Birinci Dünya savaşının bilinməyənləri...

65 milyon əsgər qatıldı, 10 milyonu həyatını itirdi

Tarixi dəyişdirən Birinci Dünya müharibəsi bir çox yenilik və hadisələrə səhnə oldu. 
"Sherg.az" xarici mətbuata istinadən xəbər verir ki, Birinci Dünya müharibəsinin  bir çox bilinməyən tərəfləri var. Ən əsası bu müharibədən sonra texnologiya və tibbin inkişaf etdiyi bir dövrdə dövlətlərin quruluşu tamamilə dəyişdi. Bildiyimiz kimi, dörd il davam edən Birinci Dünya müharibəsi zamanı 65 milyon əsgər xidmət etdi. Onlardan 10 milyonu həyatını itirdi.

Bunlardan 6 milyonu Osmanlı və onların müttəfiqlərinin əsgərləri olduğu halda, 4 milyonu Antanta dövlətlərinin idi. Bu müharibə tarixdə ilklərə də imza atdı. Məsələn, alman əsgərləri döyüş meydanında ilk dəfə alov maşınlarından istifadə etdilər. 40 metrə qədər təsirli olan bu maşınlar o dövrdə ən qorxunc  silahlardan biri hesab olunurdu. Bu müharibədə tank da hərb həyatına girdi. Sonrakı illərdə böyük proseslərə şahid olan tank texnologiyasının atası "Kiçik Villi" adlı tank idi. O, üç nəfərlik bir qrup tərəfindən idarə olunurdu və 4.8 km/ saat sürətlə gedə bilirdi. Birinci Dünya müharibəsinin ən çox yadda qalan və danışılan adlarından biri Mata Hari idi. Hollandiyalı bir rəqqas olan Mata Hari fransızlar tərəfindən agent adlandırılaraq edam edilib. Lakin o, edam olunana qədər casus olmadığını bildirirdi. Daha bir maraqlı hadisə isə bu gün Belçika olan Barış Hovuzu adlı gölməçənin adı ilə bağlıdır. Bu gölməçənin əslində Birinci Dünya müharibəsində meydana gəldiyi qeyd olunur. Deyilənə görə, həmin gölməçə 1917-ci ildə ingilislər tərəfindən 45 ton partlayıcı maddə olan minanın partlatmasından sonra 12 metr dərinliyindəki kraterin suyla dolması  nəticəsində əmələ gəlib. Hətta bu müharibə zamanı ABŞ-ın Almaniyaya qarşı nifrəti o qədər böyük olub ki, amerikalılar alman kitablarını yandırır, onların çoban köpəklərini öldürürdülər. Hətta amerikalılar bununla kifayətlənməyərək alman əsilli insanları da qətlə yetirirdilər. 

Həmin illərin ən dəhşətli bəlası İspan qripi idi. Əldə olunan faktlara əsasən demək olar ki, bu qripdən ölənlərin sayı müharibə zamanı həyatını itirənlərin üçdə birinin ölüm səbəbi idi. Ən əsası bu müharibədə ən böyük orduya Rusiya sahib idi. Rusiya tərəfindən cəlb olunan 12 milyon insandan dörddə üçü öldü, yaralandı və ya itkin düşdü. Müharibədən sonra dörd böyük imperiya sona çatdı. Məlum olduğu kimi, ilk kimyəvi qazı almanlar deyil, fransızlar istifadə etdi. 1914-cü ilin avqust ayında ilk gözyaşardıcı qaz (ksilil bromür) alman səngərlərinə atıldı. Bu gün də istifadə olunan bir deyim olan "it döyüşü" Birinci Dünya müharibəsi dövründə meydana gəlib. Belə ki, kəskin manevr etmək istəyən pilotlar havadakı mühərriklərini söndürürdülər, daha sonra mühərrik yenidən işə salındıqdan sonra it hürən bir səs çıxardı. Bu da vaxt keçdikcə, təyyarə müharibələrində it davası termininin ortaya çıxmasına səbəb oldu.