Lavrov anladı ! - “Azərbaycan Türkiyəsiz hansısa mexanizmi qəbul etməyəcək”

“Ermənistan bir müddət sonra Türkiyə reallığını qəbul edəcək”

“Hərbi vəziyyət elədir ki, ermənilər atəşkəsi hamıdan çox istəyirlər. Amma əsl söz sahibi Azərbaycandır. Ona görə də hələlik tələsmirik”

Dünən Rusiyanın xarici işlər naziri Sergey Lavrov növbəti dəfə Qarabağ müharibəsinin tənzimlənməsinə dair açıqlama verib. O münaqişəsinin həlli barədə Türkiyə ilə birgə çalışacaqlarını bildirib. S.Lavrov qeyd edib ki, danışıqlar formatı, o cümlədən onun genişlənməsi, dəyişikliklər və.s ilə bağlı bir çox təkliflər var.

S.Lavrov vurğulayıb ki, Rusiya problemin həlli üçün bütün tərəfdaşlarla, o cümlədən tərəflərin qonşu dövlətlərlə işləmək mövqeyindən çıxış edir.
“Rusiya və Türkiyə ən müxtəlif regionlarda böhranların tənzimlənməsi üzərində gərgin işləyirlər.

Suriyadakı qarşılıqlı fəaliyyətimiz rus və türk diplomatlar, hərbçi və xüsusi xidmət orqanları arasında işgüzar,maraqların qarşılıqlı nəzərə alınmasına əsaslanan əməkdaşlığın aşkar nəticəsi olaraq qalır. İranla birlikdə bu gün ən uyğun tənzimləmə mexanizmini - Astana formatını yaratmağı bacardıq. İdlib və Fərat kimi problemli bölgələrdə Rusiya-Türkiyə ortaq patrul dəstələri yaradıldı, terror qruplarının zərərsizləşdirilməsi istiqamətində işlər aparılır və suriyalı qaçqınların vətənlərinə qayıtması üçün lazımi şərait yaradılır.

Davamlı atəşkəsə nail olmaq dərhal mümkün olmasa da, bölgədəki bütün təsir gücümüzdən istifadə etməyə davam edəcəyik, hərbi ssenarinin gələcək inkişafını dayandırmaq, tərəflər arasında dialoq qurmaq və Bakı ilə İrəvanı danışıqlar masasına oturmağa razı salmaq üçün türk tərəfdaşlarımızla birlikdə çalışacağıq”.

Rusiyalı nazirin açıqlamasını “Sherg.az”a şərh edən sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun fikrincə, təhlillər göstərir ki, indiki halda Rusiya üçün Türkiyə ilə əməkdaşlıq etmək daha məqsədəuyğun və sərfəlidir:

“Rusiya Dağlıq Qarabağ məsələsinin həllində ABŞ və Fransanın iştirak etməsinin marağında deyil. Təbii ki, Azərbaycan da buna müsbət yanaşmır. Hesab edirəm ki, Ermənistan bir müddət sonra Türkiyə reallığını qəbul edəcək. Ruslar anlayır ki, Azərbaycan Türkiyə olmasa, ayrı bir konfiqurasiya üzərində qurulan hansısa mexanizmi qəbul edən deyil.

Hərbi vəziyyət elədir ki, ermənilər atəşkəsi hamıdan çox istəyirlər. Amma əsl söz sahibi Azərbaycandır. Ona görə də hələlik tələsmirik”.