"İlham Əliyevin ətrafında sıx birləşmək qardaşlıq borcumuzdur" - MÜSAHİBƏ

Mahmudəli Çöhrəqanlı: "Həmsədrlər gözümüzün içinə baxa-baxa “otuz il daha gözləyin” deyirlər" 

"İşğalçını xilas etməyə çalışırlar"



Azərbaycanda başlanan Vətən savaşı dünyada yaşayan soydaşlarımızı da Qarabağ ətrafında həmrəy etdi. Dünyanın müxtəlif bölgələrində yaşayan azərbaycanlılar Vətənə gəlib ordu sıralarına yazıldı, gələ bilməyənlər isə Qarabağ həqiqətlərini yaşadıqları ölkədə təbliğ etməyə başladılar. Apardığımız haqq davası cənubdakı soydaşlarımızın diqqətindən də kənarda qalmadı. Azərbaycanın ədalətli müharibəsinə ilk dəstək verənlər məhz güneyli soydaşlarımız oldu.

Təbriz, Urmu, Ərdəbil, həmçinin Tehranda on minlərlə insanın iştirakı ilə Qarabağda erməni işğalçılarına qarşı başladılan uğurlu hərbi əməliyyatlara dəstək aksiyaları keçirildi. Yüzlərlə yazıçı, şair, alim soydaşımız birgə bəyanat yayaraq dövlətimizə, qəhrəman ordumuza dəstəklərini bildirdilər. Öz qüvvələri hesabına bir neçə dəfə İrandan Ermənistana silah-sursat daşımasından şübhələndikləri maşınların qarşısını almağa çalışdılar. Təəssüf ki, haqq səsini ucaldan yüzdən çox azərbaycanlı fəal fars rejimi tərəfindən həbs edildi, təzyiqlərə məruz qaldılar. Buna baxmayaraq, güneyli qardaşlarımızın qətiyyətli mövqeyi rəsmi Tehranın ikili mövqeyinin nisbətən Azərbaycanın xeyrinə dəyişməsinə səbəb oldu.

Proseslərlə bağlı “Şərq”in suallarını cavablandıran Güney Azərbaycan Milli Oyanış Hərəkatının lideri, publisist, filologiya elmləri doktoru, professor Mahmudəli Çöhrəqanlıdır. Hazırda Amerikada yaşayan GAMOH lideri bəyan edib ki, Qarabağın azadlığı uğrunda apardığımız haqlı mübarizə dünyanın fərqli nöqtələrində yaşayan bütün azərbaycanlıları bir araya gətirib.

Çöhrəqanlı vurğulayıb ki, bir aydan çoxdur işğalçı ermənilərə qarşı savaş və dövlət-xalq birliyi dost-qardaşımızı sevindirib, düşmənlərimizin ürəyinə qorxu salıb: “Şükürlər olsun ki, artıq hər kəs Dağlıq Qarabağ münaqişəsinin həllinin işğalda rolu olan Minsk qrupu həmsədrlərinin, xüsusən Rusiya və Fransanın iştirakı ilə çözülməyəcəyini dərk edir. Bunun nəticəsidir ki, ermənilərin davamlı təxribatına və diversiya hücumlarına qəti cavab verən Azərbaycan dövləti “öz göbəyini özü kəsərək”, prinsiplərini bütün dünyanın diqqətinə çatdırdı”...

 - Ordumuzun qarşısına çıxmağa cəsarət etməyən erməni quldurları mülki əhalimizi hədəf alır, şəhərlərimizə raket atırlar. Beynəlxalq aləmin erməni vandalizminə ciddi reaksiya verməməsini necə dəyərləndirirsiniz? 

