Xuraman Şuşalı da vətən savaşından oxudu - VİDEO

İkinci Dağlıq Qarabağ müharibəsi başladığı gündən hər sahədə olduğu kimi incəsənətdə də milli ruhda işlər görülür, bu istiqamətdə layihələr hazırlanır.  Kliplər çəkilir, mahnılar ifa olunur, vətənpərvərlik mövzusunda yaradıcılıq məhsulları təqdim olunur. Müğənni Xuraman Şuşalı da repertuarında vətən savaşına yer ayırıb.

"Sherg.az” xəbər verir ki, sənətçi mərhum şair Mirəli Vəkiloğlunun sağlığında yazıb, ona hədiyyə etdiyi “Azərbaycan” şeirinə mahnı bəstəliyib, ifa edib. Rejissoru Aydın Asədullaya, montajı Elnur Ehtiramoğluna məxsus olan klipi təqdim edib.

Əslən Şuşadan olan, doğma yurdunun adını özünə təxəllüs seçən Xuraman xanım  “Qarabağ Azərbaycandır” deyən Ali Baş Komandanın əsgəri olduğunu söyləyib. Həmçinin 30 il əvvəl mərhum valideynləri ilə birlikdə Şuşada tərk etməli olduğu evinə dönəcəyi günü səbirsizliklə gözlədiyini deyib:

 "Təəsüf ki atam və anam vətən, torpaq həsrəti ilə bu dünyadan köçdü. İnşallah bizə doğma Şuşamıza dönmək nəsib olacaq. Qələbə xəbərini gözləyirəm. Bu sevinci bizə yaşadan Ali Baş komandanıma minnətdaram. Qarabağ uğrunda döyüşən müzəffər ordumla fəxr edirəm. Bizə zəfər gətirən hərbiçilərimizə, əsgərlərimizə təşəkkür edirəm.

Allah Azərbaycan ordusunu qorusun.  Cənab İlham Əliyevi, Azərbaycan Xalqını, Türk millətini, Türkiyəni, cənab Rəcəb  Tayyib Ərdoğanı, dost ölkə Pakistanı, bu yolda bizə dəstək olan bütün xalqları, siyasətçiləri, media nümayəndələrini qorusun.

Hazırda Azərbaycan böyük  qələbə sevincini yaşayacağı günü gözləyir. Allah yaralı əsgərlərimizə rəhm eləsin, onlara şəfa versin.

Hər biri tezliklə öz sağlıqlarına qovuşsunlar. Tanrı şəhidlərimizə rəhmət eləsin, valideynlərinə, ailələrinə, yaxınlarına səbr, güc versin. Qeyrətli, igid, mərd şəhidlərimin qarşısında baş əyirəm.

Onları böyüdən valideynlərə eşq olsun. Allah bizi el obamızdan ayrı salan, min bir vəhşət yaşadan  yağı düşmənimizi xar eləsin. Necə ki edir".