Pənah Hüseyn savaşa qatılan oğlundan danışdı

Hər nəslin insanına Vətənin azadlığı uğrunda döyüşmək şərəfi nəsib olmur. Bu da bir qismətdir, uğur olsun

Sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin oğlu Vaqif Hüseyn döyüşmək üçün Qarabağa yollanıb. Bu barədə “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu məlumat verib. Baş redaktor vurğulayıb ki, V.Hüseyn qəzetin hüquqşünası və yazarı olub: “Allahdan Vaqif qardaşımıza can sağlığı və uğurlar diləyirik! Qazavatın qutlu olsun! Qalib ordunun qalib zabiti kimi geri dönsün”. 

Vaqif Hüseynin torpaqlarımızın azadlığı uğrunda savaşa qatılması xəbərini atası, keçmiş baş nazir Pənah Hüseyn də təsdiqləyib. AXP sədri vurğulayıb ki, hər bir Azərbaycan oğlu kimi onun övladı da Vətənin xilası uğrunda gedən döyüşlərə qatılıb:

“Oğlum zabit kimi noyabrın 2-də xidmətə çağırılıb. Artıq hərbi hissədədir.

Əvvəla Vətəni düşməndən müdafiə etmək konstitusion hüquqdur. Digər tərəfdən isə hər nəslin insanına Vətənin azadlığı uğrunda döyüşmək şərəfi nəsib olmur.

Bu da bir qismətdir, uğur olsun. Hazırda cəbhədə olan bütün əsgərlərimizin tam qələbə ilə sağ-salamat geri dönməsini arzu edirik. Mənim oğlum da onların içində”.