Paytaxt sakinləri Qarabağdan danışdılar: “Müharibəyə sevə-sevə gedərəm” – SORĞU!

Düşmənin aramsız təxribatlarından sonra sentyabrın 27-dən etibarən Azərbaycan Silahlı Qüvvələri uğurlu əks-hücumlara başladı. Əlbəttə, bu əks-həmlə nəticəsində, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonları, bir neçə strateji qəsəbə, kənd və yüksəkliklər düşmən tapdağından azad olundu. Müzəffər ordumuzun bu qələbəsi Azərbaycan ictimaiyyətində də yüksək döyüş əhval-ruhiyyəsi yaradıb.  Demək olar ki, bu gün uşaqdan-böyüyə hər kəs silaha sarılıb düşmənə qarşı savaşmağa, torpaqlarımızı işğaldan azad etməyə hazırdır.

Biz də “Sherg.az”a olaraq bu faktı nəzərə alıb paytaxt küçələrində, əhali arasında “Siz də döyüşə hazırsınızmı?”sualı ilə sorğu keçirməyə başladıq.

“Şərq”in digər könüllüsü, qrup yoldaşım- Sücayət Mehtili ilə səhər saatlarında Hüseyn Cavid parkına yollandıq. 

“Böyük bir qürur hissi ilə ordumuza qoşularam”

Uzaqdan müəllim olduğunu düşündüyümüz 3 nəfərə yaxınlaşdıq. Salamlaşıb, hal-əhval tutduqdan sonra sualımızı ünvanladıq. Azərbaycan dili və ədəbiyyat müəllimi Daməd Əliyev sorğumuzu cavabsız qoymadı:

 “Təbii ki,  ən böyük arzumuz, istəyimiz qələbə çalmaqdır. Demək olar ki, hər gün müzəffər ordumuzun qələbə sorağı gəlir. Əgər çağırsalar, mən də böyük bir qürur hissi ilə ordumuza qoşularam, onlarla bir cəbhədə savaşaram”.

Daməd bəyin vətən sevgisi və onu gözəl ifadə edə bilməsi bizi çox sevindirdi. Sorğumuzu davam etdirmək üçün Daməd müəlllimlə sağollaşıb parkın digər tərəfinə nəzər saldıq.

“Cəbhəyə getmək üçün könüllü müraciət etmişəm”

Qarşıdan gələn 2 ahıl kişi ikinci Qarabağ savaşından danışırdı. Heç tərəddüd etmədən onlara yaxınlaşıb sualımızı ünvanladıq. Paytaxt sakini Mahir Əliyev qeyd etdi ki, Azərbaycanın bu haqq savaşını dəstəkləyir:

“İnşallah yaxın zamanda qələbə bayrağımız Şuşada dalğalanacaq. Ehtiyyatda olan zabitəm, müharibə başlayan gündən- sentyabr ayının 27-dən cəbhəyə getmək üçün könüllü müraciət etmişəm.

Yaşım çox olduğu üçün məni orduya çağırmadılar. Bir məsələyə də diqqət çəkmək istərdim. Azərbaycan ordusu nə üçün vuruşduğunu bilir, ancaq Ermənistanın bir məqsədi yoxdur. Elə buna görə də haqlı savaşımız qələbə ilə nəticələnəcək. Sualımızın cavabını aldıqdan sonra sağollaşıb parkda gəzməyə davam etdik. Gözümüz gənc axtarırdı, çünki ən maraqlı cavabları onlardan gözləyirdik.

“Səfərbərlik elan olunsa, sevə-sevə gedərəm”

Parkda oturub musiqi dinləyən gənc, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 4-cü kurs tələbəsi Aqil Yusubov döyüşə hər an hazır olduğunu söylədi:

“Əlbəttə, hazıram. Qismən səfərbərlik elan olunduğunu bilirəm. Universitetdə oxuyan tələbələri aparmırlar, ancaq ümumi səfərbərlik elan olunsa, sevə-sevə gedərəm”.

Aqilin bu cavabı gənclərimizin necə vətənpərvər ruhda yetişməsinin bariz nümunəsi idi.

“Hər zaman əsgərlərimizin, ordumuzun yanındayıq”

Daha sonra övladı ilə oyun oynayan xanıma tərəf üz tuturuq. Müəllim olduğunu bildirən Arzu xanımın da cavabı ürəkaçan oldu:
“Bu müharibə gözlənilən idi.

