İranın "həll variantı"nın həll yolu yoxdur

"Tehran son proseslərdən sonra Azərbaycandakı tərəfdarlarının “könlünü almağa” səy göstərir"

İran tərəfi Dağlıq Qarabağ münaqişəsinin birdəfəlik çözülməsi ilə bağlı hazırladığı “həll variantı”nın reallaşması üçün addımlar atmaqdadır. Bununla bağlı ötən gün Bakıya səfər edən və müvafiq rəsmilərlə görüşən prezident Həsən Ruhaninin nümayəndəsi, XİN rəhbərinin müavini Abbas Əraqçı ikinci səfərini Rusiyaya reallaşdırıb.

Əraqçı Rusiyada olarkən deyib ki, Dağlıq Qarabağdakı böhran regional səviyyədə, Rusiya, İran və Türkiyənin iştirakı ilə nizamlana bilər. Onun sözlərinə görə, İranın hazırladığı planın ən vacib xüsusiyyəti onun regional yanaşmaya malik olmasındadır: “Təbii ki, Rusiya da Türkiyə kimi ən vacib ölkələrdən biridir. Planın ikinci vacib xüsusiyyəti isə onun reallığı və reallığa diqqətidir. İndiyə kimi Dağlıq Qarabağda üç dəfə atəşkəs tətbiq olunsa da pozulub. Fikrimcə, bunun səbəblərindən biri regionun reallığının nəzərə alınmamasıdır. Əslində İranın planına görə, atəşkəsə birinci mərhələdə deyil, ikinci mərhələdə baxılır”. 

Rəsmi Tehranın münaqişənin həlli ilə bağlı fəaliyyətini “Şərq”ə təhlil edən türkoloq-alim, Bütöv Azərbaycan Ocaqlarının sədr müavini Faiq Ələkbərli deyib ki, İran heç vaxt Azərbaycana münasibətdə səmimi olmayıb. Ekspertin sözlərinə görə, rəsmi Tehranın özünü vasitəçi kimi ortaya atmasının bir sıra səbəbləri var:

“Hər zaman Azərbaycana qeyri-səmimi münasibət bəsləyən, sözdə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini deyib, əməldə işğalçı Ermənistana yardım edən, separatçı rejimi terrorçu kimi tanımayan İranın əl-ayağa düşməsi heç də təsadüfi deyil.

Tehran son proseslərdən sonra özünü sığortalamağa çalışır, “mən də varam” deyir. Ən əsası isə Azərbaycandakı tərəfdarlarının “könlünü almağa” səy göstərir. İranın Azərbaycana qeyri-səmimi münasibət bəsləməsi əsasən Güney Azərbaycanla bağlıdır.

Molla-fars rejimi milyonlarla azərbaycanlını özünə təhlükə kimi görür, ona görə də bizə deyil, düşmənimiz olan ermənilərə yardım edir. İran güclü Azərbaycanı istəmir. Sadəcə yeni proseslər fonunda istəmədən də olsa, baş verənlərə müdaxiləni vacib sayır. Gözəl atalar sözümüz var, deyir “əzraildən övlad istəmirəm, mənim övladıma dəyməsin”.

Biz İrandan nəyisə həll etməsini istəmirik, sakit dayanıb, proseslərə qarışmasa, ermənilərə yardım etməsə, bizim üçün kifayətdir. İran səmimidirsə, niyə Azərbaycanla sərhədə qoşun yığır? İranın heç bir variantı bizim üçün xeyirli deyil. Mümkün qədər cənub qonşumuzu bu məsələdən uzaq tutmağa çalışmalıyıq”.
F.Ələkbərli qeyd edib ki, əgər güneyli qardaşlarımız olmasa, İran tərəfi işğalçı Ermənistana daha çox dəstək verər:


“Onların qarşısını kəsən soydaşlarımızın etirazı, ayaqlanması, qəti mövqeyidir. Bu faktlar Tehran hökumətini Yerevana daha böyük miqyasda yardım göndərməkdən çəkindirir”.