Paşinyan Qərbin təlimatını reallaşdıra bilmədi

Baş nazir çox çalışdı ki, Rusiyanı regionda müharibəyə cəlb etsin, amma bacarmadı


Nikol Paşinyan Dağlıq Qarabağdakı uğursuzluqlarının səbəbkarını “tapıb”. Artıq Ermənistanda açıq-aşkar Rusiyanı günahlandırmağa başlayıblar. Rusiya mediasının məlumatlarına görə, Yerevan anti-Rusiya kampaniyasını yerli politoloqların əli ilə aparır. Belə ki, erməni politoloq, Soros fondu tərəfindən maliyyələşdirilən Stepan Qriqoryan öz müsahibəsində Rusiyanı etibarsız tərəfdaş olmaqda ittiham edib.

O bildirib ki, gözlənilənlərin əksinə olaraq Rusiya Ermənistanı Dağlıq Qarabağ məsələsində dəstəkləməkdən imtina edib. Bundan başqa, politoloq Rusiyanın Ermənistanı təchiz etdiyi silah və hərbi texnikanın keyfiyyətsizliyindən şikayət edib:

“Rusiyanın silahları Türkiyə və İsrailin Azərbaycana tədarük etdiyi silahlardan geri qalır.

Dronlar, özügedən qurğular özünü çox yaxşı göstərir, amma Rusiyanın texnikası isə yox. Rusiya həm siyasi, həm də hərbi tərəfdaş kimi etibarsızdır”. Qeyd edək ki, döyüşlər müddətində Yerevan Qarabağ məsələsi ilə bağlı dəfələrlə Rusiyaya kömək üçün müraciət etsə də, Moskva köməyin yalnız Ermənistan ərazisinə təhdid ola biləcəyi təqdirdə ediləcəyini bildirib. 

Ermənistanda Kreml əleyhinə geniş vüsət alan ab-havanı “Şərq”ə analiz edən politoloq Azər Qasımov vurğulayıb ki, Nikol Paşinyanın Rusiyanı onlara köhnə silah-sursat satmaqda ittiham etməsi erməni xislətinin, ikiüzlüyünün bariz nümunəsidir. Siyasi şərhçi bəyan edib ki, hamıdan yaxşı Paşinyan bilir ki, həmin silahlar onlara necə və hansı şərtlərlə verilib:

“Rusiyanın Ermənistanı müdafiə etməməsinə gələndə isə bunun səbəbi hamıya bəllidir və bu, Türkiyənin varlığı ilə əlaqədardır. Paşinyanın Rusiyaya “savaş” açması onun hakimiyyətə gətirilməsi planının tərkib hissəsidir.

Paşinyan Qərbin təlimatı ilə çox çalışdı ki, Rusiyanı regionda müharibəyə cəlb etsin, amma bacara bilmədi. Bundan sonra erməni baş nazirin edə biləcəyi çox az şey qalıb.

Ona görə də mümkün qədər Moskvanı qıcıqlandırmağa səy göstərir. Lakin Kreml erməni hökumətinə cavabını münaqişəyə qarışmamaqla verir. Bu da hazırda ən düzgün mövqedir”.