cavablandıran politoloq Sədrəddin Soltan “Sherg.az”a bildirib ki, cənub qonşumuzun Qarabağ münaqişəsinin həlli ilə bağlı fəaliyyəti artıq gecikmiş sayılır. Analitik qeyd edib ki, İran Ermənistana təbii qaz, ərzaq, yanacaq, hərbi texnika və başqa vasitələrlə yardımlar edib. Bütün bunları etməklə, təcavüzkarın yanında dayanmaqla Qarabağ münaqişəsinin həllində özünü oyundan kənar vəziyyətə saldı:

“İndiki məqamda İranın Ermənistana hərbi texnika göndərdiyinə dair çoxsaylı təkzibolunmaz faktlar var. Cənub qonşumuzun işğalçıya yanacaq göndərməsi ilə bağlı videolar yayıldı. Bütün bunlar onu deməyə əsas verdi ki, Ermənistanın döyüşçüləri İranın çörəyini yeyib, onların yanacağı ilə hərbi texnikasını sürüb, Azərbaycan torpaqlarını işğal edib. Bu, İrana qarşı Azərbaycan cəmiyyətinin etimadsızlığı və etibarsızlığını göstərən faktlardır”.

S.Soltan vurğulayıb ki, Azərbaycan xalqı İranın Dağlıq Qarabağ münaqişənin həllindən kənarda qalmasını istəyir:

“Rəsmi Tehran Azərbaycan Ordusunda hansısa terrorçuların döyüşdüyünü hətta prezident Həsən Ruhani səviyyəsində qeyd etdi. İran ötən bir ay ərzində Azərbaycan və Türkiyəyə nə qədər lazımdır iftira atıb və pisliklər edib. İşğalçıya bu qədər yardımlar etdikdən sonra İran rəsmisi Bakıya gəlib nə deyəcək? Uzağı bildirəcək ki, İran Azərbaycanın ərazi bütövlüyünü tanıyır, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmasını alqışlayır. Vəssalam. Bu açıqlamanı başqa ölkələr, hətta Fransa, Rusiya və Amerika da deyir. Amma bu vəziyyətdə İrandan gözlənilən nə idi? Ermənistana ərzaq, yanacaq və hərbi texnika göndərməmək. Lakin bütün bunların hamısını etdilər. İndi Abbas Əraqçi Bakı və o biri bölgələrə gedib nə danışacaq ki?”.

Politoloqun sözlərinə görə, İran sadəcə olaraq yola düşmüş qatara çatmaq üçün canfəşanlıq edir:

“Bu ölkə Qarabağ məsələsinin həllində vasitəçi kimi iştirak etmək hüququnu mənəvi cəhətdən itirib. Ona görə də A.Əraqçi Bakıya gəlib, qeyri-səmimi fikirlər səsləndirəcək. Rəsmi Tehran heç vaxt Ermənistanın humanitar atəşkəsi pozduğunu demir. Gəncə və Bərdə hadisəsi ilə bağlı bir dəfə də olsun kəskin münasibət bildirməyiblər. Əksinə ermənilər İranın çörəyini yeyib, azərbaycanlılara qarşı terror hadisəsi törədir”.