Xalq öz qəhrəmanlarını tanımalıdır

"İgidlərimizin hər biri haqqında filmlər çəkilməli, onların döyüş rolu ictimaiyyətə təqdim olunmalıdır"

Azərbaycan artıq bir aydan çoxdur ki, Böyük Vətən Müharibəsi aparır. Müzəffər Ordumuz ön cəbhədə tarix yazaraq işğalda olan torpaqlarımızı geri qaytarmaqda davam edir. Otuz illik işğalın acı nəticələrini aradan qaldırarkən, tarixi ədaləti bərpa edərkən hərbçilərimiz şəhid olur. Azərbaycan xalqı, Azərbaycan türkləri də yarandığı gündən öz azadlığı, müstəqilliyi, bütövlüyü uğrunda tarix boyu çoxsaylı şəhidlər verib. Vətən torpaqlarımız qanlı göz yaşları, şəhid qanları ilə yoğrulub, suvarılıb. Ana vətəni, balaların xoş gələcəyini, baba-nənələrin şirin yuxusunu qoruyan cəngavər oğullarımız bu amal uğrunda canlarını belə əsirgəməyiblər.


Tarix bu dəfə də təkrarlandı. Bu günləri neçə-neçə qəhrəman oğullarımız öz qanları hesabına torpaqlarımızı erməni daşnaklarından azad edir və bu yolda canlarını qurban edirlər. Təbii ki, hər bir şəhidin həyatını, igidliyini salnamələşdirmək isə bizim borcumuzdur. Çünki bu salnamələr gələcək nəsillərə layiqincə çatdırılmalıdır ki, onlar da torpağımızın necə igidlər yetişdirdiyini bilsinlər. 

Tarixçi, tədqiqatçı Elmar Həsənli deyir ki, gələcək nəsillərimiz düşmənlərin namərdliklərini, alçaq hərəkətlərini unutmaması üçün bir sıra mühüm işlər görülməlidir. O bildirib ki, indiki dövrdə müasir texnologiyaların inkişafı daha çox imkan verir ki, qəhrəmanlarımızın hər birinin adı əbədiləşdirilsin:

"Bu gün az da olsa ön cəbhədə olan igidlərimizin yazdığı qəhrəmanlıqlar bizlərə gəlib çatmaqdadır. İnşallah, tam qələbədən sonra onların hər biri haqqında geniş bilgilərə sahib olacağıq. Tarixə nəzər saldıqda vaxtilə Sultanbəy Sultanov, Hacı Yusif Ağa Dadaşov və sair kimi igidlərimiz çox olub. Onlar öz qəhrəmanlıqları ilə əsl tarix yazıblar. Məsələn, Hacı Yusif Ağa Dadaşov Bakı milyonçusu olub. O, həm də daşnaklarla döyüşən müddətdə öz hesabına Rusiyadan silahlar gətizdirib. O düşmənlərə əsir düşəndə Valayan ona deyir ki, qılıncımın altından keç. Onun cavabı isə belə olur: "Türk ölər, amma düşmən qılıncının altından keçməz!" Təbii ki, bütün bu informasiyalar bizə arxiv sənədlərində olan bilgilər hesabına gəlib çıxıb. Bu gün qəhrəman şəhidlərimiz var. Onların adlarının əbədiləşdirilməsi mütləqdir.  İndiki müasir dövr bizlərə imkan verir ki, şəhidlərimiz və onların göstərdikləri qəhrəmanlıqlar haqqında dastanlar, romanlar, şeirlər yazılsın və hər birinin adı dərsliklərə salınsın".

Ekspert hesab edir ki, şəhidlərimiz, cəbhədəki qəhrəmanlarımız haqqında ümumilikdə, "Azərbaycan Milli Qəhrəmanlar" adlı fotoalbom hazırlansın və hər biri haqqında qısa məlumatlar burada dərc olunsun.

Düşünürəm ki, həmin albom kütləvi tirajla pulsuz verilməlidir ki, hər kəs öz qəhrəmanını tanımaq imkanına sahib olsun. Televiziyada bu yaxınlarda xaçmazlı igidimiz Vüsal Şahkərimovun şəkli, mərd duruşu hər kəsin ürəyini fəth etdi. Hər bir Azərbaycan vətəndaşı onu tanımaq istədi. Bax, bu igidlərimizin hər biri haqqında filmlər çəkilməli, onların döyüş rolu ictimaiyyətə təqdim olunmalıdır. Onun barəsində döyüş dostlarından ətraflı bilgilər alınmalıdır". 

E.Həsənli vurğulayıb ki, Azərbaycanda qəhrəmanlıq muzeyi də yaradılmalıdır:

"Həmin muzeydə yeni qəhrəmanlarımızın döyüş rolu haqqında xüsusi fotolar asılmalıdır. Elə etmək lazımdır ki, böyükdən tutmuş kiçiyədək hər kəs onları tanısın. Gələcək nəsil onlar içərisində birini seçib özünü ona oxşatmağa çalışsın. Hesab edirəm ki, onların qəhrəmanlıqları, şücaəti tez-tez məktəblərdə danışılmalıdır. Heç olmasa, hər həftənin bir günü onlar haqqında televiziya efirlərində sənədli film nümayiş etdirilsin".