“Prezident həm informasiya, həm də ideoloji savaşda zəfər çalır”

Noyabrın 2-də Prezident İlham Əliyev İtaliyanın “La Republica” qəzetinə müsahibə verib. Ölkə başçısı bir sıra mühüm məqamlara toxunub. Prezident hər zamankı kimi Azərbaycanın haqq savaşı barədə həqiqətləri beynəlxalq aləmin diqqətinə çatdırıb.


Ölkə rəhbəri qeyd edib ki, Ermənistan ordusu üç dəfə atəşkəs rejimini pozaraq sülh danışıqlarında maraqlı olmadığını bəyan edib:

“Xronologiyaya nəzər salaq. Birinci atəşkəs Moskvada razılaşdırılmışdı, 24 saatdan da az vaxt ərzində onlar Ermənistan ərazisindən ballistik raketlə Gəncəyə hücum etdilər.
Bu, sübut olunub. Rusiya, Fransa, Amerika Birləşmiş Ştatları və bir çox başqa ölkələr ballistik raketin haradan buraxılmasını aşkar edə bilərlər. Odur ki, onlar raketin Ermənistandan buraxıldığını bilirlər.

Paşinyan bunu onlar etməyiblər dedikdə yalan danışırdı. Bu, 24 saatdan az müddətdə baş vermişdir və onlar gecə çox namərdcəsinə hücum etdilər, onlar bilərəkdən yaşayış yerinə hücum etdilər və bu iki hücum nəticəsində demək olar ki, 30 günahsız insan, o cümlədən uşaqlar öldürülmüşdür.

İkinci atəşkəs elan olunduqdan beş dəqiqədən sonra onlar tərəfindən pozulmuşdur və üçüncü atəşkəsi onlar Bərdəyə hücum etməklə pozdular. Beləliklə bunu edən biz deyildik. Biz nə etməli idik?

Onlar bizi öldürdükdə oturub gözləməli idik? Əlbəttə ki, biz cavab verdik və bunu etməyə davam edəcəyik. Onlara atəşkəs təcavüzlərini davam etdirmək, bizim azad etdiyimiz torpaqları geri alıb və yenidən işğal etməyə cəhd etmək üçün lazım idi.

Onlar mülki şəxslərə hücum etməklə Azərbaycanda, həmçinin xaos və panika yaratmaq istəyirdilər. Lakin onlar Azərbaycan xalqının ruhunu düzgün hesablaya bilməmişdilər. Bəli, biz bu namərd hücumlardan əziyyət çəkdik. Bu vaxtadək 91 nəfər mülki şəxs öldürülüb və 400-dən çox adam yaralanıb. Lakin bu, bizim iradəmizi sındırmadı. Əksinə, bu, bizi daha da güclü etdi".



Prezidentin çıxışını “Sherg.az”a şərh edən iqtisad elmləri doktoru, professor, millət vəkili Rüfət Quliyevin sözlərinə görə, Azərbaycan Prezident əlindən gələni edir ki, Qarabağla bağlı həqiqətləri beynəlxalq aləmə çatdırsın. Deputat bildirib ki, ölkə başçısı dünya platformasındakı çıxışlarında münaqişənin tarixi səbəblərini də izah edir:

“Hər dəfə cənab Prezidentin verdiyi müsahibələrin təsiri olur. Artıq ermənilərin yaratdığı informasiya problemini həll etmişik. Paşinyan və onun yanındakı şəxslərin bir metodu var:

“Nə qədər çox yalan desək, bizə bir o qədər çox inanacaqlar”. Amma düşmənin informasiya sahəsindəki yalanlarının qarşısını çoxdan almışıq. Cənab Prezident ön cəbhədə olduğu kimi, informasiya  müharibəsində də qalibdir. Əsas odur ki, Avropa və dünya cəmiyyəti, Minsk qrupu ölkələri, Rusiya və digər qonşu dövlətlər həqiqəti bilsinlər”.

R.Quliyev vurğulayıb ki, ölkə başçısı praqmatik formada sosial-iqtisadi siyasətini həyata keçirir,həm informasiya, həm də ideoloji savaşda zəfər çalır:

“Prezidentimizin sözünə daha çox inanırlar. Çünki ölkə başçısı beynəlxalq dərəcəli və nüfuzlu bir siyasətçidir. İqtisadiyyatda, hərbdə, bir sözlə hər yerdə Prezidentimizin rolu böyükdür.

 Düşünürəm ki, biz savaşı uduruq. Açığı, cəbhədə mübarizə daha rahatdır. Lakin informasiya savaşında mübarizə aparmaq çox çətindir. 

İstənilən xarici media nümayəndləri müraciət edəndə ölkə başçısı suallara cavab verir.  Hər kəs cənab Prezidentin beynəlxalq hüquqa əməl etdiyini görür”.