Düşmən ordusundakı muzdlular məhv edilir: “...Pul qazanmağa gəlmişdik”

“Onlar gördü ki, Azərbaycan ordusu ən müasir texnika ilə silahlanıblar”

“Videomateriallar da onu göstərir ki, ordumuz sərrast və dağıdıcı zərbələr endirir”

 “Bütün bunlar Azərbaycanın hərbi cəhətdən peşəkarlığını təsdiqləyən faktlardır”


Ermənistan silahlı qüvvələrinin tərkibində döyüşən PKK terrorçularının növbəti qrupu məhv edilib. Düşmənin Kəlbəcər istiqamətində yerləşdirdiyi PKK terrorçuları müxtəlif istiqamətlərdə irəliləməyə çalışaraq terror-təxribat aktları törətməyə cəhd ediblər. Daxil olmuş əməliyyat məlumatları əsasında, onların "Sərsəng" SES istiqamətində terror aktı törətmək niyyətlərinin olduğu aşkarlanıb. Nəticədə, peyk və PUA çəkilişləri əsasında terrorçuların müvəqqəti cəmləşdiyi ərazi müəyyən edilib və çoxlu sayda heyəti darmadağın edilib.

Bundan başqa Ermənistandan Qarabağ bölgəsinə göndərilən muzdlulardan ibarət “Ayrenik” (“Vətən”) silahlı dəstəsi də Azərbaycan ordusu tərəfindən məhv edilib. Məlumatı Ermənistanın Vətən Partiyası yayıb. Bildirilib ki, döyüş nəticəsində onların bir çoxu yaralanıb, ölənlər də var.



Baş verənləri “Sherg.az”a şərh edən ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, Ermənistan ordusunda muzdlu döyüşçülərin olmasına dair məlumat Azərbaycanın əks-hücum əməliyyatlarına başalamaz öncə də var idi.

Onun sözlərinə görə, Dağlıq Qarabağda həm muzdlu əsgərlərin, həm terror qruplarının yerləşdirilməsi üçün düşərgələr yaradılıb:

“Həmin düşərgələrdə qanunsuz hərbi birləşmələr təlimlər keçirirdilər. Əslində burada təəccüblü bir məqam yoxdur. Çünki Ermənistan əhalisi Azərbaycan torpağında nə döyüşmək, nə də hərbi xidmət etmək istəyir. Buna dair əsgər anaları və digər vətəndaşların etirazları ortadadır.

Onlar övladlarını Azərbaycan torpağına göndərmək istəmirlər. Ermənistan siyasi rəhbərliyi bilirdi ki, Azərbaycan Ordusu gec-tez torpaqlarını azad edəcək. Ordumuz artıq 1990-cı illərdəki kimi deyil. Azərbaycan Ordusu müasir texniki imkanları olan silahlarla təmin olunub”.

Ş.Ramaldanov vurğulayıb ki, Ermənistan döyüşlərə muzdlu və PKK-çıları cəlb etdiklərini gizlətmir:

“Bütün bunlar beynəlxalq hüquq normalarına ziddir. Çünki milliyyətindən asılı olmayaraq, başqa dövlətin vətəndaşı digər dövlətin ordusunda iştirak edirsə, muzdlu sayılır.

Məsələn, biz Suriyadakı İŞİD qruplaşmasında olan azərbaycanlıları cinayət məsuliyyətinə cəlb edirdik. Döyüşlərdə muzdlulardan o dövlət istifadə edir ki, öz dayanıqlılığına şübhə ilə yanaşır. Paşinyanın başçılıq etdiyi hərbi-siyasi rəhbərliyin durumu barədə yaxşı xəbərdarıq”.

Polkovnikin fikrincə, artıq Ermənistan ordusundakı muzdlular da məhv edilir:

“Muzdlular ölməyə yox, pul qazanmağa gəldiklərini deyirdilər. Artıq gördülər ki, Azərbaycan Prezidentinin rəhbərlik etdiyi ordu ən müasir texnika ilə silahlanıblar. Videomateriallar da onu göstərir ki, ordumuz sərrast və dağıdıcı zərbələr endirir. Bütün bunlar Azərbaycanın hərbi cəhətdən peşəkarlığını təsdiqləyən faktlardır.

Ermənistan muzdlu və PKK-çılardan istifadə etsə də, hərbi qüvvələrimiz bizi daim sevindirəcək”.