İlham Əliyev BMT-də məsələ qaldırdı

Asim Mollazadə: “Azərbaycan bu təşəbbüslə dünyanın rəğbətini qazandı”

“BMT-nin Baş Assambleyası Azərbaycan Prezidenti cənab İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi təşəbbüs göstərdiyi COVID-19 ilə əlaqədar BMT Baş Assambleyasının 31-ci Xüsusi Sessiyasının keçirilməsi qaydası haqqında qərar qəbul edib”.
Bu barədə BMT Baş Assambleyasının Azərbaycan Nümayəndəliyinin rəsmi tvitter səhifəsində qeyd edilib.

BMT Baş Assambleyasının Prezidenti Volkan Bozkır isə "Twitter" hesabında qeyd edib ki, COVID-19 üzrə Xüsusi Sessiyasının detalları barədə qərar üzv ölkələrin böyük dəstəyi ilə bu gün Baş Assambleyada qəbul edilib: “COVID-19-un dövlət, hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası 3-4 dekabr 2020-ci il tarixlərində sədrliyimlə keçiriləcək”.

Millət vəkili, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə bu barədə fikirlərini “Sherg.az”la bölüşüb:

“Azərbaycan sözügedən təşəbbüslə bütün dünyanın rəğbətini qazandı. Biz göstərdik ki, Qoşulmama Hərəkatına sədrlik formal xarakter daşımır. Hətta sədrliyimizlə bu təsisatı daha da canlandırdıq.

"Covid-19" pandemiyası dünyada yayıldığı ilk gündən Azərbaycan dünya ölkələrinə yardım etdi. Biz indi də bütün dünyanı əməkdaşlığa, birgə mübarizəyə çağırırıq.

Beləliklə, həm də Qoşulmama Hərəkatı üzvlərinin Aəzrbaycanın mövqeyini müdafiə etmələrinə şərait yaradılır, neqativ fikirlərin qarşısı alınır.

Deməli, dünyada əməkdaşlığa, tərəfdaşlığa yüksək dəyər verilir. Ölkəmizin xarici siyasəti də məhz bu nüanslar üzərində qurulub. Azərbaycan dünyanı birləşdirir və hər kəsin dəstəyini qazanır”.