"Erməni lobbisi üçün söz azadlığı, media dəyərləri yoxdur"

Əflatun Amaşov: "Belə nəticə hasil olur ki, Qərb cəmiyyəti ali dəyərləri ermənilərə görə heçə sayacaq qədər aciz durumdadır"


Erməni lobbisinin Ermənistanın Azərbaycana hərbi təcavüzünü obyektiv işıqlandıran beynəlxalq media qurumlarına və jurnalistlərə təzyiqi davam edir. Düşmən diasporası azad sözü basqı altında saxlamağa çalışaraq münaqişə ilə bağlı obyektiv və neytral mövqe göstərən jurnalistləri ölümlə hədələyir, təhqirə məruz qoyur.

Belə nümunələrdən biri Fransanın TF1 kanalının əməkdaşı xanım Liseron Budulun hazırladığı reportajla bağlıdır. Jurnalist Budul Azərbaycana səfər edərək Gəncə, Bərdə, Tərtər və digər yaşayış məntəqələrində Ermənistanın mülki əhalimizi artilleriya və raket atəşinə tutmasının şahidi olub və bu haqda obyektiv reportaj hazırlayıb.

Reportaj yayımlandıqdan sonra Fransadakı erməni lobbisinin üzvləri xanım Liseron Budula və TF1 kanalına qarşı total hücum və təzyiqlər edib, jurnalisti ölümlə hədələyiblər.

Nəticədə kanal həmin reportajın yayımını dayandırmaq və onu sistemdən silmək məcburiyyətində qalıb. 

Daha sonra nüfuzlu “New York Times” qəzetinin İstanbuldakı müxbiri Karlotta Qall da ermənilərin mənəvi və siyasi terroru ilə üzləşib.

Jurnalist Ermənistanın Azərbaycanın dinc əhalisini ballistik raketlə qətlə yetirməsini işıqlandırdığına görə ermənilərdən ölüm təhdidi almağa başlayıb. Məsələyə Prezident köməkçisi Hikmət Hacıyev də münasibət bildirib.

O deyib ki, ABŞ-ın radikal, şovinist erməni lobbi qruplarının Fransada TF1 heyətinə qarşı olduğu kimi “New York Times”a qarşı da hücumlarını və təhdidlərini qətiyyətlə pisləyirik: “İfadə azadlığını, azad medianı boğmağa çalışırlar. Həmin reportajın bəzi hissələri ilə biz də razılaşmaya bilərik, lakin işlərinə hörmət edirik”. 

Mətbuat Şurasının sədri Əflatun Amaşov isə bunun gözlənilən olduğunu bildirib. Şura sədrinin sözlərinə görə, TF1 və “New York Times”la bağlı durum onu göstərir ki, erməni lobbi və diaspor təşkilatları üçün söz azadlığı, azad media dəyərləri yoxdur:

“Hər hansı kütləvi informasiya vasitəsində yayımlanmış material narazılıq doğura bilər. Amma bu narazılığın normal ifadə vasitələri var. Təəssüf ki, bu vasitələr ermənilər üçün tam yaddır.

Başlıca təəssüf doğuran məqam isə belə faktlarla bağlı zəruri hüquqi ölçü tədbirinin götürülməməsi ilə bağlıdır.

Biz TF1 telekanalının əməkdaşının ölümlə hədələnməsi faktına, bu istiqamətdəki açıq çağırışlara, o cümlədən bir KİV-ə qarşı təhdidə qarşı Fransa hakimiyyətinin susduğunu gördük. Çox miskin mənzərə idi. İndi Amerika Birləşmiş Ştatlarında da susqunluq var.

Nə qədər ki, erməni lobbi və diaspor təşkilatlarına yerləşdikləri ölkələrin ərköyün uşaqları kimi münasibət göstəriləcək, onlar da demokratik prinsiplərə bir o qədər sayğısızlıq göstərəcəklər.

Heç şübhəsiz, bu, olduqca mənfi presedent yaradır. Belə nəticə hasil olur ki, Qərb cəmiyyəti ali dəyərləri ermənilərə görə heçə sayacaq qədər aciz durumdadır”.