Uydurma qanun da işlərinə yaramayacaq

Ermənistanın muzdlu döyüşçülərlə bağlı özbaşına qəbul etdiyi qanun əsassız sayılır və hüquqi əsası yoxdur

Müxtəlif terror təşkilatlarının üzvlərinin, o cümlədən xarici ölkə vətəndaşlarının Azərbaycanın işğal olunmuş ərazilərinə gətirilərək Ordumuza qarşı hərbi əməliyyatlara cəlb olunması faktları toplanılıb. Hərbi əməliyyatlar zamanı zərərsizləşdirilmiş döyüşçülər arasında çoxlu sayda Suriya, Livan, ABŞ, Kanada, Yunanıstan və Fransadan gələn muzdlular müəyyən edilib. Onların Ermənistan tərəfindən münaqişə bölgəsinə gətirilməsi haqqında sübut və dəlillər aşkarlanıb.

Bundan başqa, Ermənistanın təşəbbüsü ilə PKK terror təşkilatının işğal olunmuş Azərbaycan torpaqlarında hərbi bazalar qurması və Azərbaycana qarşı vuruşması ilə bağlı əsaslı məlumatlar mövcuddur. Terrorçuluq fəaliyyətinə görə dəfələrlə məhkum edilmiş Fransa vətəndaşı Gilbert Minasyan və onun rəhbərlik etdiyi 15 nəfərdən ibarət hərbi təcrübəyə malik dəstənin işğal altındakı ərazilərimizə gəlməsi faktı bir neçə gün öncə üzə çıxarılmışdı. Hərbi qarşıdurmada iştirak edən yaraqlılar erməni kökənlidir, lakin onlar ABŞ, Fransa və hətta Rusiya vətəndaşlığına sahibdirlər.

Bu barədə “Ura.ru” xəbər agentliyi yazıb. Saytın məlumatına görə, muzdluların hərbi əməliyyatlara cəlb edilməsində mühüm rolu diaspor təşkilatları və ictimai birlik adı altında fəaliyyət göstərən strukturlar oynayır. Onlar erməni mənşəli əcnəbi ölkə vətəndaşlarını “könüllülər” adı altında hərbi əməliyyatlara cəlb edirlər. Hərbi birləşmələrin üzvləri “Novoya Qazeta” və VVS-yə açıq şəkildə bildiriblər ki, Ermənistan silahlı qüvvələrinin sıralarında olmasalar da, hərbi əməliyyatların aparıldığı bölgəyə azərbaycanlılara qarşı müharibə etməyə gəliblər. 

Prezidentin köməkçisi Hikmət Hacıyev də tvitter hesabında yazıb ki, Ermənistanda xarici muzdluların olması “Reuters”in reportajında təsdiqlənib. Reportajda vurğulanıb ki, Livan və Suriyadan olan muzdlular, eləcə də PKK terrorçuları hazırda Ermənistandadır. 
Muzdluları Azərbaycan Ordusuna qarşı döyüşdürən Ermənistan tərəfi ittihamlardan boyun qaçırmaq üçün terrorçuların orduya cəlb olunmasını “qanuniləşdirib”. Ermənistan parlamentində könüllü dəstələrin komandanlığının yaradılması haqqında qanun ikinci və yekun oxunuşda qəbul edilib.

Bununla da Ermənistan hakimiyyəti muzdluları “könüllü dəstələr” adı altında formalaşdırdığını qanuni formada etiraf edib. Parlamentin qəbul etdiyi sənədlə buna hüquqi don geyindirilib. Qanun Ermənistan ordusunda xidmət edəcək terrorçuların fəaliyyətinə “hüquqi baza” yaradılmasına imkan verir. 
Məlumat üçün bildirək ki, muzdlu anlayışı Birinci Cenevrə Konvensiyasının 47-ci maddəsində əksini tapıb. Həmin maddəyə əsasən muzdluların hərbi münaqişədə iştirakı beynəlxalq humanitar hüquqa ziddir.

Ermənilərin muzdlu məsələsini “qanuniləşdirmə” cəhdini “Şərq”ə şərh edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli deyib ki, ermənilər o qədər həyasızlaşıblar ki, muzdlu döyüşçülərin videolarını özləri yayırlar. Əmindirlər ki, buna görə təzyiqlərə məruz qalmayacaqlar, onlara “gözün üstə qaşın var” deyən olmayacaq. Deputatın sözlərinə görə, milliyyətcə erməni olmaq əhəmiyyət kəsb etmir, əgər başqa ölkənin vətəndaşıdırsa, heç bir halda Ermənistan ordusunun tərkibində döyüşə bilməz:

“Muzdlu kimi döyüşərsə, beynəlxalq qanunları pozduğuna görə, məsuliyyətə cəlb olunmalıdır. İstənilən ölkədə qəbul olunan milli qanunlar heç vaxt beynəlxalq qanunlara zidd ola bilməz. Beynəlxalq məhkəmələr daim qlobal miqyasda qəbul edilmiş qanunlar əsasında hökm verir. Ermənistanın muzdlu döyüşçülərlə bağlı özbaşına qəbul etdiyi qanun əsassız sayılır və hüquqi əsası yoxdur.

Bu məsələyə hüquqi don geyindirmək mümkünsüzdür. Ola bilsin, kimsə xaricdən ermənilərə məsləhət verib ki, belə bir “qanun” işə yarayar. Amma uydurma qanun düşməni xilas etməyəcək”. 

Parlament üzvü bəyan edib ki, Azərbaycan tərəfi ermənilərin muzdlu döyüşçülərdən, terrorçulardan istifadəsi ilə bağlı xeyli fakt toplayaraq müvafiq instansiyalara müraciət edib: “Beynəlxalq hüquq normalarını pozan Ermənistanı məsuliyyətə cəlb etmək üçün sona qədər gedəcəyik.
Ermənilərin bu addımı 1899-cu il Vyana Konvensiyasına, 1949-cu il Cenevrə Konvensiyasına, onun protokollarına daban-dabana ziddir”.