Möhtəşəm qələbəyə az qalıb

Şuşanın qurtuluşu ilə düşmənin sonuncu müqaviməti qırılacaq

Rusiya Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə əlaqədar yaranmış yeni reallığı nəzərə alır

Qarabağ müharibəsində mövqeyi ən çox maraq doğuran həmsədr ölkə Rusiyadır. Kremlin son iki yüz ildəki Cənubi Qafqaz siyasəti, xüsusən Qarabağ probleminin ortaya çıxışındakı ənənəvi rolu nəzərə alındıqda bu maraq anlaşılandır. Rusiyanın Qafqaz siyasətinin mərkəzində uzun illər erməni faktoru dayandığı üçün Ermənistan daim dəstəklənib. Lakin Rusiyada ermənipərəst lobbinin səsi bir ay əvvəllə müqayisədə xeyli kəsilib. Düzdür, radikal ritorikası davam edən xətlər yenə də var, ancaq onların səsləri getdikcə təsirsizləşən kirli səs-küy və görüntüyə çevrilir. Bunun əvəzində Kremldə ikili münasibətlərə dayanan balanslı Qafqaz siyasəti kursu boy göstərməkdədir. 

Son günlərdə Rusiya cəbhəsində cərəyan edən proseslər və siyasi analitiklərin rəyləri bunu aydın göstərməkdir. 
Məlumdur ki, danışıqlar prosesinin davam etdirilməsi üçün Prezident İlham Əliyevin şəxsində Azərbaycan tərəfi konkret şərtini irəli sürüb. İşğalçı qoşunların çıxarılması ilə bağlı konkret qrafik müəyyən edilməlidir. Yalnız o halda hərbi əməliyyatların dayandırılmasından söhbət gedə bilər. İlk dəfə olaraq Rusiya XİN başçısı Sergey Lavrov işğalçı qoşunların çıxarılması ilə bağlı konkret qrafikin tətbiqi üzrə Azərbaycanın mövqeyini dəstəkləyib. Lavrov bölgədəki proseslərlə bağlı narahatlığını Rusiya mediasına bildirib. XİN rəhbəri qeyd edib ki, Rusiya üçün dost ölkələr olan Ermənistanla Azərbaycan arasındakı düşmənçilikdən rəsmi Moskva çox narahatdır.

O deyib ki, problem siyasi və diplomatik yolla çoxdan həll edilməli idi. Amma müəyyən səbəblərdən bu olmadı. Xarici İşlər naziri atəşkəsə nail olmağın vacibliyini qeyd edib. Onun sözlərinə görə, effektiv nəzarət tədbirləri olmadan sabit atəşkəsə nail olmaq çətindir. Lavrov münaqişə zonasında dinc vəziyyətin qorunması üçün bir neçə variantı sadalayıb.

Lavrovun fikrincə, münaqişə müxtəlif elektron idarəetmə vasitələrindən, İrəvanla Bakı arasında qaynar xəttdən, ATƏT-in himayəsində olan müşahidəçilərdən və digər vasitələrdən istifadə etməklə çözülə bilər. Rusiya XİN başçısı Kreml heç vaxt böhranın güc yolu ilə həllini dəstəkləmədiyini gizlətməyib, hərbi əməliyyatların mümkün qədər tez dayandırılmasına çalışıb:

“Həm tərəflər, həm də onların bütün xarici tərəfdaşları atəşkəs razılaşmasına, nəzarət mexanizminin yaradılmasına və konkret qrafiklə məzmunlu danışıqlar prosesinin bərpasına ciddi hörmətlə yanaşmalıdırlar. Davamlı barışığa dərhal nail olmaq mümkün olmasa da, biz regiondakı bütün nüfuzumuzdan istifadə etməyə davam edəcəyik, hərbi senarinin daha da genişlənməsini dayandırmaq, tərəflər arasında dialoq qurmaq və Bakı ilə İrəvanı danışıqlar masası arxasına əyləşdirmək üçün türkiyəli tərəfdaşlarımızla işləyəcəyik”. 

Xatırladaq ki, Lavrovun məlum bəyanatından sonra Rusiya Prezidenti Vladimir Putin növbəti dəfə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla telefonla danışıb. Kremlin mətbuat xidmətinin məlumatına görə, danışıqlarda Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri hərtərəfli müzakirə edilib. Bundan əvvəl Putin 22 oktyabrda Valdai Klubunun iclasında çıxış edərək, Dağlıq Qarabağdakı münaqişənin həllində Rusiyadan daha çox maraqlanan olmadığını söyləmişdi. Vurğulamışdı ki, o, Azərbaycan Prezidenti İlham Əliyevlə və Ermənistanın baş naziri Nikol Paşinyanla çox sıx təmasdadır: “Onlarla gündə bir neçə dəfə telefonla danışıram”. 

