“CNN Türk”ün Gəncədəki müxbiri heyrətini gizlətmədi: “...Hər kəs cəbhəyə getmək istəyir"

“Nəyin bahasına olursa olsun, evlərini əsla tərk etməyən Azərbaycan xalqını gördüm”


“Yelləncəkdə sallanan uşaq, iyirmi günlük körpəsinə qida almağa çalışan ana, tarlada  işləyərkən başına qəlpə hissələri düşən qadın...Hər birinin hekayəsi eynidir”

“Azərbaycanlı qardaşlarımızın haqq səsini az da olsa, dünyaya çatdıra bilmək ən böyük xoşbəxtlikdir”



Apardığımız İkinci Dağlıq Qarabağ savaşında türk qardaşlarımızın bütün sahələrdə yanımızda olması, bizi dəstəkləmələri gün kimi aydındır. Televiziya kanalları, xəbər portalları da gecə-gündüz bizim haqq savaşımızdan yazırlar. Daha qürurverici və sevindirici məqam isə türkiyəli jurnalistlərin bir çoxunun bu günlərdə Azərbaycanda, o cümlədən, dağıntılara məruz qalan Gəncədə, Bərdədə… hətta cəbhə zonasında olmalarıdır. Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün həyatlarını təhlükəyə atırlar. Silah səsləri ilə yatıb, silah səsləri ilə oyanırlar. Bunu ancaq vətəndaşlar, bir də vətəndaştək əziz olanlar edə bilərlər.

Türkiyənin “CNN  Türk” telekanalının əməkdaşları ilk günlərdən etibarən ölkəmizdədirlər. Gənc müxbir Halil Kahraman bu günlərdə Gəncədədir. O, düşmən təxribatlarına, dağıntılara, xalqın qəhrəmanlığına dair materiallar hazırlayır, dünyaya təqdim edir. Eyni ilə rəhmətlik Çingiz Mustafayevtək.

"Sherg.az” olaraq türkiyəli həmkarımızla əlaqə saxladıq və mövcud durumla əlaqədər fikirlərini öyrəndik:

- Bir jurnalist olaraq Dağlıq Qarabağ müharibəsi ilə bağlı nə düşünürsünüz?

- Qarabağ savaşında mənim gördüyüm ən ciddi detal mülki əhalinin qətlə yetirilməsidir. Yelləncəkdə sallanan uşaq, iyirmi günlük körpəsinə qida almağa çalışan ana, tarlada  işləyərkən başına qəlpə hissələri düşən qadın...Hər birinin hekayəsi eynidir. Gündəlik həyatlarını davam etdirərkən Ermənistanın təxribatları nəticəsində gözlərini əbədi yuman günahsızlar...Başqa bir məqam isə Azərbaycanıın ordusunun professionallığı və cəbhədə əldə etdiyi uğurlardır. Daim yüksək əhval-ruhiyyədədirlər. Vətən və bayraq sevgisilə, mərdliklə cəbhədə mübarizə aparırlar. Belə olanda, əlbəttə, zəfər zəfər arxasınca gəlir. İnşallah, ən qısa zamanda Ermənistanın heç bir hüquqa əməl etmədən, haqsız olaraq işğal etdiyi torpaqları geri alarıq. Və, əlbəttə, hər şeyə rəğmən, evlərini, yurdlarını tərk etməyən insanlar...Qorxmadıqlarını deyirlər. Bildirirlər ki, ölsək də, yaralansaq da, bu torpaqları qoyub getməyəcəyik. Nəyin bahasına olursa olsun, evlərini əsla tərk etməyən Azərbaycan xalqı...



-Nə qədər vaxtdır Azərbaycandasınız?

- Müxbir yoldaşım Fulya Öztürklə birlikdə oktyabrın 13-dən etibarən buradayam.

-Maraqlıdır, ezamiyyət xəbərini eşidəndə hansı hissləri keçirdiniz?

-Biz bura gəlməyi, azərbaycanlı qardaşlarımızın yanında olmağı, əlimizdən gəldiyi qədər köməklik göstərməyi onsuz da çox istəyirdik. Yəni Gəncəyə könüllü gəlmişik və bunun üçün çox xoşbəxtik. Azərbaycanlı qardaşlarımızın haqq səsini az da olsa, dünyaya çatdıra bilmək ən böyük xoşbəxtlikdir.

-Yerli əhali sizi necə qarşıladı?

-Azərbaycan xalqının qardaş Türkiyə ilə əlaqələrinin yüksək olduğunu bilirdim. Amma bu qədərini mən də təxmin etmirdim.. Təyyarədən düşdüyümüz andan indiyədək xalqın sevgisini hiss edirik. Telefonuma gündə yüzlərlə dəstək və təşəkkür mesajı gəlir. Bu, bizim əhvalımızı da yüksəldir. Allah bütün azərbaycanlılardan razı olsun. Əlbəttə, göstərdiyiniz sevgi qarşılıqlıdır. Biz də sizi çox sevirik.

-Beynəlxalq münasibətlərin mürəkkəb olduğu belə çətin bir vaxtda vətəninizi qoyub Azərbaycana gəlmək, sevdiklərinizdən ayrılmaq çətin olmadı?

- Türkiyədə ailəmiz, qohumlarımız, əzizlərimiz var. Ordan uzaqlaşıb bura gəlmək təbii ki, çətindir. Onlar üçün darıxırıq. Sevdiklərimiz də bizdən narahatdırlar. Fəqət qardaş ölkə Azərbaycan üçün hər şeyi etməyə hazırıq. Hər şey yaxşıdır. Heç bir problem yoxdur. Burdayıq və burda olmağa davam edəcəyik.

-Bəs hələ nə qədər Azərbaycanda qalacaqsınız?

-Biz Türkiyə mediası və “CNN Türk” olaraq savaş bitənədək burada qalacağıq. Amma heyətlər dəyşir. Bizdən əvvəl başqaları gəlmişdi. Təxminın bir ayımız tamam olduqdan sonra Fulya xanımla geri qayıdacağıq  və digər komanda gələcək. Yəni dediyim kimi, müharibə bitənədək “CNN Türk” Azərbaycanda olacaq.

-Sizcə, indi informasiya siyasətini necə tənzimləmək lazımdır?



-Mən olan hər şeyi auditoriyaya çatdırmağın tərəfdarıyam. Torpaq azad olunanda da, şəhidlər olanda da, düşmən məhv ediləndə də tamaşaçılara, oxuculara və dinləyicilərə xəbər verilməlidir. Düşünmürəm ki, şəhid xəbəri Azərbaycan xalqında ruh düşkünlüyü yaratsın. Çünki otuz illik torpaq həsrəti var. Küçədə gördüyün hər kəs könüllü cəbhəyə getmək istəyir.. Yəni hansısa xəbərin əks effekt verəcəyinə inanmıram. Nə olubsa, o da çatdırılmalıdır.

-Amma düşmən dezinformasiyalar yayır, montaj edilmiş foto və videolar paylaşır...

-Yalan foto və sənədlər yaymaq, sözsüz ki, çox pis və yolverilməz haldır. Saxta xəbərlərin yalan oluğu bir müddət sonra üzə çıxır. Beləliklə, həmin məlumatları yayanlara, xüsusilə rəhbər şəxslərə inam azalır. Daha pis nəticələr üzə  çıxır. Saxta xəbərlər hazırlamaq acizlikdir. Bir yerdə dezinformasiyanın mövcudluğu vəziyyətin heç də yaxşı olmadığını göstərir.