Ermənistanın bütün təxribatları nəticəsiz qalacaq

Azərbaycan Ordusu qısa zamanda tam olaraq işğal altında olan torpaqlarını azad edəcək

"Azərbaycan Ordusunun rəşadəti, yüksək döyüş ruhu, ardıcıl qazandığı qələbələr artıq Ermənistan cəmiyyətində, hərbi qüvvələr arasında təşvişə, qorxuya səbəb olub. Son günlərdə düşmənin canlı hərbi qüvvələr arasında ciddi itkilərin olması ordu rəhbərliyində, şəxsi heyət arasında ciddi özbaşınalığa, ruh düşkünlüyünə, döyüşdən imtina, fərarilik hallarına yol açıb. Bir çox hallarda isə erməni hərbiçiləri real məğlubiyyətlərini dərk edərək döyüşməyin mənasız olduğunu anlayır və icazəsiz döyüş postlarını tərk edirlər".  

Bu sözləri "Şərq"ə açıqlamasında politoloq Ramid Hüseynov deyib. Politoloq vurğulayıb ki, Ermənistanın hərbi-siyasi rəhbərliyinin xalqı tam olaraq səfərbər olmağa çağırmasına, zor və hədələrlə vətəndaşları döyüşməyə məcbur etməsinə baxmayaraq cəmiyyətin etirazı çoxalmaqdadır:

"Könüllülər və düşmən ordu bölmələrinin şəxsi heyəti arasında mübahisələr, bir-birinə qarşı silah tətbiq etmək, döyüşə girməkdən imtina, əmr olmadan mövqelərdən geri çəkilmə kimi hallar baş alıb. Bu hal onu deməyə əsas verir ki, düşmən hərbiçiləri yaxşı anlayır ki, işğal etdikləri və mübarizə apardıqları torpaqlar Azərbaycanın qanunu, əzəli əraziləridir. 

Onların müharibədən imtina etməkləri şəxsi heyət daxilində mənəvi-psixoloji durumun heç də yaxşı olmadığını göstərir. Ermənistanın hərbi-siyasi rəhbərliyi də yaxşı anlayır ki, Azərbaycan Ordusu qısa zamanda tam olaraq işğal altında olan torpaqlarını azad edəcək.

Bunun qarşısını almaq üçün Ermənistanın hər cür təxribatçı, terrorçu fəaliyyətinə, azərbaycanlılara qarşı soyqırım aktlarını törətməsinə baxmayaraq xalqımız öz suverenliyi, azadlığı uğrunda mübarizə aparmaq əzmindədir. 

Artıq Ermənistan üçün məğlubiyyət qaçılmazdır. Beynəlxalq güclərin, ən yaxın müttəfiqlərinin dəstəyini itirməklə siyasi, o cümlədən də hərbi müstəvidə ciddi məğlubiyyətə uğraması ilə barışmayan Paşinyanın dirəniş göstərmədə israrlı görünməsi nəinki hərbi sahədə, hətta ölkənin iqtisadi-siyasi sahəsində mövcud böhranının dərinləşməsinə,  sosial problemlərin, yoxsulluğun genişlənməsinə təkan verəcək. Bu vəziyyət nəinki Dağlıq Qarabağın itirilməsinə, hətta Ermənistanın iqtisadi-siyasi cəhətdən məhvinə və süqutuna yol açacaq".