Ümidlər doğrulmadı!- “Saakaşvili iddialarında geri çəkilmiş kimi görsənir”

Oktyabrın 31-də Gürcüstanda keçirilən 10-cu çağırış parlament seçkilərində hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası qalib gəlib. Gürcüstan Mərkəzi Seçki Komissiyası (CESKO) səslərin sayılmasının 99.7 faizini tamamlayıb. Nəticələrə əsasən hakim partiya səslərin 48,16 faizini qazanıb. 
Hakim partiyanın ən yaxın rəqibi olan “Vahid Milli Hərəkat - Birləşmiş Gürcüstan” seçki bloku isə ümumi səslərin 27,12 faizini toplaya bilib. Mixael Saakaşvilinin Vahid Milli Birlik Partiyasının təmsil olunduğu  müxalif "Güc və Birlik" bloku 25,94 faiz səs yığa bilib. 

Qeyd edək ki, parlament seçkilərindən öncə Gürcüstanın sabiq prezidenti Mixael Saakaşvili seçkilərdə üstünlük əldə edəcəyinə ümid edirdi. Saakaşvili seçkilərdə qalib gəldikdən sonra hətta Gürcüstana geri dönəcəyini də bəyan etmişdi. Lakin nəticələr gözlənilən kimi olmadı.

Bəs, indiki məqamda Saakaşvili komandası yenidən revanş götürə bilərmi?



Seçkilərin nəticələrinə dair fikirlərini “Sherg.az”la bölüşən “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirib ki, əvvəlcədən də müəyyən ehtimallar var idi ki, “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyası qalib gələcək. Bu ehtimallar da özünü doğrultdu:

“Düzdür, Saakaşvili  qəti qələbəyə əmin idi və deyirdi ki, seçkidə qələbə çala bilər. Amma buna nail ola bilmədi. Müəyyən qədər səs toplaya bildi. Lakin bunu ciddi nəticələr adlandıra bilmərik.

Saakaşvilinin ümidi var idi ki, ölkəsinə qayıtsın. Artıq bu ümidlər də özünü doğrultmadı. Etiraf edək ki, Saakaşvili indi iddialarında geri çəkilmiş kimi görsənir. Seçkilərin nəticələrinə dair müəyyən etirazlar olacaq, müxalifət seçki nəticələrini tanımayacaq.

Amma bir az sonra bu etirazlar da səngiyəcək”.