 - Bir məqamı xüsusi qeyd edim ki, işğalçı Ermənistan dövləti Qarabağı Rusiyanın yardımı olmadan əsla zəbt edə bilməzdi. O zaman Rusiya açıq şəkildə Azərbaycandan rus qoşunlarının çıxarılmasının intiqamını alırdı. Günümüzdə də Azərbaycan türkünün, Araz çayının güneyindəki 35-40 milyonluq türkün oyanış prosesi, Türkiyə və Azərbaycanın siyasi-iqtisadi, sosial və hərbi sahədə sıx əməkdaşlığı İran və Rusiya kimi ölkələri xeyli narahat edir. O səbəbdən bu iki dövlət son zamanlar Azərbaycana qarşı kampaniyanı genişləndirirlər. Ötən gün Azərbaycan Prezidenti İlham Əliyev müsahibəsində bir məqama toxundu və sual etdi ki, kasıb Ermənistan bu qədər hərbi texnikanı, silah-sursatı haradan, hansı pulla alır? İşğalçı Ermənistanı hansı dövlətlərin silahlandırdığı bizə məlumdur. Ona görə də Tərtər, Gəncə, Bərdə və digər rayonlarımızın erməni silahlıları tərəfindən ballistik raketlərlə hədəf alınmasında, aralarında günahsız uşaq və qadın olmaqla mülki insanların qətlində Rusiya və İranın da əli var. Çünki bu iki ölkə dünyanın gözü qarşısında təcavüzkar Ermənistanı silahlandırır, ermənilərin cinayətlərinə imkan yaradır. Heç zaman irqçilik etməmişik, amma qətiyyətlə deyirik ki, türkün türkdən başqa dostu, qardaşı yoxdur. Əlbəttə, türk deyəndə Azərbaycanda, güneydə və Türkiyədə, ortaq Vətəndə yaşayan qardaşlarımızı nəzərdə tuturuq. Onların hamısı türk millətinin ayrılmaz parçasıdır. 

- Ordumuzun rəşadəti sayəsində Qarabağın cənubu, İranla sərhəd 132 kilometr ərazi düşməndən təmizləndi. Separatçılarla İranın əlaqəsinin kəsilməsi nə qədər mühüm məsələdir? 

 - İrandakı fars rejimi hər vaxt Azərbaycan Respublikasının varlığından, güclənməsidən narahatlıq duyub. Bizə qarşı əlindəki bütün imkanlardan istifadə edib ki, Azərbaycan türkləri bir araya gələ, Azərbaycan bütöv ola bilməsin. Lakin şanlı Azərbaycan Ordusunun xüsusi qəhrəmanlıq və strateji dahiliklə yürütdüyü hərbi əməliyyatlar nəticəsində İranla sərhəd rayonlar erməni separatçılarından təmizləndi. Azərbaycan Ordusunun Xudəfərin (Həsrət) körpüsünü azadlığa qovuşdurması Tehranda ciddi narahatlıqla qarşılandı. SEPAH və İran İnqilabı Mühafizləri Korpusu özlərinə təhlükə gördükləri üçün sərhədə çoxlu sayda ağır hərbi texnikalar, əsgəri birliklər cəm etdi. Millətimiz hər zaman ayıq-sayıq olmalıdır. Şükürlər olsun ki, hər iki tayda Azərbaycan türkləri dost və düşmənlərini yaxşı tanıyır. Birliyimiz, vəhdətimiz düşmənlərimizin ən qorxulu röyasıdır. İran hələ də rejiminin Ermənistana rəsmi sərhədi vasitəsi ilə lojistik və silah dəstəyi edir. 

 - Güneyli qardaşlarımız torpaqlarımızın işğaldan azad edilməsini böyük sevinclə qarşılayır, döyüşləri qürurla seyr edir, əsl qardaşlıq nümayiş etdirirlər. Soydaşlarımızın Azərbaycana dəstək aksiyaları qaneedicidirmi? 

 - Azərbaycan türkü qədər torpağı, Vətəni və milləti düşmən əliylə onlarla yerə parçalanan başqa millət, hətta türk boyu tapmaq imkansızdır. Millətimizin içində böyük həsrət, Vətən və torpaq yanğısı var. Qarabağın azadlıq hərəkatının başladılması hər iki tayda millətimizi ümidləndirdi, həyəcanlandırdı. Güneyli soydaşlarımız meydanlara enərək düşmənə etiraz, qardaşa kömək və yardım harayını uca səslə dilə gətirdilər. Xalq Vətənimizin birliyinə susayıb. Artıq Tehranda da soydaşlar “Qarabağ Türkündür” deyə hayqırır və müqəddəs Bütöv Azərbaycan bayrağımızı dalğalandırırlar. Biz də ümidliyik, millətimiz artıq oyanıb. Güneyimiz gələcəyini öz əliylə cızmağa hazırlaşır. 

 - İran ilk vaxtlar fərqli mövqe sərgiləsə də, bir müddət sonra nisbətən “yumşaq” bəyanatlar səsləndirməyə başladı. Amma yenə də Tehranın mövqeyi birmənalı qəbul olunmur və qeyri-səmimi qarşılanır...

