Türkiyənin davamlı siyasi dəstəyi həlledici rol oynayır

Tural Abbaslı: "Əgər son texnoloji texnikalardan istifadə olunmasaydı, ordumuz xeyli itki verərdi"

Qardaş Türkiyənin siyasi elitası ardıcıl surətdə Bakıya səfər edir. Ötən gün növbəti dəfə Azərbaycana gələn qardaş ölkənin Xarici işlər naziri Mövlud Çavuşoğlunun ardınca Türkiyənin sabiq baş naziri, Böyük Millət Məclisinin sabiq sədri Binəli Yıldırım da Bakıda olub. Yaxın günlərdə Müdafiə naziri Hulusi Akarın və digər rəsmi şəxslərin də Azərbaycana gələcəyi deyilir.

Qardaş ölkənin XİN rəhbəri Bakıda olarkən bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın rəsmilərə xüsusi tapşırığı var. Ərdoğan açıqca bəyan edib ki, indiki proseslərdə qardaş Azərbaycanı tək qoymayın və davamlı olaraq oraya - Bakıya gedin və birlikdə hərəkət edin.

Şübhəsiz, Ərdoğanın bu tapşırığı Türkiyənin öz düşmənlərinə əzələ nümayiş etdirməsi ilə bərabər, həm də bizə verilən real dəstəyin ifadəsidir.

Çavuşoğlu onu da qeyd edib ki, Ermənistanın hazırkı qeyri-konstruktiv davranışlarının cavabı olaraq biz də öz aramızda həmrəyliyimizi və müdafiə gücümüzü daha da artıracağıq.

Çavuşoğlunun Bakıda bu fikirləri səsləndirməsi bizim Qarabağ məsələmizin həlli prosesindəki mövqeyimizi daha da möhkəmləndirir və eyni zamanda Türkiyənin prosesdə rolunu artırır. İndi həm işğalçı Ermənistan, həm də Cənubi Qafqazda geosiyasi maraqları olan böyük güclər Türkiyənin dünyadakı nüfuzu və bölgədə söz sahibi olması faktı ilə hesablaşmağa məcburdurlar.

Qardaş ölkənin Azərbaycana davamlı dəstəyini “Şərq”ə dəyərləndirən AĞ Partiya sədri Tural Abbaslı deyib ki, Qarabağın azad olunması mərhələsində yanımızda olan hər bir dövlətin dəstəyi önəmlidir. Partiya rəhbərinin sözlərinə görə, Türkiyənin dəstəyi isə əvəzolunmazdır:

“Türkiyə ilk vaxtdan yanımızdadır. Ən yüksək səviyyədə dəfələrlə vurğulanıb ki, Azərbaycanın istədiyi formada bütün resursları ilə bizimlə birgə olacaq. Qardaş ölkənin ərazilərimizin işğaldan azad olunması prosesində yanımızda olduğunu vurğulaması bütün dünyaya mesajdır ki, Azərbaycan döyüş meydanında və diplomatik müstəvidə tək deyil.

Türkiyənin bizə dəstəyi siyasi-iqtisadi və hərbi baxımdan, ən əsası isə mənəvi-psixoloji cəhətdən çox-çox önəmlidir. Bu dəstəyin sayəsindədir ki, inamla irəliyə doğru addımlayır, təzyiqlərə sinə gəririk. Əlbəttə, burada Azərbaycan əsgərinin xüsusi rəşadəti, qəhrəmanlığı və Vətən sevgisi mühümdür.

Lakin müasir siyasi aləmdə görürük ki, haqlı olsan belə ədalətsiz dünya sistemində tək qalsan, səni “haqsız” çıxaracaqlar. Müharibə başlayan gündən bəri Minsk qrupunun həmsədrləri başda olmaqla Azərbaycana təzyiqlər edilir. Belə məqamda Türkiyənin siyasi dəstəyi, beynəlxalq aləmdə haqqımızı müdafiə etməsi həlledici rol oynadı”. 

T.Abbaslı vurğulayıb ki, bununla bərabər Türkiyənin hərbi sənayesinə məxsus PUA-ların Azərbaycan Ordusu tərəfindən mükəmməl istifadəsi ermənilərin və düşmənin havadarlarının qarşısında önəmli üstünlük əldə etməyimizə gətirib çıxardı:

“Biz Qarabağa girəndən sonra Türkiyənin hərbi dəstəyinin nə qədər zəruri olduğunu gördük. Məlum oldu ki, erməni işğalçıları illər ərzində milyardlarla dollarlıq silah-sursatı işğal etdikləri ərazilərimizdə depolayıb, müdafiə istehkamlarını gücləndiriblər. Əgər son texnoloji texnikalardan istifadə olunmasaydı, ordumuz xeyli itki verərdi.

İstənilən halda Türkiyənin hərtərəfli dəstəyi, siyasilərin Bakıya gələrək burada mesajlar verməsi, rəhbərliklə görüşlərin keçirilməsi hazırkı məqamda həlledici faktor rolunu oynayır”.