Ermənistanda yeni iqtisadi böhran yaşanacaq

İşğalçı ordunun silah və sursatı tükənmək üzrədir 

Ordumuz düşmənin 2.7 milyard dollarlıq silah-sursat və hərbi texnikasını ya məhv edib, ya da hərbi qənimət kimi götürüb


Azərbaycan Ordusunun son bir ay ərzində işğalçı Ermənistana vurduğu maddi ziyanın həcmi 3 milyard dollardan artıqdır. Nəzərə alsaq ki, düşmən döyüşlərdə 8 ədəd C-300 zenit-raket kompleksini itirib və onlardan birinin qiyməti 115-160 milyon dollar civarındadır, işğalçı ölkədə acınacaqlı mənzərə tam aydın olar. Ermənistanın maliyyə naziri Cancuqazyan bir neçə gün öncə bəyan etdi ki, müharibənin hər günü ölkə iqtisadiyyatı üçün 30 milyon dollara başa gəlir.

Ermənistanın 2020-ci il hərbi büdcəsi 634 milyon dollardır. Bir ay ərzində təcavüzkar dövlətin təkcə hərbi itkilərinin həcmi büdcədən ən azı 4,7 dəfə çoxdur. Digər tərəfdən 2020-ci ilin birinci yarısında Ermənistan iqtisadiyyatının onsuz da ağır olan vəziyyəti daha dramatik hal alıb. Həmin dövr ərzində xəzinəyə vergi daxilolmaları 50 faiz aşağı düşüb. İlin sonunadək ölkədə büdcə kəsiri ən optimist proqnozlara görə, 1 milyard dollar təşkil edəcək. Cari ilin iyul ayında isə Ermənistanın xarici dövlət borcu tarixinin rekord həddinə - 8 milyard dollara çatıb. Bu reallıq fonunda Ermənistanın strateji valyuta ehtiyatları sonuncu dəfə qeydə alınmış 2,6 milyard dollardan 1,5 milyard dollara enib. Yaxın günlərdə həndəsi silsilə ilə artan hərbi xərclərin ehtiyat valyutanı tam “yeyəcəyi” şübhəsizdir. Yəni prosesin bu istiqamətdə cərəyan etməsi düşmən üçün fəlakət deməkdir. 

Ermənistanın hazırkı iqtisadi durumunu analiz edən millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov deyib ki, işğalçı ordunun silah və sursatı tükənmək üzrədir. Deputat vurğulayıb ki, indiyədək rəşadətli ordumuz düşmənin 2.7 milyard dollarlıq silah-sursat və hərbi texnikasını ya məhv edib, ya da hərbi qənimət kimi götürüb:

“İllik dövlət büdcəsi 2.7 milyard dollardan az olan bir ölkə üçün bu ciddi bir itkidir. Aydındır ki, hətta Ermənistan silah və sursatların bir hissəsini pulsuz və ya borclanaraq alır. Lakin qısa zamanda hərbi texniki bazasını yenidən gücləndirməsi real deyil. “Humanitar uçuşlar” ilə silah daşınmağa cəhd edilsə də, pandemiyanın ümumi uçuşların sayını məhdudlaşdırdığını nəzərə aldıqda düşmən ölkədə ordu və təchizatın vəziyyətinin necə olduğunu təsəvvür etmək çətin deyil. Reallıq bundan ibarətdir ki, Ermənistan uzunmüddətli müharibə aparmaq imkanlarına malik deyil”. 

V.Bayramov qeyd edib ki, Azərbaycan yalnız Qarabağda deyil, iqtisadi baxımdan da Ermənistanı məğlub edir:

“Birmənalı şəkildə bu üstünlüyümüz qorunub saxlanılacaq. Gözlənilir ki, torpaqlarımız tam azad olunduqdan sonra Ermənistanda yeni iqtisadi böhran yaşanacaq. Təbii ki, bu da post-müharibə dövrü üçün Ermənistan iqtisadiyyatında ciddi tənəzüllərin, neqativ dəyişikliklərin olacağından xəbər verir. Bu baxımdan mövcud vəziyyət və qiymətləndirmələr növbəti dövrdə Ermənistan iqtisadiyyatı üçün yalnız pessimist proqnozlar verməyə imkan yaradır”. 
İqtisadçıya görə, Ermənistan üçün bu müharibə dövrü iqtisadi baxımdan kifayət qədər ağır dövr kimi qiymətləndirilir: “Aparıcı beynəlxalq qiymətləndirmə şirkətləri, o cümlədən “Fitch” beynəlxalq reytinq agentliyi Ermənistanın kredit reytinqini azaldıb. Bu ondan xəbər verir ki, növbəti dövrlərdə Ermənistanın iqtisadiyyatında daha böyük tənəzzül müşahidə edəcəyik.

Bu da Ermənistanda istehlak bazarında qiymət artımı, inflyasiya səviyyəsinin yüksəlməsi və yoxsulluq həddinin daha da dərinləşməsinə səbəb olacaq”.