 - İran rejimi öz mənfəətlərini qorumaqda inanılmaz dərəcədə bacarıqlıdır. Tehran hökuməti Azərbaycan rəsmilərinin gözlərinin içinə baxa-baxa deyir ki, Qarabağ məsələsində sülhün tərəfdarıdır, amma pərdə arxasında işğalçı ermənilərə hər cür silah və lojistik dəstəyi verir. Həqiqətən regionda sülh istəyən ölkə niyə işğalçıya silah-sursat göndərsin?! Biz Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) olaraq hərəkətimizi sıfırdan qurmuşuq və bu gün öz fəaliyyətimizi davam etdiririk. Artıq oyunlar açıq oynanılır.

 - Bəs, Rusiyanın bir qədər “neytral” qalmasını necə şərh edərdiniz?

 - Rusiya bilir ki, birinci Qarabağ savaşındakı kimi öz hərbi qüvvələri ilə Azərbaycana qarşı savaşması imkansızdır. Mövcud dünya şərtləri bunun üçün münasib deyil. Qardaş Türkiyə isə dağ kimi Azərbaycanın yanındadır. Güneyimiz də 1990-cı illərin əvvəllərindəki bölgə deyil, xalqımız meydandadır. Nüvə silahı olan qardaş Pakistan açıqca Azərbaycanın yanında olduğunu bildirir. Ən önəmli məqamlardan biri odur ki, Azərbaycan hökuməti tam milli mövqe sərgiləyərək bütün ideologiya sahiblərini, siyasiləri, küskünləri bir yerə toplayıb. Açıq deyim ki, əvvəllər Azərbaycan iqtidarını tənqid edənlərdən olmuşam. Ancaq bu gün savaş halında olan Azərbaycanımızın yanında olmaq, dövlət başçısı İlham Əliyevin ətrafında sıx birləşmək hamımızın qardaşlıq borcudur. Qardaşımızı güclü vaxtında tənqid etsək də, dar günündə dəstək çıxmağın, düşmənə qarşı çiyin-çiyinə mücadilə aparmağın məsuliyyətini dərk edirik. Bunu qavrayacaq milli şüura sahibik. Rusiya hər zaman Ermənistanın yanındadır. Moskva boş yerə “atəşkəs” anlaşmasını ortaya atmır, məqsəd işğalçıya nəfəs verməkdir. Gülüstan və Türkmənçay müqavilələrinin fikir babası olan Rusiya bu gün də Azərbaycan güclənməsin, birləşməsin deyə əlindən gələni əsirgəmir.

 - Beynəlxalq aləmdən, həmsədr ölkələrdən “atəş çağırışları gəlir, yeni format məsələləri müzakirə olunur. Sizcə, hərbi əməliyyatlar sona qədər davam etməlidirmi?

 - Otuz gündə hərbi əməliyyatlarla işğaldan azad etdiyimiz torpaqları son 30 ildə ATƏT-in Minsk qrupu niyə qaytara bilmədi? Rusiya və Fransa dövlətləri Ermənistan varkən heç zaman Azərbaycanın lehinə addım atmayacaq. Çünki bu iki dövlət Qarabağın işğalında ən azı Yerevan hakimiyyəti qədər rol oynayıb. Biz demirik ki, mütləq qan axıdılsın, savaş davam etsin, ancaq reallıq ortadadır. Həmsədrlər gözümüzün içinə baxa-baxa “otuz il daha gözləyin” deyirlər. Minsk qrupu torpaqlarımızın işğalda qalmasında maraqlıdır və bunu “sülh” kimi qələmə verir. Ancaq beynəlxalq qanunlara və BMT-nin məlum qətnamələrinə əsaslanaraq, torpaqlarımızı azad etməyə başlayanda dərhal ortaya atılır və işğalçını xilas etməyə çalışırlar. Ona görə də belə ədalətsiz sistemdə işimizi özümüz görməli, başlatdığımız prosesi sona çatdırmalıyıq. Onsuz da proseslərin ən sonunda hansısa formada atəşkəs imzalanacaq. Xankəndində üçrəngli bayrağımız sancıldığı zaman savaş bitəcək. Dünyada 140 milyona yaxın türk var. Bir olub, düşmənə qarşı ortaq fikir və bəyanımızı uca səslə hayqıra bilsək, düşmən iradəmizə sayğı göstərməyə məcbur qalacaq. Əks halda ədalətsiz və tərəfli “sülh” yeni doğacaq daha böyük savaşların carçısıdır. Biz ədalətli atəşkəs və barış istəyirik. Son olaraq, şəhid olan bütün əsgər, zabit və mülki şəxslərimizi hörmət və rəhmətlə yad edirik. Türk şairi Mehmet Akif Ersoy demişkən: “Sabahsız Vətənin batması haqdır, sən sahib çıxarsan əgər, bu Vətən batmayacaqdır”. Gələcək millətimizindir.