Hikmət Hacıyev: “Azərbaycan Ordusu hərbi obyektlərin neytrallaşdırılmasında dəqiqdir”


“Human Rights Watch” və “Amnesty International” iddia edir ki, guya Azərbaycan Silahlı Qüvvələri Xankəndində mülki şəxsləri hədəf alıb. Bir daha təkrar edirəm ki, Azərbaycan Ordusu xüsusilə hədəflərin seçilməsində və hərbi obyektlərin neytrallaşdırılmasında dəqiqdir. Hər kəs görür ki, bu məqsədlə Ordumuz müasir dron texnologiyasından və dəqiqliklə idarə olunan sursatlardan istifadə edir. Hətta bəzi ekspertlər bunu hərbidə inqilab adlandırır”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bərdədə diplomatik korpusun və xarici media nümayəndələrinin iştirakı ilə keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, bütün bunlar ekspertlər tərəfindən öyrəniləcək: “Biz dəqiqliklə idarə olunan sursatlardan istifadə edərək maksimum dərəcədə mülki əhaliyə qarşı zərbə vurmaqdan qaçırıq. Xankəndi ilə bağlı vurğulamaq istəyirəm ki Azərbaycan heç bir halda məqsədli şəkildə hücum etməyib. Orada düşmənin atəş nöqtələri, hərbi bazası var ki, oradan Azərbaycan mülki əhalisinə qarşı hücumlar edilir. Xüsusilə də Tərtər regionuna. Biz Ermənistan tərəfinə ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi vasitəsilə oktyabrın əvvəllərində müraciət etmişik ki, bunu dayandırsın. Müharibə müharibədir, lakin mülki əhali belə hücumların hədəfi olmamalıdır. Lakin onlar bunu etməkdən vaz keçmədilər. Biz özünümüdafiə hüququndan çıxış edərək onların hərbi obyektlərini neytrallaşdırmaq hüququnu özümüzdə saxlayırıq. Belə olan halda onlar öz hərbi sistemlərini mülki əhalinin yaşadığı ərazilərə yerləşdirirlər. “Human Rights Watch” və “Amnesty International”un nümayəndələri Azərbaycanın işğal olunmuş ərazilərində olublar. Biz onların hesabatlarını obyektiv hesab etmirik. Biz onları dəvət etmişik və onlarla ətraflı müzakirələrin aparılmasını gözləyirik”.