Kreml güzəştə getməlidir !- “Regionu itirmək təhlükəsi ilə üz-üzədir” – Vəziyyət dəyişib! 

“Rəsmi Moskva yaxşı bilir ki, Qafqazda gərginliyin artması onun öz sərhədlərində uduzması deməkdir”

“Rusiya ətraf rayonların qaytarılmasının və məsələnin mümkün qədər uzanmasının tərəfdarıdır”

“Çünki Dağlıq Qarabağın tamamilə azad olunması ilə Rusiyanın bölgədəki təsiri xeyli azalacaq”

“Azərbaycan isə torpaqların tamamilə işğaldan azad olunmasını istəyir”


Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Nazirlər Dağlıq Qarabağ münaqişəsi, Suriya və Liviya mövzusunda fikir mübadiləsi aparıblar. Maraqlıdır, Rusiya niyə belə təşvişə düşüb? Nədir, “qarnının ağrısı”? Nə üçün belə haray- həşir salır? Gah Putin Ərdoğana, gah da Lavrov Çavuşoğluna zəng edir. Xeyirdimi? 

Politoloq Əhməd Əlili bu məsələ, o cümlədən Rusiyanın narahatlığı ilə bağlı “Sherg.az”ın suallarını cavablandırıb:

- Rəsmi Moskva niyə belə əndişə keçirir?

- O, artıq başa düşür ki, Türkiyənin razılığı olmadan danışıqlar mümkün deyil. Hərçənd, indiyədək məsələni təkbaşına həll etməyə çalışırdı. Əvvəlcə, Moskvada görüşlər keçirilir, qərarlar qəbul edilirdi. Ardınca isə Paris və Vaşinqtonda həmin qərarların “dublikatı” çıxarılırdı. Amma indi vəziyyət dəyişib. Hazırda Kreml regionu itirmək təhlükəsi ilə üz-üzədir. Ya Amerikaya, ya da Türkiyəyə güzəştə getməlidir.

- Elə isə rəsmi Moskvanın istədiyi nədir?

- Azərbaycanın qətiyyətinin rəsmi Moskvanın mövqeyinə təhdid olduğu anlaşılır. Ona görə də Rusiya prosesdən minimum itkilərlə çıxmağa, yəni vəziyyəti olduğu kimi saxlamağa çalışır. Rəsmi Moskva yaxşı bilir ki, Qafqazda gərginliyin artması onun öz sərhədlərində uduzması deməkdir.

-Deməli, neytrallığının səbəbi budur?

- Vasitəçilərdən biri olan şimal qonşumuz Dağlıq Qarabağ münaqişəsini həll etmək istəyir. Beləliklə, Azərbaycanı özünə daha da yaxınlaşdırmaq niyyətindədir.

- Axı istəsə məsələ çoxdan həll olunardı...

- İş ondan ibarətdir ki, Rusiya konfliktin qismən həll olunmasını arzulayır. O, ətraf rayonların qaytarılmasının və məsələnin mümkün qədər uzanmasının tərəfdarıdır. Çünki Dağlıq Qarabağın tamamilə azad olunması ilə Rusiyanın bölgədəki təsiri xeyli azalacaq. Ümumiyyətlə, Azərbaycan isə torpaqların tamamilə işğaldan azad olunmasını istəyir. Axı belə uğurlu nəticə xaricdən asılılığın, az qala, sıfıra endirilməsi deməkdir.

- Sizcə, biz yenidən danışıqlar masasına qayıda bilərik?

- Əslində masadan qalxmamışıq. Öncə onu deyim ki, bölgədə çox gərgin situasiya var. Azərbaycanın qəti mövqeyi ilə regiondakı ölkələr, o cümlədən İran nə edəcəyini bilmir. Sadəcə kənardan tamaşa edir. Azərbaycan isə öz işini görür. Rusiyanın istədiyi Laçın alınandan sonra əməliyyatların dayandırılmasıdır. Biz buna gedə bilərik. 

Bir şərtlə ki, diplomatik cəhdlərin nəticə verəcəyinə əmin olaq. Əslində biz də qan tökülməsinin və məsələnin uzanmasının tərəfdarı deyilik. Konfliktin diplomatik yolla həlli varsa, niyə silaha əl ataq? Amma prezident, Ali Baş Komandan İlham Əliyevin də dediyi kimi, gərək Azərbaycana konkret qrafik verilsin. Onu da deyim ki, Cenevrədəki danışıqlar bu nöqteyi-nəzərdən bizim maraqlarımıza uyğundur.

- Niyə belə düşünürsünüz?

- Ermənistanın arzuladığı yalnız atəşkəs elan olunduqdan sonra diplomatik danışıqlara  başlanılmasıdır. Yəni, əvvəlcə, atışmalar dayanmalıdır. Biz isə deyirik ki, hərbi əməliyyatlar davam edə-edə həm də danışıqlar aparaq. Nəticəsi olarsa, lap gözəl. Olmazsa, əks-hücumlarımızı davam etdirərik. Bu mənada həm Vaşinqtonda keçirilmiş, həm də Cenevrədə baş tutacaq görüş daha çox Azərbaycanın maraqlarına uyğundur.