Daha Ermənistan ordusu özünü bərpa edə bilməz

Ermənilərin təbliğ etdiyi, işğalçılığa köklədiyi ideologiya məhv edilir

“Ermənilər 30 il ərzində özlərini elə göstərirdilər ki, “məğlubedilməz” orduları var”. Bunu Prezident İlham Əliyev İtaliyanın “La Republica” qəzetinə müsahibəsində deyib. Dövlət başçısı bildirib ki, bizim onları döyüş meydanında məğlub etdiyimizi qəbul etmək onlar üçün yəqin ki, çox ağrılıdır. Dövlət başçısı bildirib ki, düşmən 30 il ərzində bizim əraziləri təkbaşına işğal etdiklərini deyirdilər, baxmayaraq ki, bunun doğru olmadığını bilirik. Beləliklə, biz onlara kimin kim olduğunu sübut etdik:

“Biz sübut etdik ki, onların guya “məğlubedilməz ordusu” əfsanədir, mifdir və bunu qəbul etmək onlar üçün çox ağrılıdır. Lakin onlar artıq öz məğlubiyyətlərini etiraf ediblər. Baş nazir Paşinyan prezident Putinə məktub göndərərək hərbi yardım xahiş edib. Bu, onların hərbi məğlubiyyətlərini və bizim qələbəmizi qəbul etmələri deməkdir”.

Ölkə rəhbərinin diqqət çəkdiyi məqamı dəyərləndirən millət vəkili Hikmət Babaoğlu deyib ki, Azərbaycan Ordusu çox mühüm tarixi zəfərlər əldə edir və döyüş meydanında Azərbaycan xalqının iradəsini həyata keçirməklə yeni hərbi-siyasi reallıqlar yaradır. Deputatın sözlərinə görə, bu, bizim haqlı olduğumuz müharibədə əldə etdiyimiz böyük uğurlardır.

Buna paralel olaraq Azərbaycan Ordusu həm də uzun illər ərzində formalaşdırılan “məğlubedilməz erməni ordusu” mifini də darmadağın edir: “Hər hansı ordu haqqında miflərin, obrazların yaradılması müharibənin psixoloji, ideoloji komponentlərindən biridir. Baxmayaraq ki, erməni ordusu heç vaxt Azərbaycan Ordusu üzərində qalib olmayıb, amma daima belə bir mif formalaşdırmağa çalışıblar.

Son yüz illik tariximizdə ermənilər daima üçüncü qüvvələrin iştirakı ilə müxtəlif döyüşləri udublar. İstər 1918-ci ildə, istərsə də ondan əvvəlki vaxtlarda və nəhayət, birinci Qarabağ savaşında biz bilirik ki, Sovet imperiyasının hərbi birləşmələrinin birbaşa iştirakı ilə Azərbaycan torpaqlarını işğal ediblər.

Amma buna baxmayaraq, onlar müharibəni sanki erməni ordusunun udması kimi bir təsəvvür yaratmaqla Azərbaycan tərəfinə psixoloji, ideoloji təzyiq vasitələri əldə ediblər.

Azərbaycan Ordusu real döyüş meydanında qələbə çalmaqla həm real müstəvidə erməni ordusunu, həm də onun süni şəkildə yaradılmış mifini darmadağın edir.

Düşünürəm ki, bu tarixi zəfərlər növbəti mərhələdə Azərbaycan əsgərinin real obrazını yaratmaqla bütün dünyaya mesaj vermiş olur ki, Azərbaycan Ordusu hansı gücə sahibdir və nələrə qadirdir. Bu üstünlük ən qısa zamanda Azərbaycanın qələbəsini təmin edəcək”. 

H.Babaoğlu bildirib ki, ermənilərin təbliğ etdiyi, işğalçılığa köklədiyi ideologiya məhv edilir:

“Bundan sonra nəinki onilliklər, qərinələr çərçivəsində Ermənistan ordusu bir daha özünü bərpa edə bilməz. Həm iqtisadi, həm demoqrafik, həm də ideoloji müstəvidə heç vaxt Azərbaycan Ordusu ilə qarşı-qarşıya gəlməyə cəsarət etməz. Çünki tarixi zəfərimiz bütün arqumentləri sıradan çıxarmaqla Azərbaycan Ordusunun gücünü bir daha ortaya qoymuş oldu”.