Şotlandiyada erməni terroruna qarşı etiraz aksiyası keçirilib 


Şotlandiyanın Aberdin şəhərində yaşayan azərbaycanlılar şəhərin mərkəzində yerləşən Saint Nicholas kilsəsinin qarşısında icazəli aksiya keçirib.

APA Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, aksiya iştirakçıları Gəncə və Bərdə şəhərlərində, eləcə də ölkəmizin digər yaşayış məntəqələrində işğalçı Ermənistan ordusunun vandalizm aktları törətməsini, mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların və qadınların qətlə yetirilməsini pisləyiblər.

Aberdin  şəhərində təhsil alan gənclərin və Azərbaycanlı İcmasının təşəbbüsü ilə keçirilən aksiyada bildirilib ki, Azərbaycanın Gəncə və Bərdə şəhərlərinin və digər yaşayış məntəqələrinin ağır artilleriya atəşinə tutulması Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar siyasətin davamıdır. Həmvətənlərimiz beynəlxalq ictimaiyyəti Ermənistan silahlı qüvvələrinin mülki əhaliyə qarşı istifadəsi qadağan olunan kassetli bombalar vasitəsi ilə Bərdə şəhərinin dinc əhalisini hədəf almasına biganə qalmamağa səsləyib.

Aksiyada Gəncə və Bərdə terrorunun qurbanlarının xatirəsi yad edilib. Müxtəlif dillərdə “Qarabağ Azərbaycandır “Uşaq ölümünə son”, “Erməni terrorçuluğuna son!”, “Ermənistan - BMT qətnamələrinə əməl et!” kimi şüarlar səsləndirilib.