Allah ordumuzu qorusun, əsgərlərimizin sayəsində parkda uşağımla oynaya bilirəm. Əsgərlərimiz üçün əlimdən gələni etməyə hazıram. Həyat yoldaşım və mən maaşımızın yarısını orduya yardım fonduna köçürmüşük. Hər zaman əsgərlərimizin, ordumuzun yanındayıq”.



Digər paytaxt sakini, təhsil işçisi Cəfər Mənsimli də bir gənc olaraq vətənimiz üçün hər şey hazır olduğunu vurğuladı:

“Azərbaycanın haqq savaşını dünyaya çatdırmaq üçün informasiya müharibəsində yaxından iştirak edirəm. Çünki müharibə təkcə ön cəbhədə yox, eyni zamanda arxa cəbhədə də baş verir. 

İnformasiya savaşında düşmənə qalib gəlib, haqq səsimizi dünyaya çatdırmağa çalışırıq”.



“Haqq savaşımızı bütün Azərbaycan xalqı dəstəkləyir”

Təqaüdçü Eldar Mirzəyev də hesab edir ki, ölkəmizin bu haqq savaşını bütün Azərbaycan xalqı dəstəkləyir:

“Elə bayaq da dostumla bu barədə danışırdım. Allah bizim ordumuza, əsgərlərlərimizə, hərbi komandanlığımıza, elə bir güc versin ki, düşməni əzib keçsin”.

“Hər xalqın belə vətənpərvər oğulları olmur”

Jurnalist Xanım Əliyeva torpaqlarımızın azad olunmasında şücaət göstərən mərd, igid oğullarımızla qürur duyduğunu izhar etdi:
“Hər xalqın belə vətənpərvər oğulları olmur. Ona görə də onların qarşısında baş əyirəm. 30 ildir səbr edirik, artıq susmuruq və susmayacağıq”.

Həqiqətən də artıq susmayacağıq və haqlı mübarizəmizi davam etdirəcəyik. Rəşadətli ordumuz zəfər bayrağını Şuşada dalğalandıracaq.



“Ordumuz üçün hər şey etməyə hazıram"

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AZMİU) xadimə kimi çalışan Şamama xanım da əsgərlərimizə dua etdi:

“Ordumuz üçün hər şey etməyə hazıram. Ən əsası yemək bişirərəm, paltarlarını yuyaram, təmizlik işlərini görərəm. Əlimdən nə gəlsə... ”

Ordumuza inancımız tamdı

Kapital Bank işçisi Ədalət Qasımlı sualımıza belə cavab verdi:



“Müharibə başlayan gündən- sentyabrın 27-dən cəbhəyə könüllü getmək üçün müraciətlər etmişəm. Ordumuza inancımız tamdır və ümid edirik ki, əskərlərimiz bütün torpaqlarımızı azad edəcək”.

Hər kəs bu haqq savaşına hazır olmalıdır

BDU-nun Coğrafiya fakültəsinin tələbəsi Ceyhun Məhərrəmov ordumuza kömək üçün tələbə təqaüdündən 20 manat ödədiyini deyib:


“Hər kəs bu haqq savaşına hazır olmalıdır. Könüllü yazılmışdım, ancaq universitetdə oxuduğum üçün aparmadılar.  Ali məktəbi bitirib magistr belə oxumadan əsgər getməyə hazırlaşıram”.

Hər zaman ordumun, əsgərimin yanındayam

Başqa bir tələbə Qasımov Bəyalı deyir ki, Azərbaycan öz haqqı olan torpaqlar uğrunda mübarizə aparır:

“Mən də hər zaman ordumun, əsgərimin yanındayam. Hazırda atam cəbhə bölgəsindədir və atamın timsalında bütün əsgərlər üçün dua edirik”.



 Beləliklə, 2 saatlıq küçə sorğusunun sonuna gəldik. Gördüklərimi, eşitdiklərimi yazıya köçürüb sizinlə bölüşəcəm. Reportajı oxuduğunuz zaman bir daha görəcəksiniz ki, Azərbaycan xalqı hər zaman öz ordusuna, əsgərinə, vətəninə, doğma torpağına cani-könüldən bağlıdır.

7-dən 70-ə hər kəs əlinə silah alıb cəbhəyə getməyə və düşməni susdurmağa hazırdır. Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!

Pərvin Piriyev
Sücayət Mehtili