Heydər Əliyevdən sonra ermənilər Qarabağı özəlləşdirməyə çalışdı

Həvva Məmmədova: "Ermənilər çalışırdı ki, azərbaycanlıların sayını az göstərməklə öz saylarını 120 minə çatdırsınlar"


Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev İtaliyanın “La Republica” qəzetinə müsahibəsində tarixi həqiqətləri bir daha dünyaya çatdırdı. Müxbirin “98 faiz ermənilərin məskunlaşdığı ərazidə mümkün qələbəni qazanmağın Sizin üçün hansı çətinliyi olacaq” təxribatçı sualı qarşısında cənab Prezident əsl gerçəkliyi ortaya qoydu, ermənilərin iftira və  uydurmalarını kökündən baltaladı:   

-Bu ərazidə bəlkə də indi daha çox erməni məskunlaşıb, çünki bütün azərbaycanlılar didərgin salınıblar. Onlar azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirdilər. Bu, statistikadır, bizim deyil, sovet dövrünün statistikasıdır. 1970-ci illərin sonunda Dağlıq Qarabağ muxtar vilayətində müxtəlif millətlərdən olan neçə nəfər yaşayırdı? Əhalinin demək olar ki, 25 faizi azərbaycanlılar idi, 40 min nəfər. Şuşada 98 faiz azərbaycanlılar məskunlaşmışdılar. Bu gün orada bir nəfər azərbaycanlı belə yoxdur. Xankəndində çox sayda azərbaycanlı var idi. Hadrut rayonunda, digər rayonlarda, soyqırım törətdikləri Xocalıda 100 faiz azərbaycanlılar idi.

Beləliklə, onların hamısı etnik təmizləməyə məruz qalıb, qətlə yetirilib, işgəncəyə məruz qalıb və didərgin salınıblar. Təəssüflər olsun ki, heç kim Ermənistanı bunda günahlandırmayıb. Bu, birincisi. İkincisi, 200 il bundan əvvəl orada, ümumiyyətlə, erməni yox idi. Çünki mən Qarabağ xanının Rus imperiyası ilə imzaladığı müqavilələrə dəfələrlə istinad etmişəm.

Həmin müqavilədə – 1805-ci il Kürəkçay müqaviləsində etnik ermənilər barədə heç nə deyilmir. Etnik ermənilər bu regiona onun dini və etnik tərkibini dəyişdirmək məqsədilə Şərqi Anadoludan və İrandan çar Rusiyası tərəfindən gətirilmişdilər”. 

İtalyan müxbirin “…Paşinyan dedi ki, Dağlıq Qarabağda yeni soyqırımın olmasından qorxur” ifadəsi qarşılığında isə cənab Prezident “Tamamilə yalandır. Onların bütün tarixi yalandır. Bunun heç bir əlaməti yoxdur. Mən dedim ki, Azərbaycanda minlərlə erməni yaşayır. Ermənistanda və ya Dağlıq Qarabağda yaşayan heç bir azərbaycanlı yoxdur. Ermənistan əhalisinin 99 faizi etnik ermənilərdir. Regionumuzda bir millətin belə üstünlük təşkil etdiyi başqa bir ölkə tapa bilərsinizmi? Bu, monorespublikadır. Nəyə görə? Çünki onlar ya hər kəsi qovublar, ya da başqa millətlər orada yaşaya bilmir. Azərbaycan multietnik, çoxkonfesiyalı ölkədir. Buna görə dırnaqarası soyqırım haqqında danışmaq tamamilə qəbuledilməzdir və bu, onların təqdim etmək istədiyi daha bir feykdir, necə ki, onlar bunu həmişə edirlər”. 

Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, sabiq millət vəkili Həvva Məmmədova “Şərq”ə açıqlamasında hər bir azərbaycanlı  kimi Prezidentin çıxışlarını, verdiyi müsahibələri diqqətlə izlədiyini dedi: 

- Cənab Prezident ermənilərin bütün yalanlarını,  uydurmalarını tarixi faktlarla darmadağın edir. Biz ermənilərin yalanlarına, uydurmalarına hələ çox rast gələcəyik. Amma bu gün ermənilərə havadarlıq edənlər zaman gələcək onlara artıq inanmayacaqlar, çünki həqiqətləri dərk edəcəklər. Sizə deməliyəm ki, Dağlıq Qarabağın ən gözəl dövrü 1969-82-ci illər olub. Məhz ümummilli lider Heydər Əliyev siyasi rəhbərlikdə olduğu illərdə. Heydər Əliyev Dövlət Təhlükəsizlik Komitəsinin sədri işlədiyi zamanlarda da ermənilərin məkrli planlarından xəbərdar olub və erməni fitnələrinin önünü kəsib. Çünki ermənilərin xislətinə bələd idi.

Sizə bir faciəli əhvalatı xatırladım. 1967-ci ildə 3 azərbaycanlını, hansı ki, dinc sakinlər idilər, ermənilər yandırdı. Ermənilər bir erməni uşağını öldürüb Ərşad Məmmədovun direktor işlədiyi məktəbin həyətinə atmışdılar, guya ki, bu uşağı azərbaycanlılar qətlə yetirib. O zaman Ərşad Məmmədov və onunla birlikdə 2  əmisi oğluna qarşı məhkəmə quruldu. Məhkəməni qapalı keçirdilər. Təqsirləndirilənlər məhkəmə salonundan çıxarılıb maşınla aparılanda ermənilər maşını yandırmışdı. 3 nəfər də maşında diri-diri yanmışdılar. O zaman Heydər Əliyev böyük cəsarət göstərib o insanların dəfnində iştirak etdi və orada çox təsirli  nitq söylədi.

