Bir öləriksə, min doğularıq ! – “Əsgər balasına qayğı ön cəbhəyə dəstəkdir”

“Bu hal səngərdə döyüşən hər kəsi ruhlandırır. Çünki heç birinin gözü arxada qalmır”

“Belə hadisələr yeni nəslin daha vətənpərvər böyüməsinə təkan verir”



Müzəffər Azərbaycan Ordusu bir aydan artıqdır ki, hərbi əməliyyatları uğurla davam etdirir. Torpaqlarımızın azad edilməsi uğrunda igidlik göstərən, canından keçməyə hazır olan oğullarımız çoxdur. İndiki məqamda ən vacib məsələ səngərdə döyüşən əsgərlərimizin ailə üzvlərinə göstərilən diqqət və qayğıdır.

Son günlər ön cəbhədə vuruşan bəzi hərbçilərimizin övladları dünyaya göz açdı. 

Məsələn elə bu gün torpaqlarımızın ərazi bütövlüyü uğrunda döyüşüb qazi olan, yenidən könüllü döyüşlərə qatılan Qusar rayon sakini Xəyal Məmmədovun üçüncü övladı dünyaya gəlib. Hərbçimiz özü Qusar rayon sakini olsa da, övladının Tovuzda dünyaya göz açmasını istəyib. Əsgərimiz dünyaya göz açan övladına Milli Qəhrəman Mübariz İbrahimovun adını verib, onun da Mübariz kimi hərbçi olacağını deyib. Belə bir zamanda igid oğullarımızın dünyaya gələn körpələri əslində bütün xalqımız üçün yeni bir ümid mənbəyidir. Yəni bir öləriksə, min doğularıq. Bu körpələlər canı bahasına torpaqlarımızı azad edən, bizi qoruyan əsgərlərimizin əmanətidir. Təbii ki, bu əmanətə sahib çıxmaq, zabit və əsgər ailələrinə maddi-mənəvi dəstək göstərmək vacibdir.



Mövcud durumla bağlı “Sherg.az”a danışan sosioloq-alim Əhməd Qəşəmoğlu “Sherg.az”a bildirib ki, səngərdəki əsgərlərimizin övladlarının dünyaya gəlməsini təntənə ilə qeyd etmək lazımdır. Sosioloq qeyd edib ki, əsgərlərimizin dünyaya göz açan körpələri hər bir azərbaycanlı üçün ruh mənbəyidir: 

“İndiki zamanda çalışmalıyıq ki, orduda vuruşan əsgərlərimizi ruhlandıraq. Yeni doğulan əsgər övladına diqqət və qayğı göstərəndə, bu, digər əsgərlərimizi fərəhləndirir. Eyni zamanda dünyaya gələn bu körpələr ordudakı hər kəsə müsbət təsir göstərir. Hər kəs görür ki, geridə qoyduğu ailəsinə diqqət və qayğı var”.

Ə.Qəşəmoğlu qeyd edib ki, dünyaya yeni göz açan əsgər övladlarına göstərilən qayğı böyüməkdə olan nəslə, gənclərə bir örnəkdir:

“Çünki gənclər görür ki, cəbhədəki vuruşan oğullarımıza diqqət göstərilir və onlar böyük hörmətə layiqdir. Müharibə bitsin, cəbhədə döyüşənlərin hər biri ilə fərdi olaraq görüşlər keçirməliyik.

Eyni zamanda onların fotolarını müxtəlif yerlərə vurmaq lazımdır. Bu ənənə başqa dövlətlərdə də geniş yayılıb. İkinci dünya müharibəsindən sonra da sovet rejimi bu məsələlərə diqqət yetirirdi. Döyüşdə vuruşan insanlara qayğı nümayiş etdirilirdi”.

Sosioloqun fikrincə, yeni doğulan körpələrə qayğı əsgərlərimizin həyat yoldaşlarına da bir dayaqdır:

“Təbii ki, həyat yoldaşı yanında olsaydı, qadına mənəvi-psixoloj qayğı göstərərdi. Digər əsas məsələ doğulan uşağa konkret olaraq maddi yardımın edilməsidir. Maddi kömək etmək lazımdır ki, ana özünü təklənmiş hesab etməsin. Ona görə də doğulan körpələrə dəstək anaya, ailəyə və ön cəbhəyə olan dəstəkdir. Bu hal səngərdə döyüşən hər kəsi ruhlandırır.

Çünki heç birinin gözü arxada qalmır. Belə hadisələr yeni nəslin daha vətənpərvər böyüməsinə təkan verir”.