Gürcüstan parlamentinin üzvü: “Qarabağ məsələsini gündəmə gətirə bilərəm...”

“Çünki Gürcüstan bizim vətənimiz, Azərbaycan da milli dövlətimizdir. Azərbaycanı sevirəm və bu haqq işində uğurlar diləyirəm”

“Azərbaycan dövləti öz haqq işini görür və BMT-nin qətnamələrini icra edir. Burada başqa bir məsələ yoxdur”

“Gürcüstan dövləti həmişə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirib”



Gürcüstanda 10-cu çağırış parlament seçkilərində 3 azərbaycanlı deputat mandatı qazanıb. Hakim “Gürcü Arzusu” partiyasından olan Zaur Darğallı Marneuli-Qardabani seçki dairəsi üzrə majoritar qaydada, Savalan Mirzəyev isə proporsional qaydada (partiya siyahısı ilə) deputat mandatı əldə ediblər. Digər namizəd Abdulla İsmayılov “Vahid Milli Hərəkat” partiyasının proporsional siyahısı üzrə deputat mandatı qazanıb.
Azərbaycanlıların kompakt yaşadığı Qardabanidən seçilən Savalan Mirzəyevlə həmsöhbət olduq.

“Sherg.az” müsahibəni təqdim edir:

-Savalan bəy, parlamentdəki fəaliyyətinizi hansı istiqamətlər üzrə quracaqsınız? Daha çox hansı məsələlərin həllinə çalışacaqsınız? 

-2016-cı ildə də Gürcüstan parlamentində 9-cu çağırış deputatı idim. Qardabani rayonundan majoritar qaydada seçilmişdim. Yeni parlamentdə yalnız mənim yox, komandamızın iş fəaliyyəti pandemiyadan irəli gələn böhran və çətinliklərlə bağlı olacaq. Bu problemlərin həlli istiqamətində düzgün strategiya hazırlamaq və bunun üzərinə işləmək lazımdır. Əhalinin güzəranının yaxşılaşmasına yönəlik işlər görülməlidir. 10-cu çağırış parlament üzvləri toplanan kimi ilk işimiz 2021-ci il dövlət büdcəsinin qəbul edilməsidir. Bir çox layihələr nəzərdə tutulub: ümumi sosial vəziyyət, infrastruktur layihələri və.s. Layihələrin həyata keçirilməsi üçün dövlət büdcəsinin bölgüsünü düzgün etmək lazımdır. Bununla bağlı artıq 9-cu çağırış parlamentin komitələrində müzakirə və dinləmələr olub. 2021-ci ilin dövlət büdcəsinin qəbulu isə 10-cu çağırış yeni parlamentin üzərinə düşür.

- Gürcüstanda çoxlu sayda soydaşımız yaşayır.  Onlarla bağlı bəzi problemlər mövcuddur. Bu istiqamətdə hansısa işlər görülə bilərmi?

Gürcüstandakı soydaşlarımızı narahat edən problemlərdən xəbərdaram. Parlamentdə deputat seçilməmişdəm əvvəl, yəni 2016-cı ilə kimi milli azlıqlar məsələsi üzrə baş nazirin köməkçisi vəzifəsində çalışmışam. Ona görə də bölgədəki vəziyyətlə yaxından tanışam və problemlərin nədən ibarət olduğunu yaxşı bilirəm.

Düzdür, bu gün mövcud olan problemləri illər öncəki problemlərlə müqayisə etmək düzgün deyil. Çünki bir çox problemlər həll edilib. İnfrastruktur və sosial layihələr, ictimai işlərdə irəliləmələr çoxdur.

Artıq bunu ictimaiyyət də görür. Gürcüstanda 80 faiz qazlaşdırma işləri görülüb. Bu, çox böyük işdir. İnfrastruktur layihələri baxımından bölgədə Qardabani, Marneuli rayonu ön sıradadır. Çünki yerli büdcənin verdiyi imkanlardan düzgün istifadə edərək problemləri xalqla birgə müzakirələr nəticəsində həll edəcəyik. Əlbəttə, indi də bir sıra problemlər var. Bu problemlərin həlli üzərində də işləyirik. Əsas problemlərdən biri işsizlikdir. Maksimum şəkildə çalışırıq ki, investorlar dəvət edək, bölgəyə investisiya yatırımları olsun. İnvestorlara əsas təkliflərimiz isə dövlət tərəfindən onlara hər cür şəraitin yaradılması və qarşılığında yerli sakinləri işlə təmin edilməsidir. Bəzi istiqamətdə problemləri həll etsək də, təəssüf ki, işsizlik problemi hələ də olduğu kimi qalır.

-Gürcüstandakı soydaşlarımızın təhsil məsələləri ilə bağlı vəziyyət nə yerdədir

-2012-cı ilə qədər Gürcüstan ali məktəblərində 350-yə yaxın tələbə var idi. İndi bu rəqəm 3500-ə yüksəlib. İlk növbədə buna görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə öz təşəkkürümü bildirirəm. Onun tapşırığı nəticəsində Gürcüstanda yaşayan soydaşlarımızın təhsil alması üçün maksimum şəkildə dəstək var. Azərbaycan Dövlət Neft şirkəti 3500 tələbənin təhsil haqqını ödəyir.

Bu da o imkanı yaradır ki, soydaşlarımız gürcü ali tədris ocaqlarında təhsil ala bilir və gürcü ictimaiyyətinə inteqrasiya edə bilirlər. Əminlik və fəxrlə deyə bilərəm ki, təhsil sahəsində də böyük nailiyyətlər əldə etmişik

-Azərbaycandakı hərbi əməliyyatlardan xəbərdarsız. Gürcüstanın haqq savaşımıza münasibəti necədi? 

-Azərbaycan dövləti öz haqq işini görür və BMT-nin qətnamələrini icra edir. Burada başqa bir məsələ yoxdur. Azərbaycan hər zaman öz ərazi bütövlüyü üçün nə lazımdırsa, edir, etməlidir də. Gürcüstan dövləti həmişə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirib. Gürcüstan parlamentində Qarabağla bağlı məsələnin gündəmə gətirilməsi lazım gələrsə, bunu böyük məmnuniyyətlə edərəm.

Çünki Gürcüstan bizim vətənimiz, Azərbaycan da milli dövlətimizdir. Azərbaycanı sevirəm və bu haqq işində uğurlar diləyirəm.