"Ölkəmizin imicinə zərər verəcək yanlış məlumatları tənqid edirik" - İnfluencer

Arzu Cəlili: "Elə vaxt olub ki, hansısa məşhur Azərbaycandan üzr istəyib və ya postunu silib"

"Bu iş sevgi tələb edir, kim gəlir yeri kimi yanaşsa, alınmayacaq"


“Son vaxtlar qarışıq hisslər yaşayıram. Torpaqlarımızın bir hissəsi qayıdıb deyə çox sevinirəm. Həm də şəhidlərimizə görə bir az məyusuq”.
Bu sözləri influencer Arzu Cəlili "Şərq"ə verdiyi müsahibəsində deyib. O, həmçinin öz fəaliyyətindən və Bloggerlərin informasiya müharibəsində iştirakından danışıb.

- Bəzən bloggerliyə dırnaqarası sahə kimi yanaşırlar. Amma müharibə dönəmi, xüsusilə informasiya müharibəsi bunun əksini sübut etdi...

- Bu mövzunu iki hissəyə bölüb cavablandırmaq istəyirəm. Birincisi, hər aktiv sosial media istifadəçilərini blogger, influencer adlandırmaq olmaz. Fenomenə fenomen, bloggerə blogger demək lazımdır. Kimin kütləsi böyükdürsə ona bu adı ünvanlayırıq. Sonra bu sahəyə yaraşmayan davranışlar görəndə  dırnaqiçi sahə kimi yanaşırıq. Mən blogger deyiləm. Əgər özümə bir ad verməliyəmsə bu ancaq influencer ola bilər. Hansı ki, kiməsə ilham olursan. İkincisi isə deyim ki, aldığım mesajlardan, geri dönüşlərdən gördüyüm qədərilə informasiya müharibəsində iştirakımızla bağlı fəaliyyətimiz yüksək qiymətləndirilir. Öz adıma deyim ki, mən bunu təşəkkür və ya təqdir olunmaq üçün etmirəm. Bu mənim borcumdur. Əgər səhifəmə daha çox insan baxırsa və mən səsimi onlara çatdıra bilirəmsə niyə də etməyim? Əksinə etməmək ayıb olar. Amma dediyim kimi, bu dövrdəki aktivliyimizlə bağlı çox müsbət geri dönüşlər alıram. Hətta televiziyada da politoloqlar belə sosial medianın gücündən danışırlar. O güc bizik: izləyicilərimiz, digər dostlarımız, bir sözlə, tək mən yox.

- İzləyicilər demişkən, onları düzgün yönləndirmək də vacibdir. İstəmədən dezinformasiya ötürmüsüz heç?

- Bəlkə də fərqində olmadan etmişəm. Hazırda xatırlamasam da bir mövzunu üzülərək qeyd etmək istəyirəm. Təəsüf ki, bəzi xəbər saytları var ki, paylaşılmamalı videoları, şəkilləri, xəbərləri yayımlayırlar. Həm də sırf reytinq xatirinə. Mən də isə belə hal olmayıb.

- Necə düşünürsüz, sentyabrın 27-dən bu yana blogger, influenclerərin işi nədən ibarət oldu?

- Əsas işimiz izləyicilərimizlə birləşib gün aşırı kiber hücumlar etməkdən ibarət oldu. Hansı ki, onlarla birləşib hansısa sayt və ya məşhurun səhifəsində ölkəmizin imicinə zərər verəcək yanlış məlumatlara öz rəylərimizi yazırıq, tənqid edirik. Hətta olub ki, hansısa məşhur Azərbaycandan üzr istəyib və ya paylaşdığı postu silib.

- Blogger xanımlarımızla birləşib bu dönəmə xas nəsə etmisiz?

- Bəli, biz birlikdə yardım demək istəməzdim, amma əsgərlərə müəyyən paylar göndərmişik.Yardım aksiyaları keçirmişik. Məncə, bu ərəfədə əsgərlərimiz və ya zərər çəkən ailələr üçün yardım aksiyaları təşkil etmək daha məqsədə uyğundur.

- Hazırda  "twitter"də aparılan informasiya müharibəsi daha ön plandadır. Bəs siz necə, izləyicilərinizlə birlikdə nə edirsiz?

- Sizin də vurğuladığınız kimi bu dövrdə, xüsusilə "twitter"də mübarizə çox önəmlidir. Özüm ilə bərabər izləyicilərimi də bu platformaya yönləndirirəm. Lazım oduğu vaxt, müdaxilə etməli olduğumuz paylaşım varsa, həll edirik. Əsasən, vaxt və haştaglar təyin edirik, həmin vaxta həmin haştaglarla kütləvi paylaşımlar edirik. Beləliklə, gündəmə düşməyi bacarırıq.

- Müharibə dönəmində uşaqlarla məşğul olmaq çox vacibdir. İki qızınız var, onlarla necə söhbət aparırsız?

- Mən öz övladlarıma daha çox vətənə sevgini öyrətməyə çalışıram və bunun tərəfdarıyam. Çünki uşaqlarda düşmənə belə olsa yaranan aqressiya başqa şeylərə də sirayət edə bilər. Ona görə də azyaşlı uşaqlara bu haqda çox da ətraflı məlumat vermirəm. Sadəcə çox məyus olduğum bir ərəfə var idi ki, qızım bunu hiss edirdi, məndən  soruşurdu "Ana, niyə beləsən, niyə ağlayırsan"? Və mən də səthi də olsa baş verənləri anladırdım. Onsuz da onlara tarix dərsində tədris olunacaq, vaxtı gələndə bizim nələr yaşdığımızı biləcəklər. Düşünürəm ki, indidən o nifrəti yaratmağa ehtiyac yoxdur.

- Qarabağ tam azad olunandan sonra orada nəsə etmək arzunuz varmı?

- Elə yenicə bu haqda yazmışdım. Biz Qərbi Azərbaycanlıyıq, Göyçə mahalından. Təbii ki, bizim artıq ora getməyimiz mümkünsüzdür. Atam dedi ki, Kəlbəcərə çox yaxındır. Orada "Yal" deyilən yer var və mən ordan baxanda Göyçəni görə biləcəm. Ən böyük arzum atamı ora aparmaq və uzaqdan da olsa doğulduğu yeri göstərməkdir.

- Fəaliyyətinizlə bağlı bir neçə sual vermək istəyərəm. Bu sahədə nə zaman "hə, məndə alındı" dediz və sizin kimi influencer, blogger olmaq istəyənlərə məsləhətiniz?

- Sevindiyim bir anı sizin ilə paylaşmaq istəyirəm. Mən saytda işləyirdim və sizin kimi müsahibə götürürdüm. Bir gün mənə müsahibə vermək istəməyən insan illər sonra məndən mənim səhifəmdə öz işinin, saytının reklamını etməyimi xahiş etdi və mən onda dedim "hə, deyəsən məndə yaxşı alınır". Qaldı ki, ikinci sualınıza, ən əsas bir məsləhət verə bilərəm ki, bu işə biznes kimi yanaşsalar, başlamasınlar. Bu iş sevgi tələb edir.Təbii ki, bir müddət sonra pul da qazanacaqlar. Lakin sırf gəlir yeri kimi baxsalar alınmayacaq. Təşəkkürlər.

 Sona Şıxəmirli