Dünya səsini çıxarmalıdır

Ermənistan ordusunda canlı qüvvə çatışmadığına görə terrorçuları bölgəyə gətirirlər


Qarabağda Ermənistan tərəfində muzdluların döyüşməsi barədə məlumatlar artıq bir çox dünya mediasında yer almaqdadır. Bəzi hallarda mətbuat orqanları Qarabağa yollanmış muzdlulardan müsahibə də alır. Fransanın FRANCE 24 telekanalı yazır ki, Dağlıq Qarabağda Ermənistan erməniləri ilə yanaşı, Fransa diasporunun üzvləri də döyüşür.

"Reuters" bildirib ki, muzdlulardan biri Livandakı iqtisadi böhranla əlaqədar Ermənistana gəlib və Qarabağda döyüşlərə yollanıb. Livandan döyüşçülərin olmasını Ermənistan Müdafiə Nazirliyi təsdiqləsə də, konkret say açıqlanmayıb. "Associated Press" də öz reportajında Livandan gələn muzdlu döyüşçülərə diqqət ayırıb. Qeyd olunub ki, bu ölkədən çoxlu sayda etnik erməni döyüşlərə qatılıb. Bundan başqa, "Kommersant" qəzetinin müxbiri Kirill Krivoşeyev öz "Telegram" kanalında Rusiya vətəndaşlarının 1 500 dollar müqabilində döyüşlərə qatıldığınıı yazıb. "Kommersant"da dərc olunan digər materialda Rusiyadakı ermənilərin Qarabağa getdiyi vurğulanır. Fransanın "Liberation" qəzeti isə ASALA terror təşkilatının 64 yaşlı üzvü, terrorçu Gilbert Minasyanın Dağlıq Qarabağa Fransadan özü ilə birgə gətirdiyi digər muzdlularla yollandığını yazıb.

 Politoloq Xəyal Bəşirov "Şərq"ə açıqlamasında vurğulayıb ki, Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizə müxtəlif istiqamətlərdən terrorçu qruplaşmaların gətirilməsi ilə bağlı dövlətimiz bundan xeyli əvvəl məlumatlar verirdi. Politoloq vurğulayıb ki, bununla bağlı Prezident İlham Əliyev də dəfələrlə çıxışlarında beynəlxalq aləmə bildirib:

"Çox təəssüflər olsun ki, Azərbaycan tərəfinin region üçün ciddi təhlükə mənbəyi olan bu hadisə ilə bağlı çağırışlarına Türkiyədən savayı yaxın dövlətlər tərəfindən adekvat reaksiya verilmədi. Ancaq həmişə olduğu kimi Ermənistan bu iddiaları təkzib etdi. Ancaq yaşadığımız informasiya əsrində bu cür halları gizlətmək mümkün deyil. Artıq kifayət qədər, xüsusilə beynəlxalq mətbuatda Ermənistan ordusunun tərkibində müxtəlif terrorçu qruplar iştirak etdiyi təsdiqlənib". 

Politoloq qeyd edib ki, hazırkı mövcud vəziyyət məhz terrorçulardan istifadəyə Ermənistan tərəfinin ehtiyacının ola biləcəyini diktə edir:

"İlk olaraq Ermənistanın özü mahiyyət və məzmun etibarilə terrorçu xarakterinə malikdir. Yaxın tarixə nəzər yetirdikdə onların elə azərbaycanlılara qarşı çoxsaylı terror aktlarını törətmələri bunu deməyə əsas verir.

Birincisi, erməni ordusunun canlı qüvvə baxımından vəziyyəti açıq-aydın bəlli edir. Amma Azərbaycanın yüz minlik nizami ordusu var və hələ ki, dövlətimiz ümumi səfərbərlik elan etməyə belə ehtiyac duymayıb. Ancaq işğalçı Ermənistanda artıq bir neçə dəfə ümumi səfərbərlik elan olunub.

Bu bir faktdır ki, ermənilər hətta beynəlxalq cinayət məhkəməsinin qərarlarına, o cümlədən beynəlxalq sənədlərə zidd olaraq azyaşlı uşaqların aktiv döyüşlərə cəlb etdiklərinin şahidi oluruq. Bundan başqa qadın və qızların orduya cəlb edilməsi, dünya ermənilərinə müharibədə iştirak etmələri üçün çoxsaylı müraciətlər onu deməyə əsas verir ki, işğalçı Ermənistan ordusunda canlı qüvvə çatışmamazlığı artıq pik həddədir.

Məhz bu səbəbdən də qarşı tərəfin terrorçu dəstələrdən istifadə etməyə ehtiyacı var. Güclü orduya və müasir texnikaya sahib olan Azərbaycanın isə muzdlulara heç bir ehtiyacı yoxdur".

X.Bəşirov diqqətə çatdırıb ki, işğaldan azad edilmiş ərazilərimizdəki mövcud vəziyyət  bir daha işğalçı Ermənistanın terrorçu mahiyyətindən xəbər verir.