Görüləcək xeyli işlər var

Mülki əhaliyə dəyən ziyanın hesablanması, qeydə alınması gərəkdir

“Çox təəssüflər olsun ki, bu günə kimi Azərbaycanın işğal olunmuş ərazilərində vətəndaşların mülkiyyət hüquqlarının məhv edilməsi ilə bağlı hər hansısa bir beynəlxalq təşkilatlardan fikirlər səsləndirilməyib. Münaqişə başlanandan sonra da ermənilər uzun mənzilli və kaset tipli raketlərdən istifadə edərək, bütövlükdə humanitar hüququn pozulması istiqamətində geniş addımlar atıb.

Ancaq beynəlxalq təşkilatlar buna da səssiz qalırdılar. Nəhayət ki, "Amnesty İnternational" Bərdə şəhərinə gələrək orada müəyyən tətqiqatlar apardı. Nəticədə məlum oldu ki, Ermənistan tərəfindən kasetli bombalar istifadə olunub. Daha sonra "Human Rights Watch" bəyan edib ki, Ermənistan silahlı qüvvələri Bərdəyə hücum zamanı beynəlxalq səviyyədə istifadəsi qadağan olunmuş kasetli döyüş sursatları və ən azı bir uzun mənzilli raket növündən istifadə edib".

Bu sözləri  Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşunas Əliməmməd Nuriyev deyib. O vurğulayıb ki, kasetli bombalar qadağan edilmiş silahlar siyahısındadır:

"Onlar kütləvi qırğın yaradır və hüquqa görə belə silahlar qadağan edilib. Bütün hallarda da bu silahdan istifadə edən tərəf məsuliyyətə cəlb olunmalıdır. Çünki bu, müharibə qaydalarının pozulmasıdır və bu cür silahdan istifadə etmək bütün qanunların pozulması deməkdir”.

Ə.Nuriyev qeyd edib ki, "Amnesty International" və "Human Rights Watch"ın qərarı həm də yeni bir imkan yaradacaq ki, Azərbaycan beynəxalq hüquq müdafiə təşkilatları ilə əlaqələrini yeni və keyfiyyətli formada qursun:

“Bundan sonra da qarşıda görüləcək bir xeyli işlər var. Bu günə qədər bir çox azərbaycanlının mülkləri ermənilər tərəfindən yandırılıb.

Orada ekoloji tərəfdən mülkiyyətə böyük ziyanlar vurulub. Şübhəsiz ki, bunların hamısının hesablanması və qeydə alınması məsələsi var. Hesab edirəm ki, beynəlxaq təşkilatlar bu məsələdə də rəsmi münasibət göstərə bilərlər və bu istiqamətdə əməkdaşlığımız mümkündür.
Bizim öz qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyətlərimizin və dövlət orqanlarının əməkdaşlıq üçün bu istiqamətdə işlər görməsi arzu olunandır”.