Deputat: "...Ermənistan siyasi xəritədən silinəcək” 

“Çünki hazırda bu ölkədə siyasi-iqtiasdi, mənəvi-ideoloji, sosial və hərbi-bir sözlə, bütün sahədə vəziyyət bərbad gündədir”

“Torpaqlarımızın işğaldan azad edilməsi, regionun terrorizmdən, irqçilikdən, islamofobiyadan, millətlərə qarşı nifrət kimi məsələlərdən azad olunması deməkdir”


Ağır sosial-iqtisadi böhran yaşayan Ermənistanda siyasi vəziyyət getdikcə gərginləşir. Hakimiyyətə qarşı etirazlar günbəgün şiddətlənir. Etirazçılar Qarabağdakı məğlubiyyət fonunda ölkənin sürətlə uçuruma yuvarlandığını bildirirlər. Bu səbəbdən Paşinyan hakimiyyətinin sonunun çatdığını bəyan edirlər. Düşmən ölkədə hərbi vəziyyət də olduqca kritikdir. Orduda fərarilik və xaos hökm sürür. Fərarilik edənlər arasında erməni əsgər və hərbçilərlə yanaşı, separatçı rejimin "məmurları” da var. Bu cür halların getdikcə çoxalması ermənilər arasında mənəvi durumun kifayət qədər acınacaqlı olduğunu göstərir. 


Ermənistandakı böhranlı durumla bağlı fikirlərini “Sherg.az”la bölüşən Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidovun açıqlamasına görə, terrorçu ölkə kimi tanıdığımız Ermənistan artıq son dövrünü yaşayır. Parlamentari qeyd edib ki, separatçı rejim hazırkı durumu ilə Qafqaz regionundakı ölkələrin münasibətləri, tarixi və illər boyu formalaşmış adət-ənənələrinə uyğun gəlmir:

“Qəribə səslənsə də, cənab Prezident torpaqların işğaldan azad olunması ilə yanaşı, yeni Ermənistan formalaşdırır. Bunu dərk edib, razılaşacaqlarsa, yaşamaq haqları olacaq. Yox, köhnə ab-havada olub, dəyişmək və düzəlmək gücünü özlərində tapa bilməyəcəklərsə, ümumiyyətlə siyasi xəritədən silinəcəklər.

Çünki hazırda Ermənistanda siyasi-iqtiasdi, mənəvi-ideoloji, sosial və hərbi-bir sözlə, bütün sahədə vəziyyət bərbad gündədir. Torpaqlarımızın işğaldan azad edilməsi, regionun terrorizmdən, irqçilikdən, islamofobiyadan, millətlərə qarşı nifrət kimi məsələlərdən azad olunması deməkdir.

Qarabağ məsələsi həll olunandan sonra, bu mənfi proseslər regionda mövcud olmayacaq. Bundan sonra yalnız əməkdaşlıq, qarşılıqlı əlaqələr və hörmət, milli maraqların nəzərə alınması əsas tendesiyaya çevriləcək”.

S.Seyidovun qənaətincə, dünya istər-istəməz qütbləşir:

“Yenə də iki istiqamətdə qütbləşmə prosesini görürük. Bir tərəfdə müstəqil və milli maraqlarını başqa maraqlardan üstün tutan dövlətlər mövcuddur. Digər tərəfdən isə müstəqilliklərini və milli maraqlarını güdməyən, kiminsə əlində alətlərə çevrilmiş dövlət görürük.

Ermənistan milli maraqlarını güdə bilsə, yaşamaq haqqı ola bilər.

Bu gün düşmənin siyasi xəritədən silinməsi gündəmdədir. Ermənistan bunu istəmirsə, terrorçuları Qarabağdan tam çəksin. Papaqlarını qabaqlarına qoyub düşünsünlər”.