"Ürəyimdə səksəkə vardı ki, birdən Şuşanı qaytarmarıq"

Nazim Sabiroğlu: "Amma Prezidentin sözü mənə qanad verdi, ürəyimə su səpdi"

"Ağzı dualıların duası qəbul olundu, işğal altındakı bütün torpaqlarımıza qayıdırıq, Şuşaya da"

Çünki, bilirsiz, mərhələli həll planı vardı, əvvəlcə 5 rayon, sonra 2 rayon, sonra Dağlıq Qarabağın statusu, yüksək muxtariyyət... 


İyin ayı idi. Şuşanın 270 illiyinin keçirilməsi mövzusu gündəmə gəlmişdi. Müxtəlif fikirlər, mülahizələr... Danışırdıq, yazırdıq. Şuşa niskili ilə. Şuşanı itirəndən özümüzü belə “mənasız” məsələlərlə o qədər ovutmuşuq... İyun ayında da növbəti “ovutma” mərhələsi idi. Və təbii, qarşıda bizi nələr gözlədiyindən xəbərsizdik. Nazim Sabiroğluna zəng etdim. İşimiz belədi; media gündəmi zəbt edən mövzunu tarixiləşdirməlidi. Nazim Sabiroğlu şuşalıdı. “Yeni Müsavat” qəzetinin redaktorudu.

Rəy bildirməsini istədim. Fikrini açıqladı. Söylədiklərini təkrar qeyd edəcəm. Öncə Nazimin özü barədə deyim. İnanın, Nazim Sabiroğlu ehtiyatla müraciət etdiyim az sayda insanlardandı. Niyə? Şuşalıdı, ona görə. Tək Nazim Sabiroğlu yox, ümumiyyətlə, şuşalılarla danışmağa, onlardan nəsə soruşmağa ehtiyat etmişəm həmişə. Bilmirəm, nədəndi, mənə elə gəlir ki, şuşalılar hamımızdan daha çox yaralıdılar. Hamımızdan daha çox küskündülər. Hamımızdan daha çox qəzəblidilər. Şuşanı itiriblər axı!.. Bu sözün hətta deyilişinə belə mən dözə bilmirəm. Onlar necə dözsün?! Şuşa səması altında yaşamaq yəqin tamam başqa bir hissdir. Onu şuşalılar bilər. Həmin iyun günündə Nazim bəyə dedim ki, sanki bütün Qarabağın dərdini, siz şuşalılar çəkirsiniz (bəlkə yadında qalıb), sanki Qarabağın işğalına görə siz şuşalılar özünüzü daha çox günahkar bilirsiniz. Mən şuşalı “axtarıram”, “tapmıram”. Hamının əvəzinə siz utanırsınız elə bil. Şuşanı – Qarabağı əldən verdiyimizə (!) görə. Şuşalıları heç danışan görmədim. Dərdinizi də içinizə çəkmisiniz, itirdiyiniz Şuşanı hamıdan gizləyib ürəyinizə gömmüsünüz elə bil... Mən danışırdım, onun xəttin o biri başından nəfəsinin səsini eşidirdim... Kədərli, qəmli, hüznlü. Peşman. Narahat və nigaran.           
    
Və bunları dedi:  

- ...Bakıda Şuşanın yubileyinin keçirilməsi “Şuşa” kafesi, “Şuşa” restoranı açmağa bərabərdi. Özü də biz Şuşanın 270 illik yubileyini yox, simvolik olaraq 1 yaşdan başlamalıyıq. Ki, Şuşanın tarixi “indi başlayır”. Gündəmdə saxlayaq, amma şüarlarla yox. Biz şüarçılıqdan da qurtulmalıyıq, virtual tanıtım, tanışlıqdan da. “Şuşaya səyahət” adlı video-çarx hazırlanıb. Mən onu izləmişəm və bir şuşalı kimi o film mənə cizgi filmi təsiri bağışlayıb. Elə insanlar var Şuşanı heç vaxt görməyiblər, amma yuxularında görürlər, mənim qədər, bəlkə məndən də artıq sevirlər Şuşanı. Bəlkə onlar üçün belə filmlər maraqlıdı. Amma bir şuşalı üçün – Şuşa torpağında doğulmuş, addımlamış, hər daşını, hər cığırını tanıyan şuşalı üçün belə video-çarxlar əhəmiyyət daşımır. Şuşanın əlimizdə 1-2 fotosundan başqa nə var? Qala divarının üzərindəki “Şuşa” yazısı, Gövhər ağa məscidinin fotosu... Şuşa təkcə o deyil... Bu görüntülərlə, fotolarla, Şuşaya virtual səyahətlərlə qurtarmalıyıq. Gücümüz yetirsə, Şuşaya qayıtmalıyıq, ya da... Qələbəmizin açarı Şuşadır. Şuşa Qarabağın açarıdı. Bir Şuşanı azad etmək yetərlidi ki, bütün Qarabağ azad olsun. 

