Daha zarafatın vaxtı deyil

Koronavirusdan dəhşətli mənzərə ortaya çıxacaq

Xəstəxanalarda infeksiyadan müalicə olunan xeyli ailələr var

“Koronavirusun ölkəmizdə yeni yayılmağa başladığı aylarda yoluxmaya məruz qalan müəyyən ailədən bir nəfər gəlib xəstəxana şəraitində müalicə olunandan sonra sağalaraq evə qayıdırdı. Həm də o vaxt yoluxanların xeyli bir qismi bu xəstəliyi nisbətən yüngül keçirirdi və bu, əhali arasında bir qədər arxayınçılığın yaranmasına səbəb oldu”. 

Bunu həkim-pulmonoloq Nərminə Rəfiyeva deyib. Onun sözlərinə görə, indi infeksiyaya yoluxan bütöv ailələr var: "Hazırda xəstəxanada müalicə olunan baba, nənə, oğul, gəlin və nəvə, yaxud ata-ana və övladlarından ibarət bütöv ailələr müalicə alırlar. Onlar ya ailəvi şəkildə müəyyən tədbirlərdə iştirak edərək xəstələnir və ya da ki, ailə üzvlərindən kimsə gedib həmin tədbirlərdə yoluxaraq gəlib ailənin digər üzvlərini də yoluxdururlar. Bir də onda görürlər ki, artıq hərarət yüksəlir, boğazda ağrı, bədəndə tərləmə başlayır, nəfəs darlığı yaranır, mədə-bağırsaq sistemində pozulmalar əmələ gəlir, belə olanda artıq onun özünü və ətrafdakıları qoruması çox gec olur”.

Həkim əhalini indiki kritik şəraitdə ehtiyatla davranmağa, hər addımda pandemiya dövrünün qaydalarına ən ciddi şəkildə əməl etməyə çağırıb:

“Unutmaq lazım deyil ki, bu dəhşətli bəşəri bəladan qoruyan yeganə bir qüvvə varsa, o da hər kəsin özü və onun sosial məsuliyyət hissidir. Bir anlıq düşünün ki, əgər hər kəs bu virusa eyni anda yoluxsa nə baş verər? Təbii ki, dəhşətli mənzərə ortaya çıxacağı şübhə doğurmur. Həm də ölüm sayında kəskin artımların olacağı qaçılmazdır. Hətta deyə bilərəm ki, həkim, çarpayı, xəstəxana qıtlığı yaşanacaq. Hamı yaxşı bilir ki, heç bir ölkənin səhiyyə sistemi eyni anda xəstələnənləri müalicə etməyə qadir deyil. Hətta xaricdən həkimlər gəlsə belə, hər kəsi müalicə etmək mümkün olmayacaq. Ona görə də, sadə qaydalara riayət etməklə birinci növbədə sağlamlığımızın, ikinci növbədə dövlətimizin qeydinə qalaq”.