Qarabağ təkcə ərazi deyil, qürur məsələsidir

Qəşəm Nəcəfzadə müharibənin bir əxlaq dərsi olduğunu xüsusi vurğulayıb

Bu günə qədər Qarabağa həsrətdən doğan şeirlər, mahnılar yazılırdı. Amma indi başqadır. Şairlərimiz qələmi əllərinə alanda onları nisgil yox, sevinc boğur. Bir az da səbirsizlik, həyəcan şeirlərinə qonaq olur. Axı torpaqlarımız işğaldan azad edilir. 
İllərin həsrət yükü çiyinlərimizdən atılır. Müzəffər ordumuzun uğurlu əməliyyatları nəticəsində erməni vandalizminə məruz qalmış torpaqlarda şanlı bayrağımız dalğalanır. Hər gün kəndlərimiz, yaşayış məntəqələrimiz azadlığa, Azərbaycana qovuşur. 

Zəfərlərimizlə bağlı “Sherg.az”a danışan şair, Əməkdar mədəniyyət işçisi Qəşəm Nəcəfzadə də son dərəcə şanlı, şərəfli günlərə şahidlik etdiyimizi söyləyib:

“Çox şükür ki, mən də bu günləri gördüm. İndi Azərbaycanın, türkün qanında, təfəkküründə olan o güc meydana çıxdı. Türk  türklüyünü sübut elədi. Göstərdik ki, torpaqlarımızı azad edəcək güc ruhumuzda var. Həm də Prezident və xalqın birliyinin,  millətin, dövlətin ətrafında birləşməyinin əyani sübutu uğurlarımızdır. İnanın, hər dəfə  torpaqlarımız işğaldan azad olunanda kövrəlirəm.

Onu deyim ki, insanın təkcə orqanları nasaz olanda xəstələnmir. Gərək onun mənəvi dünyasında da hər şey yerində olsun. Əgər mənim mənəviyyatımda Şuşa, Zəngilan yoxdursa, deməli, ürəyim xəstədir.

Zəngəzur, Göyçə, Dərbənd, Cənubi Azərbaycan yoxdursa, hökmən mənim mənəviyyatımda nə isə var. Onlar birləşən zaman mən güclü oluram. Mən deyəndə xalqımızı nəzərdə tuturam. Hər biri bizim mənəvi üzvlərimizdir. Onlar bütün olanda biz də güclüyük. Şəhidlərimiz isə torpağa basdırılmış ehtiyat qüvvələrimizdir, fəxrimizdir. Cənab Prezidentin də dediyi kimi, Qarabağ təkcə ərazi deyil, qürur məsələsidir”.

Q.Nəcəfzadə müharibənin bir əxlaq dərsi olduğunu xüsusi vurğulayıb: “Həm də Azərbaycan xalqının xilasıdır. Təkcə bizim, Azərbaycan xalqının yox, Qafqazın xilasıdır. Həmçinin qoşunlarımız Qafqazın ən ehtiyatlı, sülhü, əmin-amanlığı müdafiə edən ordusudur. Onu da qeyd edim ki, iqtisadiyyatımız, altlı-üstlü sərvətlərimiz, folklorumuz, gücümüz hamısı birləşdi.

Vətən birləşdi! Bir can, Azərbaycan olduq. Çox qürurluyam, sevinirəm. Bəzən adamlar mənə deyirlər ki, sevincli görünürsən. Düzdür, qaşlarımız şəhidlərimizlə çatılır. Amma onlar bizə qürur gətirirlər.

Nə deyim? Axır ki, Azərbaycan boynuna düşmüş ağır yükü atdı. Gələcək nəsillərə qoymadı. Onu 2020-ci ildə həll elədi. Bundan sonra da yaxşı olacaq. Biz azad olunmuş torpaqları abadlaşdıracağıq, tikəcəyik, quracağıq. Oralar cənnətə çevriləcək.

Cənab Prezident bütün iş adamlarını Qarabağa  yönəldəcək. Onun qazı, işığı, yolu, asfaltı, suyu hamısı gözəl olacaq. Dünya şirkətləri Kəlbəcərdə, Zəngilanda olan qızıl, filiz yataqlarına yatırımlar edəcək. Bizim ölkəmizə qeyri-neft sektoru kimi böyük inkişaf gətirəcək”.