Siyasi şərhçilərin fikrincə, əvvəlki təzyiq ritorikasından vaz keçən Moskva münaqişə tərəflərini sadəcə “humanitar atəşkəs”ə əməl etməyə səsləyir. Hesab edilir ki, Putin sadəcə vəziyyət barədə məlumat toplamağa çalışıb. Yenə “nə qədər savaş tez bitsə, bir o qədər ölkə üçün yaxşı olar” fikrini ifadə edib. Dövlət başçısı İlham Əliyev isə məlum şərtini Putinə təkrar xatırladıb və bildirib ki, Ermənistan qoşunlarını Qarabağdan çıxartsın, hansı bölgədən nə vaxt çıxacağına dair qrafik versin. O zaman müharibə də dayanar, atəşkəsə də riayət olunar. Yəni tələb olunan qrafik verilməyəcəyi təqdirdə bu cür telefon zənglərinin də əhəmiyyəti olmayacaq. Moskva indiki mərhələdə Azərbaycana təzyiq göstərə də bilmir, çünki rəsmi Bakı ağıllı taktika tətbiq edir, Ermənistana hücum etmir. Rusiyanın Ermənistandakı hərbi bazasına Azərbaycan tərəfdən təhlükə yoxdur. Öz qanuni torpaqlarımızda erməni terrorçularına qarşı mübarizə aparırıq. Bütün dünya ictimaiyyəti də yaxşı bilir ki, ərazi bütövlüyü Azərbaycanın qırmızı xəttidir. Lakin sirr deyil ki, Rusiya Qarabağda baş verən hadisələrin son mərhələsində söz sahibi olmaq istəyir. Birinci mərhələdə Azərbaycan öz ərazisini təmizləyir və Rusiya buna qarışa bilmir. Rusiya müharibədə status-kvonun dağılması reallığını başa düşərək mövcud reallığı inkar edə bilmir. Vəziyyətin dəyişdiyi vaxtda Rusiya üçün əsas məqsəd hazırda bölgəyə üçüncü dövlətlərin müdaxiləsinə yol verməyərək Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi məsələsində təmkin nümayiş etdirməkdir. Yəni, Moskva Dağlıq Qarabağdakı ermənilərin yalnız və yalnız Azərbaycan sərhədləri çərçivəsində yaşamaları faktını qəbul etmiş olur. Bu o deməkdir ki, Rusiya Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə əlaqədar yaranmış yeni reallığı nəzərə alır və artıq status-kvonun olmaması, təmas xəttinin aradan qaldırılması reallığı hamı tərəfindən qəbul edilir. Diqqətdən qaçmamalıdır ki, Rusiya Prezidentinin ərazilərin qaytarılması ilə bağlı səsləndirdiyi “5+2” formatı əvvəllər Rusiya Xarici işlər naziri Sergey Lavrovun tərəflərə təqdim etdiyi planda əksini tapmışdı. Azərbaycan bu planın böyük bir qismini artıq özü təmin edib. 
Həmçinin, Putin Türkiyənin Azərbayca
nla birlikdə olmasına Rusiya elitasından fərqli olaraq soyuqqanlılıqla yanaşır. Reallıq ondan ibarətdir ki, artıq Türkiyənin Cənubi Qafqazda mövcudluğu faktoru ilə barışmaq lazımdır. Putinin təbirincə desək, Qarabağla bağlı danışıqlarda Türkiyə də daxil olmaqla, bir çox ölkələr, xüsusən Minsk qrupunun digər üzvləri yer almalıdır. Ümumiyyətlə, bütün bunlar onu göstərir ki, Ermənistanın digər ölkələri üçüncü tərəf kimi münaqişəyə cəlb etmək cəhdləri tam iflasa uğrayıb və dünyanın beynəlxalq hüquqla hesablaşmaqdan başqa yolu yoxdur. Azərbaycan Prezidentinin apardığı düşünülmüş, strateji siyasət nəticəsində Ermənistanın bütün planları ifşa olunmaqdadır.  

Rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov deyib ki, Prezident İlham Əliyevin Putin və Paşinyanla telefon danışığının nəticəsi məlum olmasa da, məzmunun atəşkəs olduğu istisna deyil:

“Azərbaycan Prezidenti İlham Əliyev Paşinyanın öz hərbi məğlubiyyətini Putinə yazdığı məktubda etiraf etdiyini bildirib. Görünür, elə buna görə də Putin, Əliyev və Paşinyan arasında telefon danışıqları baş tutub. Onların nəticələri hələ ki, məlum deyil, ancaq bəllidir ki, danışıqlar mümkün olan atəşkəs şəraiti haqqında olub. Azərbaycan nə qədər çox hərbi qələbə qazansa, danışıqlar masasında mövqeyi bir o qədər də güclənir”. Rusiyalı politoloq Paşinyanın əlacsız qaldığını da qeyd edib: “Paşinyan daha əvvəl Əliyevin şərtləri ilə razılaşmalı idi. İndi isə Paşinyanın “güzəştləri” onun hərbi məğlubiyyətləri ilə ayaqlaşa bilmir. Şuşa uğrunda döyüş başlayır. Bu döyüş bitdikdən sonra, belə görünür ki, müharibə Azərbaycanın tam hərbi qələbəsi ilə bitəcək. Müharibənin başlanmasının da, Ermənistanın məğlubiyyətinin də əsas səbəbkarı Nikol Paşinyandır!”.

