Koronavirusun müalicəsi üçün xüsusi bir resept yoxdur

Müalicə zamanı səhvlərdən biri ehtiyac olmadığı halda xəstələrə antibiotik istifadə olunmasıdır

COVİD-19 xəstəliyi yüksək hərarət, öskürək kimi əlamətlə başlayıb pnevmoniya və çoxlu orqan çatışmazlığına səbəb olur. Başağrısı, epilepsiya, şüur dəyişkənliyi kimi əlamətlər də bura daxildir".

Bu sözləri həkim Aygül Əliyeva deyib. İnfeksionist xatırladıb ki, hazırda, COVİD-19 üçün təhlükəsiz və effektiv olduğu sübut edilmiş xüsusi bir müalicə üsulu yoxdur: "Müalicəyə başlama qərarı xəstənin yaşı, klinik vəziyyəti, yanaşı xəstəlikləri və istifadə olunan dərmanların qarşılıqlı təsiri baxımından dəyərləndirildikdən sonra verilir. COVID-19 xəstəliyinin müalicəsində edilən səhvlərdən biri ehtiyac olmadığı halda xəstələrə antibiotik istifadə olunmasıdır. Bildiyimiz kimi COVID-19 virus infeksiyasıdır, müalicəsində antiviral dediyimiz dərmanlar istifadə olunmalıdır. Virusların müalicəsində antibiotiklərin heç bir təsiri yoxdur. Antibiotiklər tamamən bakteriyaları hədəf alan dərman qrupudur. Amma COVID-19 xəstələrində sonradan bakterial bir infeksiya ilə yoluxma olduğu zaman antibiotik əlavə olunmalıdır. Əks təqdirdə göstəriş olmadan antibiotik istifadəsi orqanizmdə başqa ağırlaşmalara səbəb ola bilər”.