Ermənistan hakimiyyəti böyük güclərin “tətikçi”sidir

Can Ceylan: "Dediyim kimi, nə qədər itki olsa da, müharibə bəzən yeganə çıxış yoludur"

Məşhur türk şairi Cemal Süreyanın düşündürücü bir misrası var: “Fəqət ümid yetmir artıq. Mən artıq mahnı oxumaq deyil, mahnı dinləmək istəyirəm”. Azərbaycan otuz il ərazi bütövlüyünün nə vaxtsa bərpa ediləcəyini gözlədi, ümid etdi. Bir çoxları elə bildi ki, dünyanın sonuna qədər belə davam edəcək, “Lazım” gəlməyəcək. Amma gəldi. “Lazım” da gəldi, “Vacib” də. Təəssüf ki, indi ölkədə “no war” deyərək özünü sülhpərvər, humanist göstərənlər də var. Məgər şəhidlərimiz bu bəyanata görə canlarından keçirdi? Əlbəttə, yox. Deməli, “no war” deyənlərin hər iki üzünə “no!” deyilməlidir. İndi sülhə razı olmaq otuz il Qarabağ barədə düşünməmək deməkdir. Ən azı otuz il ha...

 Qardaş Türkiyə bütün məqamlarda olduğu kimi, bu məsələyə də biganə deyil. İstanbul Medipol Universitetinin müəllimi, sosial antropoloq, “Yeni Birlik” qəzetinin köşə yazarı Can Ceylan məsələ ilə bağlı fikirlərini “Sherg.az”la bölüşüb. O, hərbi əməliyyatların son variant olduğunu vurğulayıb:

“Sülhə yer qalmadığı an müharibənin qaçılmaz olduğu həqiqətdir. Nəzərə almalıyıq ki, dünya tarixini formalaşdıran ən mühüm hadisələrin kökündə müharibə dayanır. Dediyim kimi, nə qədər itki olsa da, müharibə bəzən yeganə çıxış yoludur. Əgər Tovuz təxribatına adekvat cavab verməsə idiniz, düşmənləriniz, bəlkə də, yeni ərazilər zəbt etmişdi. İndiki məqamda danışıqlar vaxt uzatmaqdan başqa bir şey deyil. Biz sülh istəyirik. Prezidentiniz İlham Əliyev bunu dəfələrlə söyləyib. Amma bu istəyin təktərəfli olması təəssüfləndiricidir.

Türklər ermənilərlə birgə firəvan yaşamağa razıdırlar. Ölkəmizdə xeyli erməni yaşayır. Onların arasında millət vəkili də var idi. Bir neçə həftə əvvəl vəfat etdi və bu, dövlət səviyyəsində qeyd olundu. Eyni münasibəti ermənilər də göstərərdimi? İnanmıram. Orada nəinki türklərin Ermənistanda deputut olmasına, heç yaşamasına da icazə verməzlər”.

 C.Ceylanın fikrincə, qarşı tərəf sülh istəmir:

“Azərbaycan otuz il gözlədi. Bu zaman kəsiyində Minsk qrupu sadəcə baş qatmaqla məşğul idi. Ermənilərin mülki əhalini hədəfə alması onların müharibəni davam etdirmək iddialarından xəbər verir.

Üstəgəl, belə  kasıb, borc-xərc hesabına dolanan ölkənin bütün vəsaitlərini müharibəyə sərf etməsi heç də xoş niyyətlli deyil. Əlbəttə, Rusiya kimi dövlətlər özlərini nə qədər neytral göstərməyə çalışsalar belə, altdan-altdan işğalçıya yardım edirlər.

Ermənistan elə dövlətdir ki, kənar yardım olmasa, işıqsız, qazsız qalar. Otuz il Dağlıq Qarabağı işğalda sərf etməyə xərclədiyi vəsaiti özünə sərf etsə idi, çoxdan daha güclü bir dövlətə çevrilə bilərdi.

Dağlıq Qarabağdan çıxması təcavüzkarı iqtisadi cəhətdən gücləndirə, yerli xalqın rifahını yaxşılaşdıra bilər. Hətta, ola bilsin, Azərbaycan və Türkiyə ilə münasibət də düzəlsin. Zənnimcə, Ermənistanda küçədən keçən istənilən şəxs əmin-amanlığın tərəfdarıdır. Lakin hakimiyyət digər ölkələrin təhrikinə qurban gedir. Ermənistan siyasi hakimiyyəti böyük güclərin “tətikçi”sidir.

Beynəlxalq siyasət bəzən böyük güclərin şəxsi mənafelərinə hesablanır. Bu dövlətdən Azərbaycanla Türkiyə arasındakı münasibətlərə xələl gətirmək məqsədilə istifadə edirlər. Əlbəttə, büyük güclər sabitliyin tərəfdarı deyil. Çünki müharibə getdikcə, insanlar təlaş içində olduqca, onlar da sərvətləri mənimsəyirlər”.

Alim, həmçinin dünya müsəlmanlarına edilən təzyiqlərdən də söz açıb:

“Beynəlxalq ictimaiyyət erməni vandalizmini görməzdən gəlir. Bu azmış kimi, Ermənistan hərbi-siyasi hakimiyyətinə Azərbaycanla düşmənlik edəcəklərinə əmin olunan adamlar gətirilir. İndi ayrı-ayrı ölkələrdəki erməni lobbisi müsəlmanlara qarşı təxribatlar törədir. Beləliklə, əslində özlərinə pislik edirlər.

Çünki dünya onların düşmənlik mövqelərini açıq-aydın görür. Rəsmi İrəvan təkcə Rusiyanın yox, həm də İranın dəstəyini alır. Ümumiyyətlə, bir çox dövlətlərin işğalçıya birbaşa və dolayı yardımı təsadüfi deyil.

Çünki Azərbaycanın güclənməsindən qorxurlar. Lakin Azərbaycanla Türkiyənin ürəyinin bir döyündüyünü hər kəs, bütün dünya bilməlidir. Biz daim “iki dövlət, bir millət” aksiomuna uyğun davranmışıq. Bu günlərdə İzmir zəlzələsi zamanı Türkiyəyə dəstəyini göstərən ilk ölkə məhz Azərbaycan idi”.