Professor: “Yerli qəzetlər hadisələrin bilavasitə yanındadırlar”

Biz bu günlər mətbuatın cəmiyyət həyatındakı rolunu bir daha dərk etdik. Ayrı-ayrı KİV baş verən hadisələrlə bağlı auditoriyaya operativ, obyektiv informasiyalar ötürməkdədir. Bu yerdə KİV-in tipologiyasını yada salmalı oluruq. Təəssüf ki, indi region qəzetləri ümumrespublika media orqanlarına nisbətən daha az kütləvidir. Əlbəttə, sözügedən problemin ən müxtəlif səbəbləri var.

Amma bu, həmin qəzetləri “gözüm çıxdıya salmağımıza”  əsas vermir. Əksinə, ayaqda saxlamalıyıq. Çünki mətbuat “cəmiyyətin güzgüsüdür”. Rəhmətlik Həsən bəy Zərdabinin dediyi kimi, hər bir vilayətin qəzeti həmin vilayətin aynasıdır.

 BDU-nun Jurnalistika fakültəsinin professoru Cahangir Məmmmədli bu barədə daha ətraflı “Sherg.az”a danışıb:

“Beynəlxalq mətbuat sistemində, eləcə də, Azərbaycan media məkanında mətbuatın tipoloji xarakteri onun informasiya siyasəti ilə müəyyənləşir. Mətbuatın, o cümlədən qəzetin informasiya siyasəti onun ünvanlandığı auditoriyaya bağlıdır.

Çox yerdə olduğu kimi, Azərbaycan media məkanında da ümumrespublika, böyük şəhərlərin oxucu auditoriyasına ünvanlanan qəzetlərimiz, ayrı-ayrı sahələri nəzərdə tutan mətbuat orqanlarımız var. Bu sistemdə hələ 1930-cu illərdən sovet mətbuat aləmində özünü göstərən rayon qəzetləri xüsusi yer tutur.
Əlbəttə, Azərbaycan müstəqillik əldə etdikdən sonra rayon qəzetləri partiya orqanı statusundan xilas olub azad jurnalist fəaliyyəti dövrünə qədəm qoydu.  Lakin, çox təəssüf ki, rayon-yerli qəzetlər maliyyə çətinlikləri ilə üzləşib rayon icra hakimiyyətlərindən asılı vəziyyətə düşdülər. Belə halda bu qəzetlər müəyyən diktələrlə qarşılaşdılar, oxucularını itirdilər.

Halbuki yerli qəzetlər hadisələrin bilavasitə yanındadırlar. Onlar rayon camaatına daha aktual olan problem və hadisələri ən populyar başqa mətbuat orqanlarından daha operativ və daha dəqiq işıqlandıra bilərlər.

Bizim regionlarımızda bu gün çətinliklərlə olsa da, həmin peşəkarlığı qoruyub saxlayan qəzetlər mövcuddur. Bizə elə gəlir ki, Azərbaycan media sisteminin mühüm tərkib hissəsi olan rayon qəzetlərini yaranmış böhrandan çıxarmaq yaxşı olardı”.