“Ermənistanın Bərdəni atəşə tutması hərbi cinayətdir” - Məsuliyyətə cəlb edilməlidir!

Ermənistan ordusu Bərdədə mülki şəxslərə “Smerç” qurğusundan kasetli raketlərlə hücum edib. Bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “Twitter” hesabında bildirib: “Mülki insanlara qarşı kasetli raketlərin istifadəsi qadağandır. İki yaşlı körpə qız da daxil olmaqla, 4 mülki şəxs həlak olub, 13 mülki şəxs yaralanıb. Kasetli raketdən istifadə olunduğu üçün itki çoxdur”.

 “Smerç” raketlərinin dinc əhaliyə qarşı istifadəsi beynəlxalq qanunla qadağan edilib. Buna baxmayaraq Ermənistan rəhbərliyi Cenevrə konvensiyasını və digər beynəlxalq qaydaları heçə sayır. Bəs düşmən ölkənin mülki əhalimizi qadağan edilmiş raketlərlə atəşə tutmasının beynəxalq hüquqla cəzası nədir?


Sualımızı cavablandıran hərbi ekspert Ramil Məmmədli “Sherg.az”a bildirib ki, dinc əhaliyə qarşı istənilən silahdan istifadə edilməsi cinayət əməlidir. Ekspert qeyd edib ki, “Smerç” qurğulu kasetli raketlərin başlığı canlı qüvvəni dərhal məhv edir:

“Əvvələr döyüş zamanı bu qurğulardan istifadə olunub, daha sonra isə qadağan edilib. Hətta dünyanın 100-dən artıq ölkəsi bu raketlərdən istifadə edilməməsinə dair sənəd imzalayıblar. Bununla bağlı konvensiya da var. Dünyada 2 hüquq mövcuddur: Haaqa və Cenevrə hüququ. Cenevrə mülki, Haaqa isə hərbi hüquq hesab edilir. Ermənistanın Bərdəni atəşə tutması birmənalı olaraq hərbi cinayətdir. Ümumiyyətlə, dinc əhaliyə qarşı istər ağır kasetli bomba və ya yandırıcı bomba atılması beynəlxalq qanuna ziddir”.

R.Məmmədli vurğulayıb ki, “Smerç” qurğulu raket 1987-ci ildə SSRİ Silahlı qüvvələrinin silahlanması üçün istifadə edilib:

“Bu raketlər birbaşa olaraq düşdüyü ərazini yandırır. Hədəfə çatma məsafəsi 90 və daha artıq kilometrdir. İndiki zamanda “Smerç” raketlərin modernləşmiş variantları da bir qədər artıb. Bu raket canlı qüvvə üçün güclü nüvə silahı və atom bombasından sonra ən təhlükəli silahlardan hesab olunur. Buna baxmayaraq, Ermənistan dinc sakinlərimizə qarşı belə silahlardan istifadə edir. Ermənistan rəhbərliyi həm mülki, həm Cenevrə hüququ ilə cinayət məsuliyyətinə cəlb edilməlidir”.