Keçmiş MTN zabiti: “Müharibənin həlledici günləridir” - Qələbə çox yaxındadır !

“Dediyim kimi, Laçın-Şuşa-Xankəndi xətti ordumuzun nəzarətinə keçdikdən sonra düşmənin döyüş əzmi sınacaq”

“Beləliklə, məsələ danışıqlar masasına keçəcək və biz öz şərtlərimizi diktə edəcəyik”


Milli Məclisin sədri Sahibə Qafarova Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağ savaşının həlledici mərhələyə daxil olduğunu deyib. Sədr bildirib ki, bu gün işğaldan azad edilmiş ərazilərdə Azərbaycan bayrağı dalğalanır: 


"Son illərdə həyata keçirilən ordu quruculuğu hərb meydanında özünü göstərir. Düşmənin keçilməz hesab edilən müdafiə xətti yarılıb. İşğalçı qüvvələrə ağır zərbələr endirilir". O, erməni şovinistlərinin öz havadarları ilə birlikdə bir əsrdən çoxdur ki, xalqımıza qarşı apardığı informasiya müharibəsində də sarsıdıcı zərbələr aldığını söyləyib: "Azərbaycanın haqq işi uğrunda mübarizə apardığını söyləyən möhtərəm prezidentimiz hər kəsə nümunə göstərir. Prezident İlham Əliyevin xarici mediaya verdiyi müsahibələr informasiya savaşında ermənilərə ən böyük zərbədir. Əminəm ki, Azərbaycan Ordusunun zəfər yürüşünün başa çatacağı gün uzaqda deyil. Tezliklə Azərbaycan bayrağı Qarabağın incisi olan Şuşada, Laçında, Xankəndidə dalğalanacaq. Prezidentin də dediyi kimi, biz haqq mübarizəsindəyik və zəfər çalacağıq. Qarabağ Azərbaycandır".

 Deməli, prezidentimizin təbirincə desək, düşməni iti qovan kimi qovuruq.

Mövcud durumu “Sherg.az”a şərh edən keçmiş MTN zabiti Sülhəddin Əkbərin fikrincə, tam qələbə çox yaxındadır: 

“Əslində bu, yeni xəbər deyil. Bir neçə gün əvvəl demişdim ki, əsas məsələ Laçın dəhlizinin və Laçın-Şuşa-Xankəndi xəttinin nəzarətə götürülməsidir. Bu, düşmənin döyüş əzminə növbəti sarsıdıcı zərbə olacaq.

Separatçılar kənardan nə qədər dəstək alsalar da, daha dözə bilməyəcəklər. Çünki Ermanistanla əlaqələri kəsilib, ordumuz strateji məntəqələri ələ keçirib.

Odur ki, işğalçı ağ bayraq qaldırmağa məcbur qalacaq. Biz indi müharibənin həlledici günlərini yaşayırıq. Bilirəm ki, bir neçə günə daha ciddi xəbərlərə sevinəcəyik. Hər halda cəbhədən yaxşı məlumatlar alıram.

Dediyim kimi, Laçın-Şuşa-Xankəndi xətti ordumuzun nəzarətinə keçdikdən sonra düşmənin döyüş əzmi sınacaq.

Beləliklə, məsələ danışıqlar masasına keçəcək və biz öz şərtlərimizi diktə edəcəyik”.