Azərbaycanlı professor Makronu “divara dirədi”: “O yalnız bir məktubuma cavab yazdı...” - MÜBARİZƏ!

Fransa prezidenti müharibənin tezliklə bitəcəyini arzuladı. Cavab məni qane etmədiyinə görə ikinci məktubu yazdım, cavab gəlmədi”

“Makronun həyat yoldaşına da sual verdim: Siz Fransanı Normandiyasız, Lotarinqiyasız... necə təsəvvür edə bilmirsinizsə, bizim üçün də Qarabağsız Azərbaycan yoxdur”

“Bir məqamı da vurğuladım: beynəlxalq hüquqa qarşı çıxmamağı, uşaqların ölümünə göz yummamağı”

“ “Libération” qəzetinə açıq məktub yazdım. Fəqət dərc etmədilər. Halbuki ölkələrində ermənipərəstlərin məktublarını canla-başla tirajlayırlar”

“Hətta “Fransa mətbuatında Ermənistan-Azərbaycan münasibətləri” mövzusunda tələbələrimdən birinə diplom işi tapşırmışam”


İkinci Dağlıq Qarabağ müharibəsi bir həqiqəti də üzə çıxardı.  Sən demə, Qərb heç də özünü təqdim etdiyi kimi, deyilmiş. Nə insan haqqlarına hörmət edir, nə də ölkələrin ərazi bütövlüyünə. Mətbuatı isə səhərdən axşamacan təbliğatla, ideoloji işlə məşğuldur. İndi məlum oldu jurnalistlərin də daha yaxşı bildiyi məşhur “tezis”in sirri: “Fransız jurnalisti əvvəl fransız, sonra vətəndaşdır”. Həm ilanın, həm də fransızın ağına da lənət, qarasına da…Dövlət  səviyyəsində müsəlmanları təhqir edən, islamofobiya siyasəti yürüdən ölkədən nə gözləyəsən? Bundan savayı heç nə. Hələ Allah bilir, hansı məkrli əməllərini sonraya saxlayıblar…

Amma şükür ki, onların təxribatları, fitnə-fəsadları cavabsız qalmır. Nəinki Azərbaycandakılar, dünya ölkələrində yaşayan soydaşlarımız, hətta haqq səsini eşidən digər millətlər “üç meymun” oyunu oynayıb “karam, koram, lalam” deyənlərlə mübarizə aparırlar. Bir az kobud dillə desək, onları “müalicə edir”lər.

 Azərbaycan Dillər Universitetinin professoru Ülfət İbrahim da belələrindəndir. O, öz mübarizəsi ilə Fransa təxribatlarının əslində bumeranq effekti verəcəyini sübut etməkdədir. Pofessor bu barədə daha ətraflı “Sherg.az”a danışıb:

- Necə oldu ki, arxa cəbhədə müsəlləh əsgər olmağa qərar verdiniz?

- Bu, mənim şəxsi təşəbbüsümdür. Heç kimdən heç bir təmannam yoxdur. Mən azərbaycanlıyam, qarabağlıyam. Ona görə də haqq səsimizi duyurmaqdan ötrü əlimdən gəldiyi qədər mübarizə aparıram. Hələlik arxa cəbhədə mübarizə aparıram. Amma çağırsalar, cəbhədə döyüşməyə də hazıram.

- Təşəbbüsünüzün  əsas istiqaməti nədən ibarətdir?

- Müharibənin ilk günlərində Fransa prezidenti Emanüel Makrona məktub göndərdim. Ermənilərin təxribatlarından başlayaraq BMT-nin qətnamələrinə qədər yazdım. Qarabağlı olduğumu bildirdim, o torpaqlarda keçən uşaqlıq illərimdən söz açdım. Və ölkəmizlə bağlı danışılan yalanlar haqqında ona suallar verdim. Makron Azərbaycan ordusunda muzdluların olduğunu necə sübut edə bilər? Əlbəttə, bacarmaz. Çünki bu, sadəcə qarayaxmadır.

