Dünyanın gözü Amerikada: “Bayden “çürük” siyasətçidir, Tramp isə...” - Proqnoz

“Alternativ olmadığına görə, Trampın qalib gəlməyini istəyirəm. Və, məncə, belə də olacaq”

“ABŞ dövlət səviyyəsində Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, haqq səsini eşidib. İstənilən halda Cənubi Qafqaza münasibət dəyişməyəcək”




Bu gün ABŞ-da 59-cu prezident seçkiləri keçirilir. Qarşıdakı dörd ildə prezidentlik uğrunda iki namizəd mübarizə aparır. Onlar Respublikaçıların namizədi, hazırkı dövlət başçısı Donald Tramp və keçmiş vitse-prezident, demokrat Co Baydendir.

Mövcud seçkilər əvvəlki seçkilərdən bir sıra cəhətləri ilə fərqlənir. İlk növbədə bu seçkilər koronavirusun yaratdığı şərtlərlə keçirilir. Artıq rəsmi səsvermə gününə qədər verilən səslərin sayı 100 milyona yaxınlaşıb. Bu, rekord göstəricidir. Belə yüksək göstərici koronavirus pandemiyası ilə əlaqələndirilir. Çoxları şəxsən seçki məntəqələrinə gəlməkdən qorxur. Onlar poçt vasitəsilə səs verirlər.

Məlumata görə, tarixdə heç vaxt ABŞ-da keçirilən prezident seçkilərində iştirak 140 milyonu keçməyib.
Seçkilərə bir gün qalmış prezidentliyə demokrat namizəd Co Bayden prezident Donald Trampı ölkə üzrə sorğularda qabaqlayır. Əsas ştatlarda bu fərq azdır.  



 İndi təkcə yerli əhali yox, bütün dünya səbrsizliklə seçkilərin nəticələrini gözləyir. Bəs kim qalib gələcək? Politoloq Sədrəddin Soltan bu barədə proqnozonu “Sherg.az”la bölüşüb: 

“Bayden “çürük” siyasətçidir. O, mənim xatirəmdə dələduz, saxtakar kimi qalıb. Odur ki, keçmiş vitse-prezidentin qalib gəlməsini arzulamazdım. Başqa real alternativ olmadığına görə, Trampın qalib gəlməyini istəyirəm. Və, məncə, belə də olacaq. Düzdür, hazırkı prezident dörd illik hakimiyyəti dövründə Türkiyəyə təziqlər göstərib.

Amma dövlət başçıları həmişə ortaq “dil tapmağı” bacarıblar. Bayden isə Azərbaycan əleyhinə olan 907 saylı düzəlişin həmmüəlliflərindən biridir. O, türkləri hədələməklə məşğuldur. Hətta, bildiyimə görə, Ərdoğanı devirəcəyini deyib”.

S.Soltanın fikrincə, seçkilərin nəticəsindən asılı olmayaraq ABŞ siyasətində ciddi dəyişiklik olmayacaq: 

“Amerikada oturuşmuş siyasi sistem var. Hakimiyyətə gələn istənilən şəxs bu siyasəti tanıyır və sadəcə onu idarə edir. Təsadüfi deyil ki, ABŞ-da bəzi siyasətçilər ermənipərəst bəyanatlar versə də, sonda onların heç biri qəbul olunmayıb. Çünki ABŞ dövlət səviyyəsində Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, haqq səsini eşidib. İstənilən halda Cənubi Qafqaza münasibət dəyişməyəcək.

Bu regionun yenə Qərbə inteqrasiya etməsi, NATO ilə əməkdaşlığı dəstəklənəcək. Hətta, əlaqələrin genişlənməsi də mümkündür. Rusiyaya, İrana təzyiqlər artacaq.

Türkiyəyə təzyiqlər artsa da, eyni zamanda əlaqələr də möhkəmlənəcək. Fransa və Almaniya ilə əvvəlki gərgin münasibətlər qalacaq, Orta Asiya ölkələri ilə əlaqələr intensivləşəcək.

Həmçinin Avropada ABŞ hərbçilərinin sayının azalması məsələsi yenidən gündəmə gələcək. Çin ətrafı ölkələrlə münasibətlər isə inkişaf edəcək”.