ABŞ-ın taleyi həll olunur - Baydenin qələbə şansı daha çoxdur

İlkin nəticələrə görə demokratların namizədi Trampdan iki dəfə çox səs toplayıb

ABŞ-da prezident seçkilərindən sonra gərgin gözlənti və qeyri-müəyyənlik hökm sürür. Səslərin sayılması bir sıra əsas ştatlarda hələ də davam edir. Namizədlərdən hansının, yəni respublikaçı Donald Trampın, yaxud demokrat Cozef Baydenin qalib olmaq üçün 270 seçici səsini toplayacağı bəlli deyil. Hələ ki, Bayden 248, Tramp isə 214 səs toplayıb. Trampın seçki qərargahı Viskonsinin bəzi yerlərində səslərin sayılmasında qanun pozuntuları aşkar olunduğunu iddia edərək yenidən sayma tələb edib. Qərargah Miçiqanda fərqli bir əsasla məhkəməyə müraciət edib. Qərargah qutuların açılmasından sonra səslərin hesablanmasına nəzarət edilməsinə icazənin verilmədiyini açıqlayıb. Trampın komandası üçün ən kritik ştatlardan biri Pensilvaniyadır. Komanda şəffaflıq təmin edilənədək səslərin sayılmasının dayandırılmasını tələb edib. Tramp burada təxminən 2.5 pillə irəlidədir. Lakin poçt səsləri və Demokratların güclü olduğu bölgələrdə səslər sistemə daxil edildikcə fərq daha da azalır. Corciya ştatında da qanunsuzluq iddiaları var. Ştatın bəzi dairələrində qutulara topa bülletenlərin atıldığı bildirilib. Seçkiləri 39 ölkədən 102 müşahidəçi olmaqla, beynəlxalq seçki müşahidə missiyası izləyib. 

“Elektron yolla səs verilmiş və hələ sayılmamış milyonlarla səs var”

Donald Tramp nəticəsi hələ bəlli olmayan seçkilərlə bağlı sensasiyalı açıqlamalarla çıxış edib. O bildirib ki, saxtakarlıq ABŞ üçün çox pisdir: “Demokratlar Penselvaniyada 500 min səsimizi ortadan qaldırmağa çalışırlar. Miçiqan və digər ştatlarda da bunu etməyə çalışırlar. Penselvaniyada böyük bir zəfər qazanmışıq. Amma indi də bəyan edirlər ki, elektron yolla səs verilmiş və hələ sayılmamış milyonlarla səs var. Çox maraqlıdır ki, dünən Demokratların idarəçiliyində olan bir çox ştatda öndəydim. Sonra elektron yolla səslər sayıldıqca vəziyyət dəyişməyə başladı. Necə olur ki, elektron səsvermə sayıldıqca fərq belə kəskin şəkildə dəyişməyə başlayır?”. 

Etiraz aksiyaları başladı...

Prezident seçkilərinin rəsmi nəticələri açıqlanmamış Nyu-Yorkda etiraz aksiyaları başlayıb. Bununla bağlı videolar sosial şəbəkədə yayılıb. Videolardan etirazçıların yolları bağladığı, zibil qutularına od vurduğu görünür. Nümayişçilər səslərin hamısının hesablanmasını tələb edirlər. Məlumatlara görə, oxşar aksiyalar Manhettendə, Miçiqanda və Vaşinqtondakı Ağ Evin qarşısında keçirilir. 

Bayden qalibiyyətə yaxın olduğunu açıqlayıb

Demokratlar Partiyasından namizəd Cozef Bayden qalibiyyətə yaxın olduğunu açıqlayıb və ölkəni milli birliyə çağırıb: “Uzun bir gecə davam edən səssaymadan sonra bəlli oldu ki, qalibiyyət üçün lazım olan 270 səsi toplamaq üçün kifayət qədər ştatda seçkiləri qazanmışıq. Bura qazandığımızı elan etmək üçün gəlməmişəm, amma səssayma bitdikdən sonra qalib gələcəyimizə inandığımızı bildirmək üçün buradayam”. 


“Seçki bülletenlərinin sayılmasını məhdudlaşdırmaq cəhdlərindən narahatıq”

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyası seçkilərin rəqabətli və yaxşı idarə olunduğu qənaətindədir. Ancaq qurumun bəyanatında vurğulanıb ki, seçki kampaniyası daha geniş siyasi debatları tez-tez ört-basdır edən və sistemli saxtakarlığa dair əsassız iddiaları özündə birləşdirən dərin kök salmış siyasi qütbləşmə ilə xarakterizə olunur: “Heç kim xalqın səsvermə hüququnu məhdudlaşdırmamalıdır. Bu qədər dinamik bir kampaniyadan sonra, hər bir səsin sayılmasını təmin etmək hakimiyyətin bütün qolları üçün təməl borcudur. Xüsusilə hazırkı prezident tərəfindən seçki gecəsi də daxil olmaqla sistemli çatışmazlıqlar barədə əsassız iddialar, xalqın demokratik qurumlara olan inamını zədələyir”.

“Ön plana Amerikanın dövlət maraqları çıxır”



Nəticəsi rəsmən açıqlanmayan seçkilərlə bağlı “Şərq”ə danışan politoloq İlqar Vəlizadə bildirib ki, şans Demokratların namizədi Co Baydenin tərəfindədir. Ekspertin sözlərinə görə, ilkin nəticələrə əsasən, Bayden Donald Trampdan 2 dəfə çox səs toplayıb:

“Amerika seçki təcrübəsində iki faiz səs üstünlüyünə sahib namizəd qələbəyə daha yaxındır. Əvvəlki seçkilərdə rəqib namizədlər arasında, 0.5, ən çox 1 faizlik fərq olurdu. İndiki fərq iki faizdən artıqdır. Bu o deməkdir ki, Trampın etirazlarından sonra hesablama qurumu səsləri yenidən saysa və xeyli hissəsi Trampın lehinə olsa belə yenə də Bayden seçkinin qalibi olacaq. Hələlik bir neçə ştatda səslərin sayı davam edir. Lakin kim iddia edə bilər ki, sayılmayan səslərin çoxu Trampın hesabına yazılacaq?! Bəlkə yerdə qalan səslər Baydenin səs faizini bir qədər də artıracaq. Hər halda Demokratların namizədinin qələbə şansı daha çoxdur”. 
İ.Vəlizadə vurğulayıb ki, Amerikada kimin prezident kürsüsündə əyləşməsindən asılı olmayaraq, Ağ Ev rəhbərləri daha mövcud reallıqdan çıxış edirlər:

“Namizədlərin seçkiqabağı açıqlamaları heç də həqiqəti əks etdirmir. Seçki kampaniyasında populist çıxışlar çox olur. Təcrübə göstərir ki, Amerika prezidentliyinə namizədlərin hamısı seçki kampaniyası zamanı “ermənipərəst” olurlar. Çünki namizədlər üçün ABŞ-dakı erməni lobbisinin gücü və imkanları vacib rol oynayır. Ancaq hakimiyyətə gələndən sonra vəziyyət və yanaşma dəyişir. Ön plana Amerikanın dövlət maraqları çıxır”.