Tibb işçisi də qaydanı pozdu

Hər bir məsuliyyətsiz davranma, nəinki öz həyatını, ətrafdakılarını da təhlükəyə atmaq deməkdir

Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım stansiyasında böyük tibb qardaşı işləyən Bəhramxan Balazadə epidemiya və karantin rejimi qaydalarını pozaraq, xüsusi mühafizə olunan Quba RMX-da koronavirus pandemiyasından stasionar müalicə alan qohumunun yeniyetmə övladları ilə görüşməyini təşkil edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan "Şərq"ə verilən məlumata görə, yeniyetmələri xüsusi geyim forması olan skafandr, tibbi maska və tibbi eynəklə təmin edən və təyin olunmuş xüsusi karantin qaydalarını kobud şəkildə pozan tibb işçisinin törətdiyi qanunazidd hərəkətinin qarşısı dərhal Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən alınıb və o, saxlanılaraq polis şöbəsinə gətirilib.

İlkin dindirilmə zamanı B.Balazadə törətdiyi əməlini səmimi etiraf edərək, peşman olduğunu bildirib. Hazırda faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.

Həkim Murad Məmmədli "Şərq"ə açıqlamasında bildirib ki, tibb işçisinin bu cür addım atması yolverilməzdir. Onun sözlərinə görə, hər bir məsuliyyətsiz davranma, hər bir qayda pozuntusu virusa yoluxmaq və nəinki öz həyatını, ətrafdakılarını da təhlükəyə atmaq deməkdir:

"Vəziyyət getdikcə çətinləşməkdədir. Dünyanın ən inkişaf etmiş ölkələri belə öz vətəndaşlarını qoruya bilmirlər. Vəziyyət o qədər çətinləşib ki, tibbin inkişaf etdiyi ölkələr virusa yoluxmuş xəstələr arasında seçim aparmaq məcburiyyətində qalırlar. Hər kəs bilməlidir ki, karantin qaydalarına ciddi əməl olunmadığı halda, virusa yoluxanların sayının artması qaçılmazdır.

Unutmaq olmaz ki, məsuliyyətli davranış və vətəndaş intizamı koronavirusa qarşı uğurlu mübarizənin açarıdır".