"Pandemiya ilə mübarizədə ən effektiv üsul sosial izolyasiyadır" - Həkim Günel Əhmədli

"Bu gün danılmaz faktdır ki, pandemiya ilə mübarizədə ən effektiv üsul sosial izolyasiyadır, karantin tətbiqidir. Biz ilk əvvəldən karantin rejiminin effektini gördük, yoluxma vüsət almadı. Amma sonra insanlarımız karantinə əməl etmədilər, nəticədə virusun yayılması sürətləndi".

Bu sözləri həkim Günel Əhmədli deyib. Həkim bildirib ki, koronavirus təkcə ağciyərləri zədələmir: "Bu xəstəlik beyini, qara ciyərləri, böyrəkləri zədələyə bilir. Yəni ki, koronavirusun fəsad yaratmadığı daxili orqan yoxdur". Onun sözlərinə görə, bəzən vurğulanır ki, COVID-19-a yoluxanların 80 faizi xəstəliyi yüngül keçirirlər, virus ancaq yaşlılarda ağır keçir: "İnsanlarımız bu rəqəmi görürlər, bir az arxayınlaşırlar. Bu, əsla belə deyil. Bu gün təəssüflər olsun ki, koronavirusdan gənc yaşında vəfat edən vətəndaşlarımız var. Mən burdan hər kəsə çağırış edirəm, arxayınlaşmasınlar. Heç kəs xəstəliyi necə keçirəcəyini proqnozlaşdıra bilməz. Çıxış yolumuz karantinə əməl etmək və özümüzü qorumaqdadır".