Türkiyəli professordan Azərbaycana DƏSTƏK: “Dünya kar, kor oldu” - MÜSAHİBƏ

“Vicdan və qanun mexanizmləri işə düşmədi”

“Xristian dövlətləri bir araya gəlirsə, niyə türklər bir araya gəlməməlidir?. Biz nəsli olan tarixi bir millətik”

“Türklərin və rusların əbədi dost olduğunu düşünmürəm. Dostluq yalnız qardaşlar arasında olur. Azərbaycan və Türkiyə kimi...”

“İranın Ermənistanın yox, Azərbaycanın tərəfində olacağını gözləyərdim”



Müzəffər ordumuz torpaqlarımızın düşməndən azad edilməsi uğrunda əks-hərbi əməliyyatlarını davam etdirir. Hər gün cəbhədən gələn xoş xəbərlər xalqımızın əzmini, ruh-yüksəkliyini daha da artırır. Uzun illərdən bəri həllini tapmayan Dağlıq Qarabağ düyünü açılır. Qələbəyə gedən çətin, keşməkeşli, lakin şanlı yolda Azərbaycan bir daha dostunun və düşməninin kim olduğunu tanıdı.

Bir aydan çoxdur davam edən müharibədə mənfur düşmən çoxsaylı təxribatlara əl atdı. Mayası xainliklə yoğrulmuş ermənilər hər zamankı kimi dinc əhalimizi hədəf aldı. Döyüş meydanında məğlubiyyətə düçar olan işğalçı ölkənin ordusu əslində iyrənc əməlləri ilə özlərinə ziyan vurmuş olur. Məsələ ondadır ki, terror aktı ilə üzləşən, yurd-yuvaları dağılan Azərbaycan xalqını heç nə qorxutmur...

“Sherg.az” oilaraq bütün bu məsələlərlə bağlı Türkiyənin Qazi Universitetinin professoru, hərb tarixçisi Fahri Temizyürek ilə cəbhədəki proseslər barədə həmsöhbət olduq.

- İşğalçı Ermənistan  Gəncə və Bərdədə dəhşətli terror aktı törətdi...

-İcazənizlə bu suala Şərqi Türküstanın igid şairi Əbdülhəmid Süleyman Çolpana məxsus bir sözlə cavab vermək istərdim:

“Külgen başkalardır, yığlayan menem,
 Oynagan başkalardır, inlegen menem”.

-Hər zaman demokratiyadan danışan, özlərini haqq carçısı kimi qələmə verən bəzi ölkələr və beynəlxalq qurumlar vətəndaşlarımıza qarşı törədilən soyqırımına səssiz qaldılar. Niyə susurlar?

-Əvvəla, bu həqiqəti heç vaxt unutmamalıyıq ki, tarix, xüsusən son iki yüz illik dünya tarixi türklərə qarşı soyqırımı, qırğın, işgəncə və sürgün ilə doludur. Biz türklər kədərlənməyi üstün tutmadığımızdan və ya başqa millətlər kimi bizim üçün ağlayaraq dostlar qazana bilməyəcəyimizdən, bizə qarşı törədilən soyqırımı və sürgünləri tarixi yaddaşımıza yazmamışıq. Bu haqsızlıqlardan kifayət qədər bəhs etmədik və tez unutduq. Tarix səhnəsinə ilk çıxdıqdan bəri türklər həmişə soyqırımılara məruz qalıblar. Soyqırımı, işgəncə və sürgünlərin eksponent ağrısı türklərin iliyinə, sümüklərinə və hüceyrələrinə nüfuz edib. Türklərin Qərbdə Vyanadan, Şərqdə Qafqazdan çəkilməyə başladıqlarından bəri dünyanın müxtəlif yerlərində soyqırımılara məruz qaldıqları aydındır. Təəssüf ki, azərbaycanlı qardaşlarımız da bu vəziyyətdən təsirlənirlər. Bu gün də eyni vəziyyətdir. Azərbaycandakı qardaşlarımıza qarşı edilən qırğınlara qarşı dünya ictimai rəyinin vicdanı və qanun mexanizmləri işə düşməyib. Kor və kar oldular...

- İlk gündən qardaş Türkiyə birmənalı olaraq Azərbaycanı dəstəkləyir…

- İndi köməklik vaxtıdır. Biz şəcərə millətiyik. Anadolu türkləri həmişə maddi və mənəvi qardaşlarının yanında olublar və olacaqlar da. 27 sentyabrdan etibarən Dağlıq Qarabağda qaynar qarşıdurmalar baş tutur. Türkiyənin bütün dövlət qurumları ilə azərbaycanlı qardaşlarımıza kömək etməyə çalışırıq. Hər zaman da qardaşlarımızın yanında olacağıq.

- Təbii ki, bu qardaşlığı, dostluğu qısqanan dövlətlər də olmamış deyil…

- Məlum olduğu kimi, Türkiyə 30 avqust 1991-ci ildə Azərbaycan Respublikasının müstəqilliyini elan edən ilk ölkə idi. Türkiyənin Azərbaycanla münasibətləri çox ölçülü və strateji səviyyədədir. Naxçıvan Muxtar Respublikası, Türkiyə ilə Azərbaycan arasında Azərbaycan xalqı ilə yeganə quru əlaqəsini təşkil edən birbaşa limanımızdır. Ölkəmiz Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində mümkün qədər tez həll edilməsi üçün səy göstərir. Türk dünyası gec-tez bir birliyə sahib olacaq. Xristian dövlətləri bir araya gəlirsə, niyə türklər bir araya gəlməməlidir? Biz nəsli olan tarixi bir millətik. Əlbəttə, türklərin düşməni olan ölkələr Azərbaycan-Türkiyə qardaşlığına qibtə edir, həsəd aparır. Heç vaxt bu gərçəyi yox edə bilməzlər: “Bütün türklər bir ordudur”. Həqiqət budur!

-Son günlər Rusiya Dağlıq Qarabağ münaqişəsində Türkiyənin iştirakını tez-tez vurğulayır.  İddia etmək olarmı ki, artıq Kreml Rəsmi Ankaranın gücünü və rolunu qəbul edir?

-Düşünürəm ki, beynəlxalq münasibətlərdə yalnız maraq öndədir. Bu gün Rusiya ilə üst-üstə düşən siyasətlərimiz ümumi maraqlarımızın göstəricisidir. Əks-təqdirdə türklərin və rusların əbədi dost olduğunu düşünmürəm. Dostluq yalnız qardaşlar arasında olur. Azərbaycan və Türkiyə kimi...
-İstərdim İranın mövqeyi barədə də danışaq. İranın Ermənistana gizli yollarla silah yardımı etdi. Müsəlman qonşu ölkə niyə belə addım atır?
-İran xüsusilə Azərbaycanla bağlı ciddi bir imtahan verir. İranın Ermənistanın yox, Azərbaycanın tərəfində olacağını gözləyərdim. Çünki uzun müddət maraqları yalnız bu istiqamətdə yarana bilər. Əlbəttə ki, müsəlman ölkəsi olaraq Ermənistanı dəstəkləmək və ya ona kömək etmək heç vaxt qəbul olunmur. Tarix bütün hadisələri qeyd edir. Heç vaxt əxlaqsız bir qazanc yolu seçilməməlidir!

Söhbətləşdi: Yeganə Bayramova