- Məktubunuza cavab gəldi?

- Bəli, bir neçə gündən sonra. Fəqət ümumi sözlər yazılmışdı. Makron vasitəçi ölkənin rəhbəri kimi hadisələri yaxından izlədiyini dedi və müharibənin tezliklə bitəcəyini arzuladı. Həmin cavab məni qane etmədiyinə görə ikinci məktubu yazdım.

- Bu müraciətdə nələr yazdınız?

-Minsk qrupunun fəaliyyətsizliyindən söz açdım. Həmsədrlərin, o cümlədən Fransanın sadəcə danışıqlar imitasiyası ilə məşğul olduğunu yazdım. Onu da bildirdim ki, bütün cəhdlərə rəğmən, indiyədək heç bir nəticə əldə olunmayıb. BMT-nin dörd qətnaməsini xatrlatdım. Heç kimə sirr deyil ki, Azərbaycan indi yalnız həmin qətnamələrin tələblərini yerinə yetirir. Vasitəçilər üzərinə düşən vəzifəni yerinə yetirməyi ya bacarmır, ya da sadəcə istəmirlər. Daha geriyə dönüş olmadığını xatırlatdım. Lakin bu məktubuma cavab gəldi.

- Sonra nə etdiniz?

- Bu dəfə Makronun həyat yoldaşına müraciət ünvaladım. Azərbaycan analarından danışdım və bildirdim ki, onlar öz oğullarını gözüyaşlı cəbhəyə yola salırlar. Paşinyanın arvadı başda olmaqla, erməni qadınları isə əllərinə silah alıb döyüşə gedirlər. Bu məktubumda, həmçinin Ermənistan baş nazirinin destruktiv mövqeyini xüsusi qeyd etdim. Və sual verdim: Siz Fransanı Normandiyasız, Lotarinqiyasız... necə təsəvvür edə bilmirsinizsə, bizim üçün də Qarabağsız Azərbaycan yoxdur. Qarabağ bizim identikliyimizi müəyyənləşdirir. Bir məqamı da vurğuladım: beynəlxalq hüquqa qarşı çıxmamağı, uşaqların ölümünə göz yummamağı.

- Deyəsən, Fransa mətbuatına da çıxmağa cəhd göstərmisiniz...

- Bəli. “Libération” qəzetinə açıq məktub yazdım. Fəqət dərc etmədilər. Halbuki ölkələrində ermənipərəstlərin məktublarını canla-başla tirajlayırlar. Həm də məktubumun məktubu kifayət qədər sağlam idi, heç kimi təhqir etmir, sadəcə öz fikirlərimi deyirdim.

- Bundan başqa nələr etmisiniz?

-Mübarizəmi mümkün qədər genişləndirirəm. Fransa parlamentinə- 577 deputatın hər birinə məktub ünvanlamışam. Dediyim kimi, indiyədək yalnız bir müraciətimə cavab gəlib. Cavabsız qalanları isə təkrar yollayıram. Çünki qarşılıq vermək onların borcudur. Əksi isə mədəniyyətsizlik və tərbiyəsizlikdir. Həmçinin Fransa mətbuatını müntəzəm oxuyur, məqalələri toplayır və təhlil edirəm.

- Qənaətiniz, gəldiyiniz nəticə necədir?

- Fransa mətbuatında, demək olar, ermənilərin mövqeyi dəstəklənir və təbliğ edilir. Qəzetlərdə, jurnallarda erməni müəlliflərinin çəkdiyi fotolar dərc edilir. “Le Figaro” Martuniyə aid dağıntıları üz qabığında yayımlayır. Fransada yaşayan ermənilər vətən torpaqlarını müdafiə etməyə yollandıqlarını deyir və saxta qəhrəmanlıq imici yaradırlar. Əlbəttə, bütün bunlar qeyri-obyektivdir. Hətta “Fransa mətbuatında Ermənistan-Azərbaycan münasibətləri” mövzusunda tələbələrimdən birinə diplom işi tapşırmışam.