O gün gəldi, Nazim bəy! Torpaqlarımız işğaldan azad edilir. Siz də yazmısınız; “Şuşaya lap az qaldı”. İndi necəsiniz? Birinci dəfə idi ki, bir şuşalıya ürəklə telefon edirdim. Arxayındım. Səsinin tonu mütləq dəyişib. Yanılmadım da. Nazim Sabiroğlu şad xəbər alanda qırışığı açılmış adamlar kimi idi. Səsi guruldayırdı: 

- Sentyabrın 27-dən bəri başqa həyat yaşayırıq hamımız. Bütün Azərbaycan. Bütün xalqımız. Şuşalılar, bütün qarabağlılar! Bu, başqa bir tarixdir. Azərbaycan ordusu tarix yazır. Şərəfli bir tarix. Bir sentyabrın 27-dək olan Azərbaycan, bir də var sentyabrın 27-dən sonrakı Azərbaycan. Sentyabrın 27-dən sonrakı Azərbaycanda yaşamaq necə də xoşdur!.. Psixoloji cəhətdən çox çətindi. Hər gün qələbə xəbərləri gözləyirəm. Çox adam deyir, sanki yuxudayıq. Mən də elə hiss edirəm. Bu, nəsə möcüzədi!.. İllərlə fikirləşirdim ki, daha o torpaqlara gedə bilməyəcəyik. Uşaqlar böyüyəcək, bizim kimi ürəkləri atlanmayacaq o torpaqlardan ötrü. Bilməyəcəklər Şuşa necədi, bilməyəcəklər niyə yanırıq Şuşadan ötrü... Amma şükür Allaha. Ali Baş Komandanımızın əmri ilə indi torpaqlarımız işğaldan azad olur. İstəyirik müharibə tez qurtarsın, tez qayıdaq o torpaqlara, evimizə. Həm də qələbə xəbərlərinin bitməsini istəmirik. Bu xəbərlər bizi millət olaraq başqalaşdırıb. Biz tamam dəyişib başqa bir millət olmuşuq. Qürurlu, qalib, basılmaz millət olmuşuq. Bu hisslər xalqı əzəmətli edib. Mübariz edib. Sarsılmaz edib. 

- Siz də Şuşa xəbərini gözləyirsiniz. Əlbəttə, şübhəsiz Vətən, Vətəndi...  

- Əlbəttə, mənim üçün, sizin üçün Vətənin hər qarışı Vətəndi. İşğal altındakı rayonlarmız azad edildikcə, gözümdən yaş axır. "Zəngilan işğaldan azad olundu" xəbəri veriləndə gözlərimdən yaş axdı... 

- Bilirəm, Nazim bəy. Rəhmətlik Zabil Müqabiloğluna ithaf etdiyiniz yazınızı oxudum... 

- Hə, yazmışam... 

- Sonda yazırsınız ki, “eşidirsən?”, sonra da “bilirəm...”  Bu hesabla Şuşa alınanda nə qədər adamı haraylamalı olacaqsınız... 
- Elədi... İndiyədək də məndən soruşurdular ki, Şuşa necədi? Bəlkə yuxularında məndən də çox görənlər var Şuşanı. Mən onsuz da hər axşam Şuşaya gedirəm. İçimdə həyəcan qarışıq hisslər var. İşğal altındakı torpaqlarımız bir-bir azad olunur. Deyirəm, görəsən, Şuşanın xəbərini necə alacam? Necə deyiləcək. “Şuşa işğaldan azad olundu! Şuşa bizimdi!” ?.. Bilirəm evimiz yanıb. Biz Şuşadan çıxanda evimiz yanmışdı artıq. Amma mən evimizlə görüşümüzü gözümün önünə gətirməyə çalışıram. Plan qururuq indi. Necə tikəcəyik evimizi, harda... Şuşadan çıxanda ailəmiz 5 nəfər idi. İndi, maşallah, 12-15 nəfərə çatmışıq. O gün taksi sürücüsü soruşdu ki, hardansan? Dedim, Şuşadan. Öz-özümə düşündüm ki, əgər mənə sual versələr ki, Şuşaya qayıtmaq sənini üçün nədi, nə cavab verərəm? Yəqin belə cavab verərəm; Şuşaya qayıtmaq yenidən doğulmaq kimidi. 18 yaşına kimi Şuşada olmuşam. İstədiyim kimi sevə bilməmişəm, Şuşanın dumanını, çənini, ətrini istədiyim kimi duymamışam... 

