Qeyri-effektiv idarəetməyə son qoyuldu

Bundan sonra İnvestisiya Holdinqinin marağı olacaq ki, həmin dövlət şirkətləri gəlirlə və mənfəətlə işləsinlər

Prezident İlham Əliyev “Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında” fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı təsdiq edilib.

İqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycan İnvestisiya Holdinqinin yaranmasının əsas səbəbi dövlət şirkətlərinin qeyri-effektiv idarəetməsinə son qoyulmasıdır. O bildirib ki,  burada əsas məqsəd dövlət şirkətlərində şəffaflığın artırılması və rentabelli, yəni gəlirli işləməsinin təmin olunmasıdır:

"Çox təəssüf ki, uzun illərdir ki, dövlət şirkətləri büdcədən datasiya alırdılar. Həm də öz sahələrində təbii inhisarçıların olmasına baxmayaraq ziyanla çalışırdılar. Yəni ki, effektivlik çox aşağı idi. Bunun nəticəsində də İnvestisiya Holdinqinin yaradılması ilə bağlı qərar verildi".

Ekspert qeyd edib ki, bu fərmandan sonra İnvestisiya Fondunun rəhbərliyi həmin dövlət şirkətlərində birbaşa nəzarətin həyata keçirilməsi, onların gəlirlərinin artırılmasında mühüm rol oynaya bilər:

"Qərarın bir hissəsində İnvestisiya Fondunun gəlirlərinin formalaşması, həmin dövlət şirkətlərinin rentabelli çalışmasına birbaşa bağlantısı qurulub. Yəni dövlət şirkətləri qazandıqları mənfəətin iyirmi faizini holdinqə keçirəcəklər.

Təbii ki, burada İnvestisiya Holdinqinin marağı da olacaq ki, həmin dövlət şirkətləri gəlirlə və mənfəətlə işləsinlər. Çünki mənfəətlə işləməsələr holdinqin özünün gəlirlərinin olması  mümkünsüzdür.

Ona görə ki, bura büdcədən vəsaitlərin ayrılması nəzərdə tutulmayıb. Yeganə vəsaitlərin daxil olma xətti məhz mənfəətdən iyirmi faizin holdinqə ayrılmasıdır".