Milli Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri “Şərq”ə açıqlamasında vurğulayıb ki, mövcud reallığı dərk edən Rusiya rəhbərliyi və rəsmiləri açıq şəkildə işğalçı Ermənistana siyasi dəstək vermirlər. Lakin Qarabağdakı hərbi əməliyyatlardan kənar durmağa məcbur edilən şimal qonşumuz münaqişənin həllində ədalətli mövqe tutmaq niyyətində deyil. O səbəbdən Türkiyənin prosesdə yaxından iştirakı zəruridir:

“Türkiyə rəsmilərinin Azərbaycana ardıcıl səfərləri münaqişəyə müdaxilə etmək niyyətində olan kənar gücləri çəkindirmək mahiyyəti daşıyır. Azərbaycana hələ də təzyiqlər var. Proses yekunlaşmaya doğru getdikcə, təzyiq məsələsi daha da intensivləşir. Bildiyiniz kimi, Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək Qarabağla bağlı müzakirələr aparıb. Aydındır ki, Rusiya indiki mərhələdə Laçın dəhlizinin azad edilməsindən və Ermənistanla separatçılar arasında sərhədlərin bağlanmasından narahatdır. Əminəm ki, telefon danışığında bu məsələ Kreml rəhbəri tərəfindən qaldırılıb. Bizim üçün çox önəmli olan Şuşa məsələsi həll olmaq üzrədir, bəlkə də başa çatıb. Şuşanın qurtuluşu simvolik olaraq Ermənistan və qondarma rejimdə, o cümlədən erməni cəmiyyətində mənəvi-psixoloji cəhətdən böyük ruh düşkünlüyü yaradacaq. Bununla da düşmənin sonuncu müqaviməti qırılacaq”. 

N.Mirinin fikrincə, Rusiya məsələyə birbaşa müdaxilə etməsə də, əlindən gələni edir ki, indiki vəziyyətdə Azərbaycan tam qalib durumda olmasın:

“Yaxın günlərdə Azərbaycan xalqının qeyd edəcəyi Qələbə paradı sadəcə təcavüzkar Ermənistanın deyil, eyni zamanda Rusiyanın geosiyasi cəhətdən regionda məğlubiyyəti demək olacaq. Putinin Azərbaycan dövlət başçısına təcili zənginin əsas mahiyyəti bundan ibarətdir. Kreml rəhbəri hansısa hadisədən təşvişə düşən kimi dərhal Bakıya telefon açır. İstənilən formada Moskvanın təzyiqlərinin, qərəzli münasibətin qarşısını almaq üçün qardaş Türkiyənin fəal olması, rəsmi şəxslərin Azərbaycana ardıcıl səfərləri önəmli və vacibdir. Bütün bunlar Ankara hökumətinin Azərbaycana hansı formada dəstək göstərdiyinin təzahürüdür. Şübhəsiz, Türkiyə nümayəndələrinin Bakıda səsləndirdikləri mesajlar da ermənilərə, düşmənin himayədarlarına, ələlxüsus Rusiyaya ciddi mesajdır. Məhz qardaş ölkənin dəstəyi sayəsində beynəlxalq güclərin təzyiqinə sinə gəririk”.
 
Cənubi Qafqaz Sülh və Münaqişə İnstitutunun rəhbəri Məhəmməd Əsədullazadə də “Şərq”ə bəyan edib ki, hazırda Azərbaycan uğurlu hərbi əməliyyatlar keçirir. Yeni qələbə xəbərləri gəlir və çox qısa vaxtda biz möhtəşəm qələbələrin şahidi olacağıq. Ona görə də Azərbaycanı istəməyən qüvvələr sanki pusqudadır. Lakin Ankara-Bakı tandemi bu məsələləri prinsipial olaraq dəf edəcəyi şübhəsizdir:

“Türkiyə rəhbərliyi yaxşı bilir ki, Moskvadan növbəti təzyiqlər ola bilər. Çünki Rusiya Azərbaycanın ərazi bütövlüyünün tam şəkildə bərpasında maraqlı deyil. Yeni təxribatlar ola bilər. Ona görə də Qarabağda cərəyan edən hadisələr bilavasitə Türkiyə üçün xüsusi cizgidir. Ankara ola biləcək təhlükədə dərhal qarşıda olacaq. Bu istiqamətdə danışıqlar və razılaşmalar gedir. Azərbaycan və Türkiyə artıq yeni bir siyasi düzən qurur”.