- Nazim bəy, nə qədər acı olsa da, insan itkiylə üzləşəndə itirdiyinin qədrini bilir. Bu, heç də o demək deyil ki, biz Vətənimizi sevmirdik, onu itirəndə qədrini bildik. - Əlbəttə, elə deyil. 

Siz də 18 yaşında Şuşadan çıxmısınız. 18 yaşlı gənc Vətən sevgisini yaşına uyğun qavrayır. Şuşada yaşayırdınız və necə düşünə bilərdiniz ki, bir gün Şuşa düşmən əlinə keçə bilər və siz o şəhəri tərk etmək məcburiyyətində qalacaqsınız... 

- Adamlar var, hansısa başqa  ölkədə, başqa şəhərlərdə doğulurlar, böyüyürlər, Vətənlərini unutmurlar. Amma bizi Şuşadan çıxartdılar, biz Şuşanı itirdik. Yarımcan deyirlər e, eləydik. Hər şeyin var, yaşayırsan, həyatın davam edir, amma yarımcansan. Biz eləydik. Necə ola bilər, düşmən gəlsin sənin şəhərində yallı getsin?!. Dünyanın çarxı bir gün dönəcəkdi. Şuşa Qarabağın rəmzidi. Simvoldu. Ermənilər Şuşaya buna görə can atırdılar. Şuşanı aldılarsa, deməli, Qarabağ işğal olundu. Bizim üçün də Şuşa qələbəmizin rəmzidi. Müharibə Şuşanın azadlığı ilə sona çatacaq. Şuşa müharibənin də sonudur, işğal faktının da. Cənab Prezident dedi ki, Şuşasız bizim işimiz yarımçıq olar. Prezidentin bu sözü mənə qanad verdi. Ürəyimə su səpdi ki, Şuşa mütləq alınacaq. Çünki, bilirsiz, mərhələli həll planı vardı, əvvəlcə 5 rayon, sonra 2 rayon, sonra Dağlıq Qarabağın statusu, yüksək muxtariyyət... Ürəyimdə səksəkə vardı ki, birdən Şuşanı qaytarmarıq. Amma Prezident qəti şəkildə sözünü deyəndən sonra arxayınlaşdım. Şuşaya qayıdacağıma qəti inandım. Şuşa təkcə müharibənin sonu yox, qələbənin də sonu – son vurğusu olacaq. Nida işarəsi Şuşada qoyulacaq! 

- Ötən dəfə sizə zəng edəndə kefsiz danışırdınız, kədərli idiniz... 

- Şuşasız adam necə olmalıdı ki! Redaksiyamızın əməkdaşları müxtəlif bölgələrdəndi. Köçkün, qaçqın olanları da var. İndi torpaqlarımız işğaldan azad edildikcə, onlara baxıram və deyirəm, sağ əliniz mənim başıma. Siz daha köçkün deyilsiniz. Tək onlar yox, bütün Azərbaycan xalqının üzərindən “qaçqın, köçkün” damğası götürüldü. Bu ləkə təmizləndi. Allah bizə bu günləri görməyi, xalqımızın qürururun necə özünə qayıtdığına şahidlik etməyi nəsib etdi.  

- Bəlkə belə deyək – xalqımız işğal əsarətindən qurtardı. Torpaqlarımız işğal altındaydı, özümüz də əsarətdəydik. Torpaqlar azad olunur, biz də - bütün xalq əsarətdən qurtarır. Nazim bəy, şəhərdəki ab-hava da buna misaldı. Şəhərimiz də gözəlləşib, bayraqlarla. İnsanlar da əvvəlkindən daha mehriban olub... 

- Azərbaycan xalqının toparlanması üçün qələbə lazım idi. Xalq qələbəyə tamarzıydı. İndi gücümüzü göstərdik. Qələbə belədi. Ürəyin qırılmış tellərini birləşdirir. Bu, 21-ci əsrdə millətin özünə qayıdışıdı. Necə ki, 20-ci əsrin sonlarında – 90-cı illərdə millət özünə qayıtdı, indi də elədir. Qələbə xalqımızı birləşdirdi, sanki çalxalanıb ayağa qalxdı, başını dikəltdi. 

- Bayaq dediniz ki, Zəngilanın azad olunması xəbəri veriləndə gözlərinizdən yaş axdı. Şuşanın xəbərini alanda necə olacaqsınız? Özünüzü bu xəbərə kökləyin, Allah eləməmiş, ürəyiniz dözməz... 

(Hiss edirdim ki, ürəyi atlanır, sanki Şuşaya gediş başlayıb, o isə gecikə bilər, tələsir M.R.)