Dedi ki, qatillər elə bilməsinlər ki, onları həbs edə bilməyəcəyik, onlar əməllərinin cəzasını mütləq alacaqlar. Sonra onların hamısı həbs edildi. Bu, Heydər Əliyevin peşəkarlığı və qətiyyəti sayəsində mümkün oldu.  H.Əliyev hadisələri öncədən görürdü. Xankəndində ozamankı Pedaqoji İnstitutun filialını yaratdı, bir neçə müddət sonra isə filiala müstəqillik verildi, Xankəndi Pedaqoji İnstitutu kimi fəaliyyət göstərdi. Tibb Universitetinin filialı açıldı.

Mərhum akademik Zəhra Quliyeva bunu mənə özü söyləyib, deməsəm, haqqına girmiş olaram. Zəhra xanım mənə danışıb ki, rəhmətlik Heydər Əliyev ən təcrübəli kadrları, güclü mütəxəssisləri Xankəndinə göndərməyi ona tapşırıbmış. Amma sonra nə baş verdi? Heydər Əliyev əvvəlcə Moskvaya yüksək vəzifəyə dəvət edildi, sonra siyasi hakimiyyətdən uzaqlaşdırıldı, ermənilər də baş qaldırdılar.

Azərbaycanlı kadrları sıxışdırmağa başladılar. 1982-ci ildən 1988-ci ilədək – 6 il ərzində Dağlıq Qarabağın Azərbaycanla əlaqələri getdikcə zəiflədi və kəsildi, əksinə, bütün yerüstü və yeraltı sərvətlər Ermənistana daşınmağa başladı. Bu, çox ağır dövr idi. Biz Novruz bayramında tonqal yandırıb ətrafına yığıla bilmirdik. Qoymurdular. Mən Kərkicahanda 6 saylı məktəbdə müəllim işləyirdim, savadlı şagirdlərimiz vardı, amma ali məktəbə daxil ola bilmirdilər. Çünki təhsillə bağlı bütün güzəştlər erməni uşaqlarına verilirdi.

Mən bu məsələni dəfələrlə Azərbaycanın ozamankı siyasi rəhbərliyi qarşısında qaldırmışdım. Nəticə isə yox idi. Siyahıya alınmaya gəlincə, 1989-cu ildə bu, baş verdi. Məni də prosesə cəlb etmişdilər.

Görürdüm ki, Azərbaycan ailələrinin sayını bilərəkdən əskik yazırlar. Ailədə tutalım, 10 nəfər varsa, 6 yazırlar. Bununla erməni əhalisinin sayını süni şəkildə artırmağa cəhd edirdilər. Mən bunu bildirəndə, məni uzaqlaşdırdılar, erməni qarışığı olan adamları siyahıyaalmaya cəlb etdilər.

O illərdə Şuşanın 98 faizi azərbaycanlılar idi. Xankəndi, ətraf şəhər, qəsəbə və kəndlərdə - Xocalı, Kərkicahan, Kosalar, Nəbilər, Meşəli… hamısında azərbaycanlılar böyük sıxlıqda, say etibarilə böyük üstünlükdə idilər. Kərkicahan Xankəndinin 26-cı məhəlləsi idi. Təkcə Kərkicahanda 50-60 min azərbaycanlı yaşayırdı. Amma ermənilər çalışırdı ki, azərbaycanlıların sayını az göstərməklə öz saylarını 120 minə çatdırsınlar. O zaman da biz şəhərdə başqa dildə danışan adamların peyda olduğunu görürdük.

Sonra məlum olurdu ki, bunlar Livandan, Suriyadan gətirilmiş ailələrdir. Onlar heç erməni dilini bilmirdilər. Azərbaycanlıların böyük üstünlük təşkil etdiyi şəhər və qəsəbələr 1988-1990-cı illər ərzində o zaman Dağlıq Qarabağda yaradılmış xüsusi rejimin rəhbəri Arkadiy Volskinin vaxtında boşaldıldı.  Yəni, bu ermənilərin Qarabağı özününküləşdirmək siyasətinin bir parçası idi və günahsız insanların qətlləri, evlərindən, yurdlarından qovulmaları ilə müşayiət olunurdu.

Bu faktlar ortaya qoyulmalı və ermənilərn hansı məkrli, insan tələfatlarına, ərazilərin qəsb edilməsinə gətirib çıxaran planlar həyata keçirdikləri məlum olmalıdır və onlar cəzalarını almalıdırlar. İndi sizinlə danışıram, şagirdim Fərhad Atakişiyev gözümün önündədi.

Fərhad Kərkicahanda döyüşmüşdü. Ermənilər onu əsir götürüb, bədən üzvlərini bir-bir kəsib, doğrayıb, onu “Qarabağ Ermənistandır” söyləməyə məcbur etmək istəyiblər. Amma o, son damla qanınadək “Qarabağ Azərbaycandır” deyib. Bunu bizə əsrlikdən azad olunanlar danışdı. Fərhad kimi oğullar çoxdur. Biri öləcək, mini doğulacaq. Qarabağ həmişə Azərbaycan olacaq.