- Bir bu həyəcanı yenə bilsəm!.. Öz-özümə təlqin etməyə çalışıram; 100-ə dözən, 101-ə də dözər. Səbr elə, Şuşanın da xəbərini alacaqsan. Soruşurlar, Şuşaya necə gedəcəksən? Yolları bilmirlər axı. Hələ bundan sonra Şuşaya nə qədər insan gedəcək. Deyəsən, bizə heç yer qalmayacaq... 

- Elə şey olar? Siz Şuşalısız, eviniz ordadı. Yansa da, yerini bilirsiniz... Hansı tərəfdəydi eviniz? 

-  Şuşanın əsas meydanından, Gövhər ağa məscidindən 500 metr aşağıda. Evimiz yanıb deyə, videolarda yoxdu, amma bağımız görünür. 
- Dediniz Şuşadan çıxanda 5 nəfər idiniz. İndi 15-ə çatmısınız. Bunun özü gözəl bir gələcək deməkdi. Elə hesab edin ki, dağdan enmişdiniz, indi köç geri qayıdır, həm də daha böyük dəstə ilə.   

- Hə, elədi. Evimizi böyük tikməli olacağıq.

- Nazim bəy, siz də səbirsizlənirsiniz, Şuşaya niyə gedib çatmırıq deyə?

- Yox. Səbirsizlənənlər Şuşanı tanımayanlardı. Onlar bilmir Şuşaya hansı yollarla gedilir. Mən bilirəm. Biz adətən Şuşa-Ağdam yolu ilə gedib gəlirdik. Dağlıq Qarabağın içərilərinə çox da getməzdik. Amma Şuşa yolunu bilirəm. Xocalı var, Əskəran var, sonra Xankəndi, sonra Şuşa. Uşaqlara da deyirəm ki, Prezident bizim hamımızdan yaxşı bilir xəritəni. Hara nə zaman gediləcəyini də.  

- Zabil Müqabiloğluna ithaf etdiyiniz yazıda onunla söhbətləriniz zamanı “gəl sayaq sizin nə qədər tanınımış şəxsiyyətiniz var, Şuşanın nə qədər” deyirmişsiniz və tərəzinin Şuşa gözü ağır gəlirmiş... Amma mənim üçün Şuşa Ramiz Qəmbərovdu! Şuşa batalyonunun şəhid komandiri, Azərbaycanın Milli Qəhrəmanı... Çox-çox üzr istəyirəm, Üzeyir bəydən, Yusif Vəzir Çəmənzəminlidən, Nəcəf bəydən, Firudin bəy Köçərlidən... Şuşa deyiləndə Ramiz Qəmbərov durur qarşımda... (Etiraf edim ki, bu sözləri çox çətinliklə dilə gətirdim. Onsuz da bayaqdan Şuşa söhbəti məni məndən almışdı. Ramiz Qəmbərovu xatırlamaqsa  xatırlamamaq qədər ağır idi. Nazim bəyin də üzünü görməyə-görməyə, səsindən eyni halda olduğunu bildim - M.R.) 

- Ramiz Qəmbərov başqadı... (Dedi və susdu)  ...Mən onun o saqqallı, gödəkçəsinin boyunluğu azca qaldırılmış, üzündəki yorğunluq, hətta səsindəki əzabın əks olunduğu o şəkildəki kimi xatırlayıram. O şəkil Şuşanın şəklidi mənim üçün... Şuşanın o zamankı duruşu var o şəkildə 

– Ramiz bəyin anası ilə görüşmüşdüm illər öncə. Yasamaldakı yataqxanada yaşayırdı. O zaman da həmin şəklə baxa-baxa qalmışdım... 

- Hə, anası bir neçə il əvvəl rəhmətə getdi... Həmişə düşünmüşəm ki, Ramiz ölməsəydi, Şuşa alınmayacaqdı! Ramizin ölümü ilə Şuşanın “ölümü” arasında bircə həftə oldu. Aprelin 29-u 1992-ci il Ramiz vuruldu, aprelin 30-u şəhidliyə yüksəldi, mayın 8-i Şuşa... 

- Siz Allah, Nazim bəy. Elə deməyin. Artıq bizi gözəl günlər gözləyir. Özünüz də dediniz. Və buna qəti inanırsınız. Bu da bizim xalqın alın yazısıydı. Heç kim alın yazısından qaça bilməz. Ramiz Qəmbərov kimi oğullarımız o qədərdi! 

- Əlbəttə. Vətənə canını fəda edənlərimiz həmişə olub, var və olacaq da. Azərbaycan xalqı qığılcımdan od alışan kimi yenidən doğulur. Ağzı dualıların duası qəbul olundu. İşğal altındakı bütün torpaqlarımıza qayıdırıq. Şuşaya da. İnşallah, bir gün siz də Şuşaya gələrsiniz. 
- İnşallah!..